Məhkəmə qərarları › İş №2-1(103)-1947/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1947/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1947/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) , üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 ( “Kəngərli və partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci ildə Zəngilan rayonunda anadan olmuşdur, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) (üçüncü şəxs - X3 (xx.xx.1965-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır) ) mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 4651/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi B27, mənzil 2 ünvanına mülkiyyət hüquqlarının qeydiyyata alınması və həmin idarə tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, o cümlədən X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) iş üzrə iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məsələ inzibati icraata aid olmaqla işə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, o müqavilə əsasında qeyd edilən mənzilə dair müvəqqəti olsa da istifadə hüququ əldə etmişdir. Onun istifadə hüququ müqavilə ilə, yəni mübahisəli mənzili inşa etmiş "xxxx" MTK aralarında olan müqavilə ilə yaranmışdır. Qeyd edilən şirkət tərəfindən 4 il müddətində ona verilən kirayə haqqı da həmin müqavilədən yaranır. Belə olduğu təqdirdə bu iş üzrə cavabdehin hərəkəti, yəni çıxarışın verilməsi inzibati məsələdir. Onunla nə MTK, nə də həmin mənzilə sonradan çıxarış almış X3 arasında hər hansı bir hüquq münasibəti yoxdur. X2 çıxarış onunla istifadə hüququna dair müqavilə bağlandıqdan 4 il sonra, həm də müqaviləyə xitam verilmədən təqdim edilmişdir. Bundan əlavə, hazırda o həmin mənzildə yaşayır və müvafiq ödənişləri həyata keçirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı iddiasının əsası olaraq mənzilə dair MTK ilə aralarında müqavilənin bağlanmasına istinad edərək, mənzilin onun mülkiyyətinə verilməli olduğunu və həmin mənzil üzərində X1 mülkiyyət hüququna dair aparılmış qeydin əsassız olaraq, ləğv edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 562849 №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 27, mənzil 2, giriş 2 ünvanında yerləşən ümumi sahəsi 61.4 kv metr olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 3117 nömrəli reyestr kitabının 291199 nömrəli vərəqində üçüncü şəxs X1 adına qeydiyyata alınmışdır. İşdə olan “xxxx” MTK ilə “məcburi köçkün” İddiaçı arasında bağlanmış 03/MK saylı, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, İddiaçı müvəqqəti olaraq məskunlaşdığı Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 44,5 kv.metr olan 15 saylı mənzili yeni “Park Bayıl” yaşayış kompleksinin tikintisi məqsədilə “kooperativ”ə təhvil vermiş, “kooperativ” isə sözügedən mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 66,55 kv.metr olan təmirli mənzili İddiaçı müvəqqəti yaşaması üçün təhvil vermişdir. İş materiallarına olan “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən X1 Bakı şəh., X5 küç., 27 ünvanına “xxxx” MTK tərəfindən “Park Bayıl” layihəsində tikilməkdə olan binanın 2-ci Giriş-in 2-ci mərtəbəsində 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 68.35 kv.m olan 2 №-li mənzilə görə borcu yoxdur. (“xxxx” MTK-nın sədri Cəfərov E.T) Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzilə dair “xxxx” MTK ilə “məcburi köçkün” İddiaçı arasında bağlanmış 03/MK saylı, xx xxxxxx 2016cı il tarixli müqaviləyə əsasən iddiaçının üçüncü şəxsin mülkiyyətində olan mənzildə istifadə və ya digər hüququnun olub-olmaması, müqavilənin hazırda qüvvədə olubolmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmçinin işdə olan sənədlərlə iddiaçının həmin mənzildə yaşayıb-yaşamaması da araşdırılmamışdır. Eyni zamanda bununla əlaqədar olaraq, “xxxx” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Odur ki, işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin bir hissəsini X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatın ləğv edilməsi təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında gəldiyi nəticəyə görə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış şəxsin mülkiyyət hüququnu faktiki olaraq onun adına əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatını əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən qərara əsasən müəyyən edilir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, hazırkı iddia tələbinin bir hissəsi – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi olduğundan Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının qeyd edilən müddəalarına uyğun olaraq, iddia tələbinin həmin hissədə mümkünlük məsələsi qiymətləndirilməlidir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana yazılı müraciəti və cavabdehin müraciətə yazılı münasibəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4651/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs - X3) mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi və üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar