Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1948/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, hesablanmış 30.640,39 manat vergi borcunun və 17.855,22 manat məbləğində faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “ARKTİKA PLUS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********810000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Lakin, vergi orqanı tərəfindən əsassız olaraq 30.640.39 manat vergi borcu və 17.855,22 manat məbləğində faiz borcu hesablanmışdır ki, bu da tamamilə əsassızdır. Belə ki, borcun hansı əsasla hesablanması, borcun yaranma mənbəyi barədə heç bir məlumat mövcud deyildir. İddiaçı tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim olunaraq, mənfəət məbləği 0 (sıfır) göstərilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “məişət əşyaları, bıçaq məmulatları, qab-qacaq, saxsı məmulatları, o cümlədən çini və saxsı qablarının pərakəndə satışın”dan ibarət olduğu, müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2020-ci ilin təqdim edilmiş mənfəət vergi bəyannaməsinə əsasən 242915.75 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********872700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergi bəyannaməsi üzrə 40520.69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********359400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023cü il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********827600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergi bəyannaməsi üzrə 50540.07 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********810000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bütün sənədlər vergi orqanına təqdim edilmişdir. Onun xərc sənədləri nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən MMC-yə hesablanmış 50 540,07 manat borc tamamilə əsassızdır, borcun hansı əsasla hesablanması, borcun yaranma mənbəyi barədə heç bir məlumat mövcud deyil. Bununla əlaqədar bildirilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 2020-ci il üzrə gəlirinin 1 862.079,50 manat, xərcinin isə 1 804 597,40 manat olduğunu bəyan etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə 2020-ci ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi heç bir göstərici olmadan təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli **********827600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi ödəyicinin özünün təqdim etdiyi bəyannamə əsasında və vergi ödəyicisinin 2020-ci il üzrə tələb edilən xərc sənədlərini vergi orqanına təqdim etməməsi səbəbindən hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********810000 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalsına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********810000 nömrəli qərara əsasən əlavə hesablanmış əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 50.540,07 manat müəyyən edilmişdir. İddiaçı hazırda "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********810000 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində əks olunan malın dəyərinin cavabdeh tərəfindən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər kimi nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, Vergi orqanı 242915.75 manat məbləğində xərcin vergi orqanına təqdim edilmiş vergi hesabatında əks olunmasına baxmayaraq həmin xərcə dair Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədlərin olmadığını bildirmişdir. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamış, lakin vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlərlə almadıqları malların satılması halının mövcud olması haqqında ətraflı məlumat müəyyən edilməmiş və cavabdeh tərəfindən konkret olaraq iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. əvvəlki redaksiyada deyilirdi: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən müvafiq əməliyyat əmtəəsiz hesab edilərək iddiaçının 242915.75 manat həcmində xərcini bəyannamədən silinsə də, həmin hissəyə mütənasib olan gəlir hissəsini bəyannamədə saxlamışdır və bu da, həmin yanaşma ilə ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olub-olmamasından asılı deyildir. Belə ki, iddiaçı riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alqı-satqı əməliyyatı apara bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə cavabdeh əməliyyatın əmtəəsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1948/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1948/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver