Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1946/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1862/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 26 iyul 2021-ci il tarixli **********9492 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X18 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********2424 saylı qərarı ilə onun ünvan 1 ünvanda fəaliyyət göstərdiyi “Panorama House” adlı restoranında digər məsələlər ilə yanaşı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə də operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2021-ci il tarixli 000777 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda onun təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı 3 nəfər fiziki şəxs X9, X17 və X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmiş və barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000,0 manat olmaqla, ümumilikdə 6 000,0 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.Vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. operativ vergi nəzarətinin başlanması haqqında qərar, yoxlamanın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış və zəruri sənədlərin tələb edilməsi barədə tələbnamə mənə vergi nəzarətin başlandığı 8 iyun 2021-ci il tarixdə dərhal deyil, bir gün sonra, yəni 9 iyun 2021-ci il tarixdə təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş) və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akrt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarətin keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinə baxış keçirilərkən baxış protokolu tərtib edilməmiş və bu zaman foto və (və ya) video çəkilişdən istifadə edilməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazları onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başçlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. Yoxlama keçirildikdən bir gün sonra, xx.xx.2021-ci il tarixdə iddiaçı X17 ilə əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixdə isə həmin müqaviləyə xitam verilmişdir. Belə ki, tərəflər arasında əmək müqaviləsi iki aydan artıq müddətdə qüvvədə olmuşdur və müqavilənin OVN tədbirindən bir gün sonra bağlanması elə tədbir keçirilən zaman tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu sübut edir. Göründüyü kimi, əslində iddiaçı ilə OVN tədbiri zamanı aşkar edilmiş işçilər arasında əmək münasibətləri mövcud olsa da, vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.70-ci maddəsində nəzərdə tutulmuş “vergidən yayınma sxemi” tətbiq edərək, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Həmçinin işçilərin sabit qəbz əsasında fəaliyyət göstərmələri isə vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş imkanlardan sui-istifadə edərək, əslində mövcud olan əmək münasibətlərini pərdələmək və bu yolla vergidən yayınmaq niyyətini həyata keçirdiyinin göstəricisidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, OVN tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüquqlar və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1862/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı (hakim: O.Həsənov) ilə iddia qismən təmin edilmiş, İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli **********9492 saylı qərarının qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. İddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin edilmiş hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli təlim xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə fiziki şəxs X17 və xx.xx.2021-ci il tarixli təlim xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə fiziki şəxs X1 vergi müfəttişliyinin əməkdaşları tərəfindən izahat almamış, özlərinin öz fərziyyələri əsasında hər ikisi (əmək müqaviləsi olmadığına görə) barəsində maliyyə sanksiyası tətbiq edərək, vergi ödəyicisi kimi ona yönəldilmişdir. Müqavilədən göründüyü kimi hər iki şəxs bir ay müddətində təlim keçməli idi. Aparılan operativ vergi nəzarətinin yoxlanmasından bir gün sonra, X12 bağlanmış müqavilə üzrə müddəti tamamlandığı və təlimi müvəffəqiyyətlə keçdiyi üçün, onunla əmək müqaviləsi bağlanmışdır. X7 təlimi tamamladıqdan sonra “Panorama House” restoranının rəhbərliyi tərəfindən sertifikat verilmiş və digər şəbəkə restoranına işlə təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı İddiaçı tərəfindən Əliyeva Mahirədən süd məhsulu alınmasını özündə əks etdirən elektron alış aktı vergi orqanının uçot-baza məlumatlarında aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Əliyeva Mahirədən mal alındığını, ona ödəniş edildiyini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildiriş bazasından alınmış məlumata əsasən X9 əvvəllər də aşpaz vəzifəsində fəaliyyət göstərmişdir. Belə ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində aşpaz, 01,12.2018-xx.xx.2018-ci il tarixlərində isə baş aşpaz kimi X19 tərəfindən muzdlu işə cəlb olunmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, operativ vergi nəzarəti zamanı heç bir pozuntuya yol verilməməsinə baxmayaraq, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmadan yekun qərar qəbul olunaraq, iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını, eyni zamanda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarın ləğv edilib, iddia tələbinin təmin edilmiş hissədə rədd olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2424 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, İddiaçı barəsində 26 iyul 2021-ci il tarixli **********9492 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 26 iyul 2021-ci il tarixli **********9492 nömrəli qərarını mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğvinə dair iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. - 219.3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. - 219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. - 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. - 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. - 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Sadalanan qanunvericilik normalarının təhlilindən görünür ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan “Panorama House” restoranında işləyən işçilərlə oxşar funskiyaları icra edən X17 (kababçı işi) və X5 (ofisiant işi) ilə əmək müqaviləsinin bağlanılmaması onların ziyanına şərh edilməlidir. Belə ki, faktiki iş icra edən həmin şəxslər iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində işçiləri ilə oxşar funksiyaları icra edərək xidmət etsələr də əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarından məhrum olurlar. Bu zaman, əldə edilən sertifikat da həmin şəxslərin əmək hüquqlarının kompensasiyası qismində çıxış edə bilməz. Ümumiyyətlə, qeyd edilməlidir ki, restoran fəaliyyəti ilə məşğul olan şəxs kimi iddiaçının təlim-tədris fəaliyyəti ilə hər hansı əlaqəsini təsdiq edən sertifikat iş materiallarında mövcud deyil. İddiaçının fəaliyyəti müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi xidmətlər göstərilməsindən gəlir götürülməsi olan fəaliyyətdir ki, həmin fəaliyyət çərçivəsində, həmçinin təlim-tədris fəaliyyətinin də həyata keçirilməsini məhkəmə vergi öhdəliklərindən yayınma halı kimi qəbul edir. Məhkəmənin əks yanaşması, ümumiyyətlə həmin hala əks inzibati və (və ya) inzibati məhkəmə praktikasında qiymətləndirmə ona səbəb ola bilər ki, bərbərlik, ictimai iaşə və s kimi xidmət sektorunda aylar və illərlə təlimə cəlb edilən şəxslər adı ilə onlarla şəxs mövcud olar ki, bu isə vergi və digər öhdəliklərdən sahibkarların yayınması və işçilərin hüquqlarının pozulmasına şərait yaradılması deməkdir. AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta məsuliyyəti müəyyən edilmişdir. AR Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Göründüyü kimi, istər inzibati xəta, istər cinayət, istərsə də vergi qanunvericiliyi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edən normaları özündə ehtiva edir ki, burada qorunması nəzərdə tutulan hüquq və mənafelər təkcə dövlətin hüquq və mənafeləri olmayıb, həmçinin işçilərin də hüquq və mənafelərinin qorunmasına xidmət edir. Belə ki, xidməti, təlim və s kimi müqavilələrdən fərqli olaraq əmək müqaviləsi işçi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlar müəyyən edir ki, həmin müqavilələrin mövcudluğu faktiki olaraq iş və ya xidmət göstərən şəxslərin işəgötürən qarşısında hüquqlarının müdafiəsini imkanlarının müəyyən edilməsinə xidmət edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X10 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiqləyərək, bildirdi ki, o, təcrübə toplamaq üçün “Panorama House” restoranına axşam saatlarında və ofisinatlıq işini öyrənmək üçün gedirdi. Bir ay təlim keçmiş və təlimin sonunda ona sertifikat verilmişdi. Vergi orqanının əməkdaşları gələn zaman o restoranda ofisinatlıq işini öyrənirdi. Müştəriyə xidmət edən ofisiantın yanında, ona baxıb müştəridən sifarişi götürmək qaydalarını öyrənirdi. Tədrisin qarşılığında o iddiaçıya 50 manat ödəniş etmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, təlim müqaviləsində say və müddətlə bağlı qanunvericiliklə kriteriyanın, eyni zamanda məhdudiyyətin mövcud olmaması vergidən yayınma üçün ideal vasitəyə çevrilməsinə şərait yaradır. Təbii hadır ki, hazırkı halda təlimtədris fəaliyyəti ilə əlaqəsi olmayan iddiaçının 2 nəfərə şəxsə münasibətdə iddianın əsası kimi təlimlə bağlı müqaviləyə istinad etməsi həm inandırıcı hesab edilmir, həm də hər iki şəxsin, həm də dövlətin qanuni mənafelərinə xidmət etmir. Bu zaman şəxslərə sertifikatın təqdim edilməsinin vəziyyəti iddiaçının xeyrinə dəyişməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, cavabdeh inzibati orqanının 26 iyul 2021-ci il tarixli **********9492 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar həmin X17 və X2 münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, aparılmış araşdırma zamanı İddiaçı tərəfindən Əliyeva Mahirədən süd məhsulu alınmasını özündə əks etdirən elektron alış aktı vergi orqanının uçot-baza məlumatlarında aşkar edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Əliyeva Mahirədən mal alındığını, ona ödəniş edildiyini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, M.Əliyeva əvvəllər aşpaz kimi başqa obyektlərdə fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli araşdırmanın aparılması məqsədilə X6 şahid qismində məhkəmə iclasına dəvət edərək, ifadəsini dinləmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 birinci instansiya məhkəməsində verdiyi ifadəyə oxşar ifadə verərək, bildirdi ki, o iddiaçının restoranında əmək fəaliyyəti ilə məşğul olmur. Restoranın yerləşdiyi ərazidə olan yaşayış sahəsində yaşayan şəxs kimi həmin restoran və digər obyektlərə fərdi qaydada süd məhsullarını satır. Tanışı günün birinci yarısı İmişli rayonundan südqatıq gətirir, o da həmin məhsulları götürüb sifariş aldığı şəxslərə paylayır. Həmin restoranda işləyən şəxs onun tanışıdır. Onun vasitəsilə restorana süd-qatıq məhsulları gətirir. Vergi orqanının əməkdaşları gələn zaman restorana süd-qatıq gətirmişdi və mətbəxdə qablara boşaldırdı ki, özü ilə gətirdiyi qabları aparsın. Mətbəxdə olduğu üçün də təmziliyə riayət etmək üçün restoran sahibinin tapşırığı ilə başına bone taxmışdı. Buna görə də vergi orqanının əməkdaşları onu həmin restoranın işçisi zənn ediblər. Məhkəmə kollegiyasının sualına cavab olaraq qeyd etdi ki, ondan heç kəs izahat istəməyib, şəxsiyyət vəsiqəsi də üzərində olmayıb, sadəcə ad, soyadını soruşublar. Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, X4 istər verdiyi ifadədə, istər verilən suallara cavablarında yalan ifadə verməsi ilə bağlı hala rastlaşmamış, verilən ifadənin inandırıcılığını istisna edən hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, şahid X9 tərəfindən verilmiş şahid ifadəsi inandırıcıdır. Belə ki, proses iştirakçısının özünümüdafiə xarakterli ola biləcək izahatlarından fərqli olaraq şahidin məhkəməni yanıltmağa yönəlmiş yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olan haldır. Məhkəmə də inzibati orqanın qərarının qanuniliyinin müəyyən edilməsində əhəmiyyət daşıya biləcəyindən şahid ifadəsinin düzgün olması baxımından şahidin hüquq və vəzifələri ilə yanaşı, şahidin yalan ifadə verməsi zamanı yaranacaq cinayət məsuliyyəti ilə bağlı M.Əliyevaya bir-neçə dəfə xəbərdarlıq etmiş, sosial statusundan (yaş, cins və digər xüsusiyyətlər) asılı olmayaraq həmin şəxsin cinayət məsuliyyəti daşıya biləcəyi şəxsin diqqətinə çatdırılmış, şahid həmin məsuliyyətin ona tam aydın olduğunu bildirərək müvafiq qəbzə imza etməklə ifadə vermişdir. Həmçinin, elektron alış aktlarının uçot-baza məlumatlarında aşkar edilməməsi ilə bağlı dəlilə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, alış aktının təqdim edilməməsi M.Əliyeva tərəfindən rayondan gətirilən süd-qatıq məhsullarının satışının həyata keçirilməsini şübhə altına almaq üçün əsas deyildir. Realıqda bu cür fəaliyyətlə məşğul olan, bu cür işlə dolanacaq əldə edən onlarla şəxslər mövcuddur. Alış aktlarının mövcud olmaması və ya əvvəllər M.Əliyevanın başqa yerlərdə aşpaz kimi fəaliyyət göstərməsi birmənalı olaraq onun iddiaçının işçisi olması nəticəsinə gəlmək üçün kifayət deyildir. Bundan başqa, apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-nin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlsə də, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən 26 iyul 2021-ci il tarixli **********9492 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunarkən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona maliyyə sanksiyalarını tətbiq etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur (VM-37.4), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləmişdir (VM-24.0.2), cavabdehin mübahisəli qərarları qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə uyğun olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), qərar mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1862/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2-1(103)-1946/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1946/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver