Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1949/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 10 may 2016-cı ildə qeydiyyat ünvanını dəyişmək məqsədilə ASAN xidmətə müraciət etmişdir, lakin hicabla şəkil çəkməyə icazə olmadığını bildirərək hicabsız şəkil çəkdirməyə onu məcbur etmişlər. Sonra iddiaçı qeydiyyat ünvanı üzrə Abşeron rayon Polis bölməsinə müraciət etmiş, burada da ona şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə icazə verməkdən imtina edilmişdir. Səbəb olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bununla bağlı xüsusi tapşırıq olduğunu bildirmişlər. O da o zaman qanunları bilmədiyi və vəsiqə ona təcili lazım olduğu üçün dərinliyinə varmamış və vəsiqə üçün şəkil çəkdirmək məqsədilə hicabını açmaq məcburiyyətində qalmışdır. Bu onun şərəf və ləyaqətinin alçaldılması, Konstitusiya ilə ona verilən vicdan və din azadlığının, eləcə də vətəndaş hüquqlarının pozulması yönündə bir addım idi. Sonrakı müddətdə araşdırma edib şəxsyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək barədə qanunda heç bir qadağa olmadığına əmin olduqdan sonra 2020-ci ilin dekabr ayında o şəxsiyyət vəsiqəsini yeniləmək və artıq hicablı şəkli olan yeni şəxsiyyət vəsiqəsi almaq üçün yenidən ASAN xidmət mərkəzinə müraciət etmişdir. Lakin yenidən BPQMİ-nin xüsusi tapşırığı olduğunu bildirərək yenə imtina etmişlər və onun şikayətinin aidiyyatı üzrə müvafiq inzibati orqana, yəni BPQMİ-nə yönəldildiyi bildirmişlər. Daha sonra da BPQMİ elektron ünvanına rədd cavabının “əsası” göndərilmişdir. Əsas sözünü dırnaq içində qeyd etməyinin səbəbi, ona əsas olaraq göstərdikləri yazının əslində hicablı şəkil ilə şəxsiyyət vəsiqəsi almağına imtina üçün əsas olmamasıdır. Belə ki, BPQMİ Azərbaycan Respublikası qanunvericiliyində şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək nəzərdə tutulmadığını deyir, bu isə, xüsusi vurğulamışdır ki, qadağa olunduğu anlamına gəlmir. Bu qanunda boşluq sayılır və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qanunda olan istənilən boşluq vətəndaşın xeyrinə həll olunmalıdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində o, arzuolunmaz vəziyyətə düşmüşdür. Baxmayaraq ki, o gündəlik həyatında hicablıdır, bu günə qədər artıq 5 ildir ki, şəxsiyyət vəsiqəsi təqdim edilməli hər yerdə həmin hicabsız şəkli olan vəsiqəsini göstərmək məcburiyyətində qalmışdır və hər kəs onu hicabsız, başıaçıq görür. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məktubla məhkəməyə müraciət edərək iddiaya dair növbəti məhkəmə baxışlarının və sonrakı proseslərinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, Beynəlxalq Mülki Aviasiya Təşkiatının (İCAO-nun) 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarında yuxarıda göstərilən müstəsna hallar öz əksini tapmadığından, şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsi nəzərdə tutulmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən onun xeyrinə 50000 (əlli min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin şəxsiyyəti təsdiq edən sənədlərin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə dair imtinasının qanunsuz hesab edilərək baş örtüklü şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair sərəncama dair cavabdehin üzərinə öhdəlik qoyulması” hissəsini dəqiqləşdirərək həmin hissənin “cavabdehin iddiaçının şəxsiyyətini təsdiq edən sənədinin alınması üçün üz ovalı tam açıq şəkildə görünmək şərtilə hicabla fotoşəkilin çəkilməsinə dair imtinası qanunsuz hesab edilərək, iddiaçıya üz ovalı tam açıq şəkildə olmaq şərtilə hicablı şəkil ilə şəxsiyyəti təsdiq edən sənədin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliklə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə icazə verilməsinə dair müddəa mövcud deyildir, beynəlxalq qanunvericilikdə təsbit edilmiş istisnalardan hər hansı birinin olması isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. AR konstitusiyasının 18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci madəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 07 ferval 2012-ci il tarixli, 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”ndə qeyd edilir: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur( 1-ci bənd); vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X1” yerləşdirilir (2-ci bənd). Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. Göründüyü kimi yuxarıda sadalanan normaların təhlili onu göstərir ki, daxili qanunvericilikdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsi müəyyən edilmiş və bu zaman şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəkilin çəkilməsinə icazə verilməsinə dair istisna nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. İddiaçının cavabdehdən mənəvi zərərə görə onun xeyrinə 50.000 manat miqdarında pul tutulmasına dair iddia tələbinə gəldikdə isə bu tələb birinci tələblə bağlı olub, onun nəticəsindən asılı olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3393/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aida Hüseyn Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1949/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1949/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver