Məhkəmə qərarları › İş №2-1(103)-1944/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1944/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1944/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X10 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X10 olmaqla) ilkin qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 574/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X10 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X3 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı2 tərəfindən ünvan 2 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşayırlar. Uşaqları mübahisələndirilən ünvan 2 ünvandan orta məktəbə getmiş və poliklinikalara da oradan qeydiyyata alınmışlar. İddiaçı3 bacısı X10 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də, həmin evə gəlməmişdir. Yəni həmin ünvana yaşayış hüququ yaranmamışdır. Bu yaxınlarda isə onlara məlum olmuşdur ki, hazırkı iddia üzrə cavabdeh X10 1993-cü ildən ünvan 2 ünvanına qeydiyyata alınmış, bununla yanaşı onlara qarşı “evdən çıxarma, evə köçürülmə, özbaşına inşa edilmiş tikililərin sökülməsi” barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı5 - azyaşlı uşaqları X13, X8, X4 ilə birlikdə, İddiaçı1, İddiaçı6 - azyaşlı qızı X5 ilə birlikdə, İddiaçı7 - azyaşlı uşaqları X6, X11 ilə birlikdə, İddiaçı8, İddiaçı4 mülkiyyətində olan ünvan 2 saylı evdən çıxarılmaları, onun həmin evə köçürülməsi, cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin işə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatında baxılmaqdadır. Həmin iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X10 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə düzgün olmayan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz Çəmənzəmənli 106 v ünvanında yaşayır. Həmçinin həmin iş üzrə ilkin iddiaçı olan X10 iddia tələbinin əsası kimi, vəkili tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2018-ci il tarixli məktubuna əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 30 noyabr 2018-ci il tarixli **********27 nömrəli məktubunda Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanının X3 mülkiyyətində olması göstərilmişdir. Bununla yanaşı həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərlə tanış olduqda məlum olmuşdur ki, qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı qərarda aydın qeyd edilmişdir ki, X7 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X7 göndərilmişdir. Belə olan halda mübahisəli ev necə X3 adına ilkin qeydiyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X3 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Qeyd olunanların nəzərə alınaraq həmin iş üzrə cavabdeh İddiaçı3 tərəfindən X7 qarşı “İstifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə onun tərəfindən “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edilmişdir. Qeyd edir ki, həmin iş üzrə qarşılıqlı İddiaçı3 tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia və qarşılıqlı ərizəsinə əlavənin məhkəmənin icraatına götürülməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin qeydiyyatın etibarsız hesab edilməsi tələbi yerli məhkəmə qarşısında deyil, inzibati məhkəmə qarşısında qaldırılmalıdır. Hazırda cavabdeh İddiaçı3 tərəfindən X7 qarşı “İlkin qeydiyyatın etibarsız hesab edilməsi və istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə üzrə iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət olunaraq “İlkin qeydiyyatın etibarsız hesab edilməsi” hissəsində tələb azaldılmışdır. Həmçinin bildirir ki, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən X2 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, X7 məxsus mülkiyyət sənədi barədə onlarda hər hansı məlumat olmadığından onun adına olan ilkin qeydiyyatın etibarsız hesab edilməsini məhkəmədən tələb etmək məcburiyyətindədirlər. Bununla yanaşı hesab edirlər ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 ilkin qeydiyyat sənədləri məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən sorğu əsasında tələb edilməli və sorğuya cavab verildikdən sonra həmin cavab əsasında iddiaçılar tərəfindən iddia ərizəsinə dəqiqləşmə verilməlidir. Beləliklə hesab edirlər ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş ilkin qeydiyyat etibarsız hesab edilməlidir. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X3 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: F.Mədətli) Həmin qərardan narazı qalan üçüncü şəxs X10 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Çəmənzəminli küçəsi ev 100B saylı fərdi yaşayış evi 1988-ci ildən onun mülkiyyətindədir. Mənzil Nərimanov rayon İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 saylı qərarı ilə onun adına rəsmiləşdilimişdir. Mənzilə 25 noyabr 1992-ci ildə texniki pasport verilmiş və 18.08.1993-cü il tarixindən onun xüsusi mülkiyyətində olmaqla mənzilə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə tək yaşadığından bacısı və onun ailəsinə icazə vermişdir ki, köçüb gəlib onunla yaşasınlar. Daha sonra aralarındakı münasibətlər pozulduğundan onlara mənzilindən çıxmalarını bildirmişdir. Etiraz etdiklərindən tərəfindən Nərimanov rayon məhkəməsinə müraciət edərək iddiaçıların mənzildən çıxarılmasına dair iddia qaldırmış, iddiaçılar hazırki tələb ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək digər məhkəmənin icraatında olan mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə baxışında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək mübahisəli mənzilə dair arxiv sənədlərinin qovluğunu məhkəməyə təqdim edərək mənzilin qanuni əsasla onun mülkiyyətinə keçdiyini və hazırda da onun mülkiyyətində olması və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı həmin şəxslərin onun mənzilinə dair heç bir subyektiv hüquqlarının olmadığını, verilən iddia tələbi tam əsassız və qanunsuz olduğunu bildirsə də nədənsə məhkəmə belə bir absurd nəticəyə gəlməklə iddiaçıların qondarma tələblərini təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında qeyd edilir: “Məhkəmə ilk öncə hazırkı iddia üzrə iddiaçıların subyektiv hüquqlarının olub-olmamasını araşdırmış və müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsində hazırkı iddiaçıların mübahisəli mənzildən çıxarılmaları, Z.Səfərovanın həmin evə köçürülməsi, həmin iş üzrə cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə mülki iş üzrə icraat dayandırılmışdır. Belə olan halda, iddiaçıların ünvan 3 ünvanda yaşaması işin mübahisələndirilməyən halını təşkil edir. Bu hal 3-cü şəxs tərəfindən də məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Beləliklə, məhkəmə iddiaçıların qeyd olunan tələblə bağlı suyektiv hüquqlarının mövcud olduğunu müəyyən etmişdir”. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan hal yəni başqa bir şəxsin mülkiyyətində olan mənzildə bir neçə illər yaşamaqları onlara həmin mənzilin mülkiyyət sənədlərinin mübahisələndirilməsinə hüquq vermir, ümumiyyətlə sözügedən mənzilə dair iddiaçılar heç bir subyektiv hüquqa malik deyillər. Nəzərə alınmalıdır ki, qanuna görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, mənzilin ilkin sahibi Q.Quliyan tərəfindən onlarla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud mənzil qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadələrinə verilməmişdir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hesab edir ki, məhkəmə qərarı iş materialları hərtərəfli araşdırılmadan, iş üzrə sübutlara düzgün qiymət verilmədən ən əsası maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apelyasiya baxışı zamanı üçüncü şəxs X10 və onun nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini məhkəmədən xahiş edirlər. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan fərdi yaşayış evinə dair iddiaçıların subyektiv hüquqlarının olub-olmaması müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və iddiaçıların subyektiv hüquqlarının olub-olmamasını araşdırmış və müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsində hazırkı iddiaçıların mübahisəli mənzildən çıxarılmaları, Z.Səfərovanın həmin evə köçürülməsi, həmin iş üzrə cavabdehlər tərəfindən mülkiyyətində olan evin ikinci, üçüncü mərtəbələrində inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi və evin əvvəlki vəziyyətdə bərpa edilməsi barədə mülki iş üzrə icraat dayandırılmışdır. Belə olan halda, iddiaçıların ünvan 3 ünvanda yaşaması işin mübahisələndirilməyən halını təşkil edir. Bu hal 3-cü şəxs tərəfindən də məhkəmə araşdırması zamanı təsdiq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar üçüncü şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsini xahiş etsələr də həmin evə dair iddiaçıların hansı hüquqlarının olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin Nərimanov rayon Məhkəməsində baxılan iş hazırkı işin nəticəsinə görə dayandırılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 30 il əvvəl qəbul etdiyi, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli qərarı əsasında verilmiş 18.08.1993-cü il tarixli qeydiyyatı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, iddiaçının, inzibati akt ona təqdim (elan) edildiyi vaxtdan 30 gün müddətində şikayət vermə müddəti var. İşin araşdırılmış hallarından müəyyən olunur ki, həmin aktın iddiaçıya təqdim və ya elan olunması barədə iş materillarında heç bir mötəbər sübut yoxdur. İddiaçı, iddia ərizəsində bildirir ki, hazırda mübahisələndirilən inzibati akt barədə Nərimanov rayon Məhkəməsində işə baxılarkən məlumatı əldə etmişdir. İddiaçı bu dəlilini bildirsə də, birinci instansiya məhkəməsi bu halı araşdırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İşə yenidən baxan birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün subyektiv hüququnun olub-olmaması, eləcə də iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ətraflı araşdırma aparmalı, iddiaçının dəlillərinə münasibət bildirərək qəbul etdiyi yekun məhkəmə aktını əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları ümumiləşdirərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra mahiyyəti üzrə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs X3 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar