Məhkəmə qərarları › İş №2-1(103)-1947/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1947/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1947/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X6 və X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3619/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X6 və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X6 və X5 onun mülkiyyətində olan ünvan 7anov rayonu, Xətai prospektində yerləşən 1 saylı evin 30 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3619/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3619/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7168/2014 saylı qətnaməsi ilə üçüncü şəxs X1 və iddiaçının oğlu Mirabov Elgiz Tofiq oğlunun İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 118 saylı evin 2/12 hissəsinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3085/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X1 və idiaçının oğlu Mirabov Elgiz Tofiq oğlunun apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci tarixli qərarı ilə üçüncü şəxs X1 və iddiaçının oğlu Mirabov Elgiz Tofiq oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 118 saylı evin 2/12 hissəsi sökülmüşdür, iddiaçı mənzilin sökülməsindən aldığı kompensasiya hesabına hazırkı ünvan 7anov rayonu, Xətai prospektində yerləşən 1 saylı evin 30 saylı mənzilini (yeni qaydalarla: AZ 1008, Nərimanov rayonu, Xətai prospekti, 7, M1, m4) almışdır. İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsindən çıxarış əldə etmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının oğlu Elgiz Mirabovun xahişi ilə üçüncü şəxslər yenidən İddiaçı məxsus mənzilə qeydiyyata alınıblar. 2022-ci ilin fevral ayında qeydiyyata alınmalarına baxmayaraq, ünvan 1 ünvanında yerləşən mənzildə kirayə yaşamağa davam etmişlər. xx.xx.2022-ci il tarixdə isə İddiaçı cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qeydiyyatdan çıxma barədə ərizə ilə müraciət etmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Mirabova Gülnar onun gəlinidir. Üçüncü şəxslər 2022-ci ildə onun mənzilinə qeydiyyata düşmüşlər, formal olaraq qeydiyyatdadırlar, heç vaxt həmin mənzildə yaşamamışlar. Oğlu hazırda boşanmışdır, gəlini başqa ünvanda yaşayır. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, №078-29164M saylı məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, X6, Mirabov Elgiz Tofiq oğlu, X4 və X7 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 7anov rayonu, Xətai pr., ev 1, mənzil 30 (Yeni qaydalarla: AZ 1008, ünvan 7anov rayonu, Xətai pr., 7, M1, m4) ünvanına İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən anaları Gülnar Mirabovanın qeydiyyat ünvanı üzrə sənədləşdirilərək hal-hazıradək Bakı şəhəri, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin məktuba əlavə edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ünvan 7anov rayonu, Xətai pr., 7, M1, m4 ünvanına X1 daimi qeydiyyata düşməsinə etiraz etməmişdir. İş materiallarında olan DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan şəxslərin (X4, X6 və X7) ünvan 7anov rayonu, Xətai pr., ev 1, 30 saylı mənzil (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai pr., 7, M1, m4) üzərində istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 7anov rayonu, Xətai pr., ev 1, 30 saylı mənzil ünvanının digər yaşayış sahəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, qeyd olunan mənzili İddiaçı xx.xx.2016-cı il tarixdə X2 almışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTD Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 3/757 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X4, X7 və X6 ünvan 7anov rayonu, Xətai pr., ev 1, mənzil 30 ünvanında qeydiyyatda olsalar da yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, ünvan 7anov rayonu, Xətai prospekti, ev 1, mənzil 30 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı üçüncü şəxslər - gəlini X4 və nəvələri X7 və X3 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ünvan 7anov rayonu, Xətai prospekti, 1 saylı evin, 30 saylı mənzilini (Yeni qaydalarla: AZ 1008, ünvan 7anov rayonu, Xətai pr., 7, M1, m4) xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzilə iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 xx.xx.2020-ci il tarixdə iddiaçının razılıq ərizəsinə əsasən həmin ünvana qeydiyyata alınmışdır, övladları X6 və X7 isə xx.xx.2022-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən anaları Gülnar Mirabovanın qeydiyyat ünvanı üzrə həmin ünvana qeydiyyata alınmışlar. Lakin üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olsalar da həmin ünvanda yaşamamışlar, hazırda da yaşamırlar. Göründüyü kimi, üçüncü şəxslər hazırda həmin ünvanda qeydiyyatda olsalar da, orada yaşamırlar. Üçüncü şəxslər iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadırlar. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3619/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 7anov rayonu, Xətai prospekti, ev 1, mənzil 30 (Yeni qaydalarla: AZ 1008, ünvan 7anov rayonu, Xətai prospekti, 7, M1, m4) ünvanından X1, X3 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar