Məhkəmə qərarları › İş №2-1(103)-1948/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1948/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1948/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “icazənin geri alınması barədə sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-358/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamının ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin BYD (X5) kitabçasından istifadə etməklə X5na buraxılması haqqında 17 yanvar 2019-cu il tarixli 0114 nömrəli icazə ilə fiziki şəxs İddiaçı X5na icazə verilmişdir. 2020-ci ilin iyul ayının sonlarında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) İddiaçı hər hansı bir sənəd təqdim olunmadan, qeyri-rəsmi şəkildə bildirilmişdir ki, ona verilmiş icazə geri alınmışdır. İddiaçı vəkili 7 avqust 2020-ci il tarixli 434/2020 saylı vəkil sorğusu ilə Dövlət Gömrük Komitəsinə müraciət edərək, həmin icazənin geri alınması barədə sərəncamın surətinin təqdim olunmasını xahiş etmişdir. Həmin sorğuya cavab olaraq 22 avqust 2020-ci il tarixli 1000-130/1xx-xx/015239 nömrəli məktubla Komitədən iddiaçının vəkilinə bildirilmişdir ki, “BYD kitabçasından istifadə etməklə X5nda iştirak etmək üçün Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/10 nömrəli Sərəncamı ilə verilmiş 0114 nömrəli icazəyə malik fiziki şəxs İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəənəqliyyat qaiməsinə əsasən (CMR) həyata keçirilən daşıma zamanı gömrük yoxlaması nəticəsində 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 523 kq 700 qram heroin aşkar olunmuşdur. Bu səbəbdən, BYD Kitabçası tətbiq edilməklə X5 haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) 9-cu əlavəsinin 2-ci hissəsinin 1-ci maddəsinin d) bəndinin tələblərini ciddi şəkildə pozduğuna görə Konvensiyanın 6-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının BYD (X5) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yükm daşımalarına buraxılması qaydaları haqqında» Əsasnamənin müddəalarının tələbləri nəzəzrə alınaraq, sözügedən fiziki şəxsə verilmiş 0114 nömrəli icazə Komitənin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamı ilə geri alınmışdır. Bununla əlaqədar, BYD Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, qeyd olunan fiziki şəxsin icazənin geri alınması barədə məlumatlandırılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasında BYD proseduruna əməl olunmaqla malların gömrük nəzarəti altında daşınması zamanı milli zəmanət birliyi funksiyalarını yerinə yetirən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) 11 iyul 2020-ci il tarixli 1000-130/0xx-xx/012527 nömrəli rəsmi məktub ünvanlanmışdır. O hesab edir ki, göstərilən əsasla icazənin ləğv edilməsi tamamilə qanunsuzdur. Əvvəla, ona görə qanunsuzdur ki, avtomobildən aşkar edilmiş narkotik vasitəyə görə açılmış cinayət işinə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır. Bununla bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin böyük müstəntiqinin icraatında olan ********* nömrəli cinayət işi üzrə nəqliyyat vasitəsinin sürücüsü (X4) Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 4(004)-365/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı yoxdur. Yekunda məhkəmə bəraət hökmü də çıxara bilər və müəyyən oluna bilər ki, nə daşıyıcının, nə də sürücünün heç bir təqsiri yoxdur. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan icazənin geri alınması tamamilə qanunsuzdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlamış müraciətinə aidiyyəti üzrə baxılmış və müvafiq cavab verilmişdir. Belə ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında X5 (BYD) kitabçasından istifadə etməklə X5nda iştirak etmək hüququ əldə ətmiş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (daşıyıcı, VÖEN: 7********) verilmiş icazə «BYD kitabçasından istifadə etməklə X5 haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975)»nın 6-cı maddəsinin 4-cü səndinə və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X5) kitabçası tətbiq edilməklə, daşıyıcıların X5na buraxılması qaydaları haqqında» Əsasnamənin 4.3-cü bəndinə əsasən Komitə sədrinin 2020-ci il 8 iyul tarixli 1000/140 nömrəli sərəncamı ilə geri alınmışdır, ona görə ki, hazırkı mübahisə üzrə iddiaçı qismində ştirak edən İddiaçı tərəfindən tərtib olunmuş əmtəənəqliyyat qaiməsi CMR və invoysla İran İslam Respublikasından Ukrayna Respublikasında “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə CƏBGİ-nin “Astara” Gömrük Postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş yük nəqliyyat vasitəsinə aparılmış gömrük yoxlaması zamanı 523 kq 700 qr heroin aşkarlanmışdır. Qeyd olunan Konvensiyanın və Əsasnamənin müddəalarına əsasən icazə verilmiş şəxs (hüquqi və ya fiziki) göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Göstərilən tələbdən də aydın görünür ki, icazənin alınması üçün gömrük qanunvericiliyinin pozulması faktının olması kifayətdir. Eyni zamanda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə əsasən daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir. Göstərilənlərə və İPM-in 12, 58.7, 64.1, 68.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-358/2022 saylı, 18 yanvar 2022-ci il qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında X5 (BYD) kitabçasından istifadə etməklə X5nda iştirak etmək hüququ əldə etmiş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (daşıyıcı, VÖEN: **********) verilmiş icazə “BYD kitabçasından istifadə etməklə X5 haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975)”nın 6-cı maddəsinin 4-cü bəndinə və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında BYD (X5) kitabçası tətbiq edilməklə daşıyıcıların X5na buraxılması qaydaları haqqında Əsasnamə”nin 4.3-cü bəndinə əsasən Komitə sədrinin 2020-ci il 8 iyul tarixli 1000/140 nömrəli sərəncamı ilə geri alınmışdır, ona görə ki, hazırkı mübahisə üzrə iddiaçı qismində iştirak edən İddiaçı tərəfindən tərtib olunmuş əmtəə-nəqliyyat qaiməsi (CMR) və invoysla İran İslam Respublikasından Ukrayna Respublikasında “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə CƏBGİ-nin “Astara” Gömrük postu vasitəsilə İİR-dan AR-na daxil olmuş yük nəqliyyat vasitəsinə aparılmış gömrük yoxlaması zamanı 523 kq, 700 qr heroin aşkarlanmışdır. Qeyd olunan Konvensiyanın və Əsasnamənin müddəalarına əsasən icazə verilmiş şəxs (hüquqi və ya fiziki) göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdeh nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçıya verilmiş 0114 nömrəli icazə Komitənin 08 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamı ilə geri alınmışdır. Həmin sərəncamın iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir. Rəsmi olaraq Sərəncamın mövcudluğu barədə məlumat iddiaçıya Komitənin xx.xx.2020-ci il tarilxi məktubu ilə bildirilmiş, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməkdə müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə Kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə görə daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»nın 2.1.3-cü bəndinə görə daşıyıcı – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, 2.1.8-ci bəndinə görə isə sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxsdir. Qaydaların müddəalarında sürücünün yükün daxilində olan məhsulları yoxlamaq sürücünün nəzarət sahəsinə aid deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X5) kitabçası tətbiq edilməklə daşıyıcıların X5na buraxılması qaydaları haqqında» Əsasnamənin: - 1.1-ci bəndinə görə bu Əsasnamə BYD kitabçası tətbiq edilməklə X5 haqqında Gömrük Konvensiyasına (1975-ci il BYD Konvensiyası) əsasən hazırlanmışdır. - 3.4-cü bəndinə görə hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası təqdim edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra X5na buraxıla bilər. - 3.5-ci bəndinə görə Dövlət Gömrük Komitəsi daxil olmuş sənədlərə on beş gün müddətində baxır və imtina üçün əsaslar olmadığı təqdirdə təminat birliyindən daxil olmuş müraciətdə qeyd edilən fiziki və hüquqi şəxslərin X5nda iştirakına Əsasnamənin 1 nömrəli Əlavəsində göstərilən formada icazə verilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə icazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandıraq üçün aşağıdakı sübutları nəzərdən keçirir: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin müstəntiqinin 2 iyun 2020-ci il tarixli qərarı ilə “Mersedes-Benz” markalı **-BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 243.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı ilə BYD kitabçasından istifadə etməklə X5nda iştirak etmək üçün İddiaçı (unikal BYD kodu AZE/075/142) verilmiş icazə geri alınmışdır. Sərəncamda qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında BYD kitabçasından istifadə etməklə X5nda iştirak etmək hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəənəqliyyat qaiməsi (CMR) və “02” nömrəli invoysla İran İslam Respublikasından (“Fors Trading LLC” şirkətinə) “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “Mersedes-Benz” markalı **-BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Astara” gömrük postunda həyata keçirilmiş gömrük yoxlaması zamanı 526 bağlamadan ümumilikdə 523 kq 700 qram narkotik vasitə heroin aşkarlanaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirilmək cəhdinin qarşısı gömrük orqanları tərəfindən alınmışdır. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü ilə 28 dekabr 1958-ci il tarixdə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla yaşayan X2Azərbaycan Respublikası Cimayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetorilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, X1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 526 bağlamadan ibarət ümumi çəkisi 523.698,5 qram olan heroin narkotik vasitəsinin Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılması, “Mersedes-Benz” markalı, **-BF-***/99-ZD868 qeydiyyat nişanlı nəqliyyat vasitəsi və qoşqusunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılması, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə saxlanca qəbul edilmiş yemiş yükünün xarab olması səbəbindən qurum tərəfindən məhv edilməsinin nəzərə alınması, X1 iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməsi, Azərbaycan Respublikasının CPM-in 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. - Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-671/2022 saylı iş üzrə 06 sentyabr 2022ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü dəyişdirilmədən saxılanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh X5nı həyata keçirən nəqliyyat vasitəsində gömrük nəzarəti zamanı narkotik maddə aşkar olunmasını əsas götürərək, İddiaçı BYD kitabçası tətbiq edilməklə X5na iştirakına dair verilmiş icazənin geri alınması barədə 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncam qəbul etmişdir. Lakin X5 həyata keçirilən nəqliyyat vasitəsində belə halın aşkar olunması daşıyıcının vergi və gömrük qanunverciliyinin tələblərinin birmənalı pozması kimi qiymətləndirilə bilməz. Nə apellyasiya şikayətində qeyd edilənlərlə, nə də ki məhkəmə iclasında iştirak edən səlahiyyətli nümayəndə izahatında hazırki iş üzrə konkret olaraq qanunvericiliyin hansı normasının pozulmasını diqqətə çatdıra bilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, X5 həyata keçirilən nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitəyə görə açılmış cinayət işinə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır. Cinayət işi üzrə nəqliyyat vasitəsinin sürücüsü X4 Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, AR CPM-in 42.1.4-cü maddəsinə müvafiq olaraq (təqsirliyi sübuta yetirilmədiyindən) bəraət hökmü çıxarılmışdır. Beləliklə, cavabdeh inzibati orqanın 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamının qanunazidd olması və onun qəbulunun İddiaçı hüquqlarını pozulmasına səbəb olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-358/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-358/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar