Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1946/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon idarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9149/2023 saylı 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük noyabr Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Xətai Rayon İdarəsinin iddiaçının hərbi xidmətə çağırılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Anası və atası da onlarla birlikdə yaşayır. Maddi imkanı yaxşı deyil. Onun doğulan andan bilirubinin normadan artıq olması aşkarlanmışdır (təsdiqedici sənədlər əlavə olunur). Qeyd edilən xəstəliyinə görə ona hərbi xidmətdən möhlət verilib. 2013-cü və 2017-ci illərdə müayinələrdən keçmişdir. Həmin aktlar ərizəyə əlavə edilmişdir. Həmin illərin aktları ona da verilmişdir. 2020-ci və 2023-cü illərin müayinə aktları poçtla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Xətai Rayon İdarəsinə göndərildiyi üçün onlar iddiaçıda yoxdur. Hərbi biletində qeyd edilmişdir ki, dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilib. Bunlardan əlavə onun gözlərində zəiflik ayağının altında düzlük də var. Bunlar heç biri nəzərə alınmayıb. Çünki əvvəldən daha ciddi sağlamlıq problemləri olduğu üçün bunları qeyd etdirməmiş və əlavə olaraq başında və belində sonradan bu qeyd edilən problemlər yaranmış, zaman keçdikcə daha da artıb, intensivləşib. Sonuncu müayinə aktı onda yoxdur, lakin o İdarədə olmuşdur. Ona bildirilmişdir ki, o, hərbi xidmətə yararlıdır, 25 aprel 2023-cü il tarixdə hərbi xidmətə göndəriləcək, 17 aprel 2023-cü il tarixdə ona sms gələcək. Onun iki övladı var, hər ikisinində sağlamlığında problemlər var. Həmçinin yaşlı atası və anasına o baxır. O həqiqətəndə xəstə ola-ola düzgün müayinə etmədən qanunsuz olaraq hərbi xidmətə aparmaq istəyirlər. O hərbi xidmətə getsə bilirubini daha da artacaq və səhhətində ciddi problemlər olacaq. O, bilirubinin artmaması üçün səhhətinə, yeməyinə, istirahətinə diqqət edir və etməlidir. Səhhətinə, yeməyinə və istirahətinə diqqət etməsə bilirubini artır və ciddi narahatlılıq yaradır. Bir neçə dəfə olub ki, bilirubini artdığı üçün huşunu itirərək yıxılmışdır. Belə olan halda İdarə hansı əsasla onuhərbi xidmətə aparmaq istəyir. Müraciətinə baxan yoxdur və onu yenidən müyinəyə göndərmirlər. Bundan başqa o, hərbi xidmətə getsə ailəsinə, xəstə uşaqlarına kim baxacaq. Çünki ailədə əsas gəlir mənbəyi onun işidir. Hal hazırda hərbi xidmətə çağırışla bağlı rəsmi sənəd verilməmişdir. Sadəcə olaraq şifahi deyilmişdir ki, 17 aprel 2023-cü il tarixdə sms göndəriləcək və 25 aprel 2023-cü il tarixdə hərbi xidmətə göndəriləcək. Vaxtın azlığını nəzərə alaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilənə qədər cavabdehin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Xətai Rayon İdarəsinin onun hərbi xidmətə çağırılması haqqında qərarı onda yoxdur. Həmin qərarın məhkəmə tərəfindən alınmasını xahiş edir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9149/2023 saylı 17 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdeh məhkəmə qərarını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almasını təsdiq edən poçt xəbərnaməsi mövcuddur. Göründüyü kimi cavabdeh məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və cavabdehə bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu xx.xx.2024-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon idarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9149/2023 saylı 17 noyabr 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər cavabdehə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1946/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1946/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver