Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1950/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-274/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərarından cavabdeh verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin 25.04.2019-cu il tarixli, **********181743 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin 16.04.2018-ci il tarixli, **********147449 nömrəli qərarına əsasən iddiaçıda oktyabr 2016 – dekabr 2017 dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi 11.03.2019-cu il tarixli, **********148325 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta uyğun olaraq 25.04.2019- cu il tarixli, **********181743 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə 2016-2017-ci illərdə sadələşdirilmiş vergi üzrə 8192,4 manat və müvafiq olaraq 4096,2 manat maliyyə sanksiyası, 2016-2017-ci illərdə ödəmə mənbəyində tutulan vergi üzrə 606,52 manat və müvafiq olaraq 303,26 manat maliyyə sanksiyası, 2017-ci ilin gəlir vergisi üzrə 4074,36 manat və müvafiq olaraq 2037,18 manat maliyyə sanksiyası, 2017-ci ildə vergi hesabatlarının vaxtında verilməməsinə görə 280,0 manat, ümumilikdə 12873,28 manat əlavə vergilər, 6831,4 manat məbləğində isə maliyyə sanksiyası tədbiq edilmişdir. Aparılan yoxlama 8 dəfə dayandırılmışdır və sonradan tərtib olunan akt üzrə qərar qəbul olunmayaraq 28.01.2019-cu il tarixdə yoxlama davam etdirilmiş və hazırki akt qəbul edilmişdir. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsi ilə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirilməsi barədə sonrakı 5 iş günü ərzində məlumatları Reyestrə təqdim etməlidir. Vergi orqanı tərəfindən həmin müddətlərə riayət edilməmiş, yoxlamanın dayandırılması və başa çatması ilə bağlı məlumatlar reyestrə daxil edilməmişdir. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Aktın 1.9.2-ci bəndində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi qeyd olunmuşdur ki, bununla da, onun mal qalığı, istehsal etdiyi məhsulların hansı hissəsinin təqdim olunduğu müəyyən olunmamışdır. Hesablamanın mahiyyətinə gəldikdə isə, yoxlama üzrə bütün hesablamalar ekspert və mütəxəssis rəyi əsas götürülməklə aparılmışdır. Qeyd olunan rəylərə nəzər yetirdikdə isə, həm icarə haqqı məbləğinin, həm də istehsal həcminin ehtimallar üzərində hesablandığı, verilən rəylərin heç bir mötəbər sənədlə təsdiq olunmadığı müəyyən edilmişdir. Mütəxəssis öz rəyində “təxmini” ifadəsini qeyd edirsə və onun əsasında vergi orqanı tərəfindən hesablama aparılırsa, yoxlamanın qanunsuz əsaslara istinad olunaraq aparılmasına heç bir şübhə qalmır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən istehsal həcminin və satış dövriyyəsinin müəyyən olunması yalnız xronometraj metodu ilə müəyyən edilə bilər. Cavabeh tərəfindən elektrik enerjisi və qaz sərfiyyatı göstəricilərinə əsasən hesablama aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ekspert və ya mütəxəssis yalnız xüsusi bilik tələb olunan məsələlərə münasibət bildirə, yoxlama zamanı ortaya çıxan suallara aydınlıq gətirə bilər. Şəxsin vergi öhdəliklərinin müəyyənləşdirilməsi üçün avadanlıqların texniki göstəricilərini köçürməklə rəy vermək və onun əsasında şəxsə reallığa uyğun olmayan qat-qat artıq məbləğlərdə xəyalı vergilər hesablamaqla qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 16.04.2018-ci il tarixli, **********147449 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.01.2016-ci ildən 31.12.2017-ci ilədək olan dövr əhatə edilməklə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 17.04.2018-ci ildə başlamış, 11.03.2019-cu ildə başa çatdırılaraq 11.03.2019-cu il tarixli, **********148325 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq “çörək istehsalı, uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı” fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTO, Ə.Nəzərov, 3 nömrəli mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanında fəaliyyət göstərməsi müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 24.04.2018-ci il tarixli, **********148328 nömrəli tələbnamə verilmişdir. Həmin tələbnaməyə əsasən nəzarət kitabçası yoxlama dövrü üzrə mühasibat kitabları, uçot registirləri və dövriyyə cədvəlləri, sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, icarə müqavilələri, bank, NKA, POS terminal, çek və xəzinə sənədləri, digər və sair xərclərin çəkilməsinə dair sənədlər, mühasibatlıqda müxbirləşmənin verilməsini əks etdirən sənədlər, tender sənədləri, smetalar, quraşdırma, təmir və digər görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul- təhvil aktları, aylıq texniki və əmtəə-material hesabatlar, xüsusi razılıq, hesab fakturalar, xidmət müqavilələri, işçilərlə bağlanmış müqavilələr və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə gəlirlər və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və sair analoji sənədlər, vəkalətnamələr, gömrük rəsmiləşdirilməsi sənədləri (Yük gömrük bəyannamələri, invoyslar və s.), əmlak və torpağa dair icarə, mülkiyyət və alqı-satqı sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər (o cümlədən elektron daşıyıcılar üzərində olan məlumatlar), habelə hüquqi sənədlər, vergi ödəyicisinin nizamnaməsi və dövlət vergi orqanında qeydiyyata durması barədə sənədləri (xarici dildə tərtib olunduqda bütün sənədlər azərbaycan dilinə tərcümə olunması və təsdiq olunmuş halda təqdim edilməsi) tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər tam şəkildə yoxlamaya təqdim edilmədiyindən bu barədə müvafiq 29.05.2018-ci il tarixli, **********171631 nömrəli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı ilkin sənədlər təqdim edilmədiyindən sahibkarın istehsal etdiyi çörəyin bazar qiymətini müəyyənləşdirmək üçün vergi ödəyicisində 22.05.2018-ci il tarixli, **********15386 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertiza aparılmış və keçirilmiş ekspertiza 17.09.2018-ci il tarixli ekspert rəyi ilə rəsmiləşdirilmişdir. Bundan başqa səyyar vergi yoxlaması gedişində sahibkarın icarə əsasında fəaliyyət göstərdiyi obyektin real bazar qiymətini müəyyənləşdirmək məqsədilə 28.01.2019-cu il tarixli, **********175311 nömrəli Qərarla ekspertiza təyin edilmiş və 03.04.2019-cu il tarixli ekspert rəyi ilə ekspertiza yekunlaşdırılmışdır. Yoxlama zamanı sahibkarın fəaliyyət göstərdiyi çörək sexində yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal edilmiş çörəyin həcmini müəyyən etmək zərurəti yaranmış, lakin müvafiq sənədlər təqdim edilmədiyindən vergi orqanının 22.05.2018-ciil tarixli, **********151384 nömrəli qərarı ilə mütəxəssis cəlb edilmiş və 17.09.2018-ci il tarixli mütəxəssis rəyi yoxlamaya təqdim edilmişdir. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş 11.03.2019-cu il tarixli, **********148325 nömrəli “Səyyar vergi yoxlaması” aktı ilə vergi ödəyicisinə sadələşdirilmiş verginin bəyannaməsində göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 8421,92 manat azaldılmasına görə 4210,96 manat maliyyə sanksiyası, gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilən məbləğinə nisbətən 4074,36 manat azaldılmasına görə 2037,18 manat maliyyə sanksiyası, ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 606,52 manat azaldılmasına görə 303,26 manat maliyyə sanksiyası, o cümlədən vaxtında təqdim edilməyən bəyannamələrə görə 280 manat maliyyə sanksiyası, ümumilikdə 12873,28 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 6831,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Tərtib edilən hər hansı sənəd öz mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Səyyar vergi yoxlaması vergi orqanının əaslandırılmış qərarları ilə bir neçə dəfə dayandırılmış və dayandırılma ilə bağlı qəbul edilmiş bütün qərarlar “Dayandırma əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” qeydi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə daxil edilmişdir. Vergi qanunvericiliyində xronometraj metodu vergidən yayınma hallarının aradan qaldırılması məqsədi ilə inzibati orqana təqdim edilmiş alternativlərdən biri kimi çıxış edir. Yoxlama vergi ödəyicisinin iş vaxtında həyata keçirildiyindən vergi ödəyicisi müxtəlif üsullarla öz satış dövriyyəsini azaltmaqla vergidən yayınmağa çalışır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-274/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin 25.04.2019-cu il tarixli, **********181743 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanması, 1529,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanması, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisinin hesablanması, 2037,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilməsi, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq ediməsi hissəsində ləğv edilməsi qərara alınmış, İddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri 350 (üç yüz əlli) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabeh orqan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin sənədlər təqdim edilməmiş və "Sənədlərin və nümunə kimi əşyalann götürülməsi haqqında" 29.05.2018-ci il tarixli **********151850 nömrəli Qərar çıxarılmışdır. Yoxlama zamanı ilkin sənədlər təqdim edilmədiyindən sahibkarın istehsal etdiyi çörəyin bazar qiymətini müəyyənləşdirmək üçün ekspertiza aparılmış və keçirilmiş ekspertiza 17.09.2018-ci il tarixli ekspert rəyi ilə rəsmiləşdirilmişdir. Bundan başqa, səyyar vergi yoxlaması gedişində sahibkarın icarə əsasında fəaliyyət göstərdiyi obyektin real bazar qiymətini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin edilmiş və 04.03.2019-cu il tarixli eskpert rəyi ilə ekspertiza yekunlaşdırılmışdır. Yoxlama zamanı sahibkarın fəaliyyət göstərdiyi çörək sexində yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal edilmiş çörəyin həcmini müəyyən etmək zərurəti yaranmış, lakin müvafiq sənədlər təqdim edilmədiyindən vergi orqanının 22.05.2018-ci il tarixli **********151384 nömrəli qərarı ilə mütəxəssis cəlb edilmiş və 17.09.2018-ci il tarixli mütəxəssis rəyi yoxlamaya təqdim edilmişdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən 25.04.2019-cu il tarixli **********181743 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 12873,28 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 6831,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarına münasibətdə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 29.10.2019-cu il tarixli qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və nəticədə Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.01.2020-ci il tarixli 29746 nömrəli ekspert rəyi qəbul edilmişdir. Cavabdeh qeyd edilən ekspertiza rəyinin əsassiz olduğu üçün mötəbər sübut kimi qiymətləndirilməməsi və iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməsi barədə 21.08.2020-ci il tarixli **********130500 nömrəli vəsatətlə məhkəməyə müraciət etmişdir. Qeyd edilən vəsatətdə ekspert qarşısında qoyulmuş məsələlər üzrə hər hansı araşdırma və tədqiqatın aparılmadığı, qoyulmuş suallara verilmiş cavablar və həmin cavabların hansı sənədlərə istinad edirlərək verilməsinin əsaslandırılmadığı və nəticədə formal rəyin tərtib olunduğu qeyd edilmiş və bu hal müvafiq sübutlarla öz təsdiqini tapmış, eləcə də Bakı İnzibati Məhkəməsi tərəfindən 23.09.2020-ci il tarixli qərardad ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən də 21.01.2020ci il tarixli 29746 nömrəli ekspert rəyinin anlaşılmaz olması qənaətinə gəlinmişdir. Lakin Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 15.12.2020-ci il tarixli 9/4328 nömrəli ekspert rəyi daha əvvəl tərtib edilmiş 21.01.2020-ci il tarixli 29746 nömrəli ekspert rəyində qeyd edilənləri olduğu kimi təkrar etməklə, əlavə hər hansı araşdırma və tədqiqat aparılmadan hazırlanmışdır. Bu hal Azərbaycan Republikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 15.12.2020-ci il tarixli 9/4328 nömrəli ekspert rəyinə məhkəmə tərəfindən sübut kimi qiymət verilməməsi üçün əsasdır. Həmçinin 15.12.2020-ci il tarixli 9/4328 nömrəli ekspert rəyi ilə bağlı təkrar olaraq bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş suallar ekspert rəyində tam əhatə olunmamışdır. Məhkəmənin iddianı təmin etməsinin digər bir əsası kimi mübahisəli qərarında Ali Məhkəmənin oxşar işlə bağlı mövqeyinə (hansı ki, aşağı instansiya məhkəmələri üçür məcburi hüquqi qüvvəsi yoxdur) Azərbaycan Respublikası qanunvericiliyi ilə hüququn rəsmi mənbəyi hesab edilməyən presedent hüquq qaydasında istinad edərək qeyd etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi obyektdə istehsal həcminin və satış dövriyyəsinin müəyyən edilməsi vergi orqanının fəaliyyət dairəsinə aid olduğundan və onun müəyyən edilməsinin ən əlverişli üsulu kimi xronometraj metodu ilə yoxlama aparılması mümkün olduğu halda mütəxəssisə müraciət edilməsi və ehtimallara əsaslanmaqla verilmiş rəy üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı əsaslı hesab edilə bilməz, müvafiq olaraq həmin akt əsasında cavabdeh tərəfindən qəbul edilmiş digər inzibati aktlar da qanuni qəbul edilə bilməz. Qanunvericiliyin o cümlədən vergi qanunvericiliyinin müddəaları dizpozitiv şərtləri nəzərdə tutmaqla, eyni zamanda müəyyən hallara münasibətdə imperativ şərtləri müəyyən etmişdir. Mübahisəli məqama münasibətdə mütəxəssis cəlb edilməklə səyyar vergi yoxlamasının aparılmasında vergi orqanına seçim hüququ verilsə də, lakin istehsal həcminin və satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə məhz xronometraj metodu ilə müşahidənin aparılması qanunvericilikdə imperativ qaydada nəzərdə tutulmuşdur. Məhkəmənin bu əsasına qarşı bildirilmişdir ki, Vergi Məcəlləsinin 50-1-ci maddəsi “Xronometraj metodu ilə müşahidə aparılması” qaydalarını tənzimləyir. Hesab edirlər ki, xronometraj metodu ilə müşahidənin aparılması vergi ödəyicisinin əvvəlki dövr üzrə fəaliyyətinin araşdırılmasına tətbiq edilə bilməz. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin cari fəaliyyətinin iş vaxtı ərzində yoxlanılmasıdır. Konkret inzibati işdə isə vergi ödəyicisinin oktyabr 2016-dekabr 2017 dövrü üzrə fəaliyyəti yolxanılmışdır ki, belə olan halda xronometraj metodunun tətbiqi hüquqi və qanuni cəhətdən yolverilməzdir. Vergi qanunvericilyində xronometraj metodu ilə əlaqədar iddiaçının xüsusilə qeyd etdiyi imperativ normaya ümumiyyətlə rast gəlinmir. Sözügedən metod vergidən yayınma hallarının aradan qaldırılması məqsədilə inzibati orqana öz səlahiyyətləri çərçivəsində təqdim edilmiş alternativlərdən biri kimi çıxış edir. İddiaçı tərəfindən istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi ilə hesablanmış vergilərin “xəyali vergilər” adlandırılması, əvəzində sanki xronometraj metodu ilə müşahidə aparmaqla hesablanacaq vergi məbləğinin daha ədalətli olacağına məhkəməni inandırmaq niyyəti tamamilə qərəzlidir. Praktikadan məlum olduğu kimi, xronometraj metodu ilə müşahidə zamanı bəzi hallarda vergi ödəyicisinin “yaratdığı süni maneələr" sayəsində real satış dövriyyəsini və ya istehsal həcmini müəyyən etmək mümkün olmur. Yoxlama vergi ödəyicisinin iş vaxtında həyata keçirildiyindən, (15 gündən artıq olmayaraq) vergi ödəyicisi müxtəlif üsullarla öz satış dövriyyəsini azaltmaqla vergidən yayınmağa çalışır. Ekspertiza nəticəsində isə yoxlamanın əhatə edildiyi əvvəlki dövrlər üzrə vergi ödəyicisinin fəaliyyəti yoxlanılır və sahibkar tərəfindən hər hansı müdaxilə mümkünsüz olur. Bu zaman iddiaçının ərizəsində göstərdiyi “işıq və qaz sərfiyyatı göstəriciləri olduğu kimi köçürülməklə deyil”, həmin göstəricilər əsasında və sahibkar üçün istehsal itkiləri və digər amillər nəzərə alınmaqla müvafiq rəy tərtib olunur. Bu baxımdan iddiaçı xronometraj metodu ilə əlaqədar gəldiyi nəticəni imperativ norma kimi təqdim edərək məhkəməni yanıltmağa çalışır. İddiaçının vəkili və nümayəndəsi cavabdehin apellyasiya şikayətinə Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verdiyi etirazında bildirmişdir ki, cavabdeh tərəfindən hesablama 17.09.2018-ci il tarixli mütəxəssis rəyi əsasında aparılmışdır. Həmin rəyi təqdim edən Naib Naibovun istehsal fəaliyyətinə dair xüsusi biliyinin və təcrübəsinin olmasına dair heç bir sənəd iş materiallarında mövcud deyildir. Bununla da ilk növbədə Vergi Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri pozulmuşdur. Rəyin mahiyyətinə gəldikdə isə, mütəxəssis tərəfindən 1 ton çörək istehsalı üçün 195 kub.m./ton qaz məsrəfi qeyd olunsa da, bunun əsası kimi “təcrübə göstərir” qeyd olunmuşdur. Göstərilən hesablama rəydə də qeyd olunduğu kimi ehtimal üzərində aparıldığından və bu formada hesablamanın aparılmasının düzgünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdür. Təqdim edilən ilkin rəydə istehsal müəssisəsinin xərclərinin yalnız elektrik, qaz sərfiyyatından deyil, ayrı-ayrı xərc maddələrindən ibarət olması qeyd olunaraq bu formada hesablama aparmağın düzgün olmadığı göstərilmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi ekspert həm ilkin, həm də əlavə ekspertiza qarşısında qoyulmuş sualı tam cavablandırmamışdır. Mübahisənin əsas mahiyyəti mütəxəssis rəyi ilə aparılan hesablamadır ki, həm ilkin, həm də əlavə ekspert rəyində bununla bağlı açıq şəkildə qeyd olunmuşdur ki, “səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə M.İbrahimov tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmur. Bu halda isə onun öz hesabatları qəbul oluna bilər.” Əlavə ekspert rəyində isə qeyd olunan fikir daha da dəqiqləşdirilərək qeyd olunmuşdur ki, “səyyar vergi yoxlaması zamanı 17.09.2018-ci il tarixli mütəxəssis rəyində 19.09.2018-ci il tarixli ekspert rəyində əksini tapmış məlumatlar əsasında istehsal həcmi müəyyən edilmiş məhsullara münasibətdə vergilərin düzgün hesablanmadığı müəyyən olunur”. İlkin məhkəmə ekspertizasının 2-ci sualı və əlavə ekspertiza ilə ekspert qarşısında qoyulan “Vergilər düzgün hesablanmadığı halda, 17.09.2018-ci il tarixli mütəxəssis rəyində 19.09.2018-ci il tarixli ekspert rəyində əksini tapmış məlumatlar nəzərə alınmaqla işdə olan yoxlama materialları əsasında 01.10.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr üçün vergi növləri üzrə vergi məbləği nə qədər təşkil edir” sualının cavablandırılmaması isə aşağıdakılardan irəli gəlir: Sualdan göründüyü kimi, ekspert qarşısında 17.09.2018-ci il tarixli mütəxəssis rəyində 19.09.2018-ci il tarixli ekspert rəyində əksini tapmış məlumatlar nəzərə alınmaqla vergilərin müəyyən olunması göstərilmişdir. İlkin məhkəmə ekspertizasına dair rəyin 1-ci və 3-cü suallar üzrə əsaslandırma hissəsində mühasibat uçotu qanunvericiliyinə istinad olunaraq yalnız sərfiyyat göstəriciləri əsasında istehsal həcminin müəyyən olunmasının məhsulun maya dəyərinin kalkulyasiyası prinsiplərinə uyğun olmadığı qeyd olunmuş, belə qaydada vergi hesablanmasının AR Vergi Məcəlləsində nəzərdə tutulmadığı göstərilmişdir. Hər iki ekspert tərəfindən mütəxəssis rəyinin vergi hesablanması üçün əsaslı olmadığı göstərilmişdir. Belə olan halda, cavabdehin istinad etdiyi ekspertin cavablandırmadığı sual əhəmiyyətini itirmişdir. Çünki həmin sualda məhz mütəxəssis və ekspert rəyi nəzərə alınmaqla vergilərin nə qədər təşkil etməsi qeyd olunmuşdur. Ekspertin isə əsaslı hesab etmədiyi mütəxəssis rəyinə görə vergi müəyyən etməsi digər cavablarla uyğunsuzluq təşkil edərdi. Odur ki, cavabdehin qeyd olunan mövqeyinin əsassız olduğu üçün apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan 11.03.2019-cu il tarixli, **********148325 ç“Səyyar vergi yoxlaması aktı”na əsasən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 17.04.2018-ci ildə başlamış və 11.03.2019-cu ildə başa çatdırılmışdır. Vergi yoxlamasının aparılması 9 dəfə dayandırılmış və davam etdirilmişdir. Yoxlama aktının 2-ci hissəsində qeyd edilmişdir ki, sadələşdirilmiş verginin hesablanmasının düzgünlüyünün yoxlanılması üçün yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləri əsas götürülmüşdr. Belə ki, 17.09.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə sahibkarın istehsal həcmi ******* ədəd əla növ buğda unundan, ədədi 0,52 kq, fərşli buğda çörəyi bişirilib satışa buraxılmışdır və onlardan 60283 ədəd çörək geri qaytarılmışdır. Eyni zamanda 17.09.2018-ci il tarixli ekspert rəyinə əsasən 1 ədəd çörəyin satış qiyməti 0.28 manat təşkil etmişdir. Yoxlama ilə büdcəyə hesablanan sadələşdirilmiş vergi 8421,92 manat məbləğində müəyyənləşdirilmişdir. Yoxlama zamanı iddiaçının 01.10.2016-cı ildən 01.07.2017-ci ilə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 223006,16 manat təşkil edilməsi əsası ilə iddiaçı məcburi qaydada ƏDV məqsədləri üçün 01.07.2017-ci ildən qeydiyyata alınmışdır. 2017-ci il üzrə 4074,36 manat gəlir vergisinin azaldılması müəyyən edilmişdir.İddiaçı tərəfindən obyektin ayda 300 manat icarəyə götürülməsi barədə məlumat təqdim edilsə də 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı ayda 600 manat müəyyən edilmiş, bununla da 606,52 manat ödəmə mənbəyində verginin yayındırılması müəyyən edilmişdir, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən müvafiq olaraq sahibkarın çörək istehsalı fəaliyyəti üzrə, eyni zamanda istehsal olunmuş məhsulların satış qiymətləri barədə verilmiş 17.09.2018-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 157-ci maddəsinin tələblərinə uyğun olaraq 01.10.2016-cı il tarixdən 01.07.2018-ci il tarixə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 223006,16 manat təşkil etdiyindən ƏDV qeydiyyatına alınmasına dair öhdəliyinin yaranması müəyyən edilmiş və iddiaçı 01.07.2017-ci ildən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli, **********1817743 nömrəli qərara əsasən iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanmış, 1529,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanmış, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisi hesablanmış, 2037,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı il üzrə 102,52 manat ödəmə mənbəyində vergi hesablanmış, 51,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 504 manat ödəmə mənbəyində vergi hesablanmış, 252 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edimişdir. - 17 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik istehlakçılarının gücü və texniki göstəriciləri əsas götürülməklə çörəkxana üzrə minimum qaz və elektrik enerjisinin sərfiyyatı hesablanmış, həmin hesablamalar da əsas götürülməklə iddiaçıya məxsus çörək sexində 01.10.2016- cı ildən 31.12.2017-ci ilə qədər ən azı 663115 kq və ya ******* ədəd əla növ buğda unundan ədədi 0,520 kq, fərşli buğda çörəyinin bişirilib satışa buraxılması və onlardan 60283 ədəd çörəyin geri qaytarılması müəyyən edilmişdir. - 19.09.2018-ci il tarixli, “AzərEkspertiza” Birliyinin eksperti tərəfindən tərtib edilmiş ekspert rəyinə əsasən müxtəlif çörəkbişirmə müəssisələrində buraxılış qiymətləri əsasında iddiaçıya məxsus çörəkbişirmə sexində çörəyin buraxlış qiyməti 28 qəpik müəyyən edilmişdir, həmin ekspertiza birliyinin eksperti tərəfindən tərtib edilmiş 04 mart 2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ,Əziz Nəzərov küçəsində yerləşən sahəsi 100 kv metr olan qeyri-yaşayış sahəsinin 1 ay üçün icarə haqqı 01.10.2016-cı ildən 31.12.2017-ci ilə qədər dövrdə 600 manat müəyyən edilmişdir. - Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş 21 yanvar 2020-ci il tarixli, 29746 nömrəli “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji və qaz sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə fərdi sahibkar X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmamışdır. Bu halda vergi ödəyicisinin öz hesabatları (sadələşdirilmiş və gəlir vergisi üzrə) qəbul oluna bilər. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında sahibkar X4 tərəfindən verilmiş AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov ev 3 nömrəli Mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanda yerləşən obyekti icarə müqaviləsi əsasında aylıq 300,0 manat olmaqla icarəyə götürülmüşdür. Lakin yoxlama zamanı 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı məbləği aylıq 600,0 manat müəyyən edilmişdir. Həmin mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduqda fiziki şəxs tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan 606,52 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. - Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş 15 dekabr 2020-ci il tarixli, 9/4328 nömrəli “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlaması zamanı 17.09.2018-ci il tarixli mütəxəssis rəyində və 19.09.2018-ci il tarixli ekspert rəyində əksini tapmış məlumatlar əsasında istehsal həcmi müəyyən edilmiş məhsullara münasibətdə hesablama aparılan vergilərin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Bu halda vergi ödəyicisinin bəyannamə məlumatları (ÖMV istisna olmaqla) yoxlama dövrünün vergi öhdəliyi üzrə məqbul hesab oluna bilər. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında sahibkar X4 tərəfindən verilmiş AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov ev 3 nömrəli Mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanda yerləşən obyekti icarə müqaviləsi əsasında aylıq 300,0 manat olmaqla icarəyə götürülmüşdür. Lakin yoxlama zamanı 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı məbləği aylıq 600,0 manat müəyyən edilmişdir. Həmin mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduqda fiziki şəxs tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan 606,52 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14.08.2019-cu il tarixli, **********333900 №li qərarına əsasən iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli, **********1817743 nömrəli qərardan verdiyi şikayət təmin edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticələrinə dair 11.03.2019-cu il tarixli, **********148325 №li “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləri əsas götürülməklə iddiaçının 01.10.2016-cı ildən 01.07.2017-ci ilə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin və vergilərin azaldılması müəyyən edilmişdir. Yoxlama aktında istinad edilən mütəxəssis rəyində müəssisənin istehsal gücü obyektdə işləyən avadanlıqların istehlak etdikləri elektrik enerjisinin və qaz sərfiyyatının həcmi əsas götürülməklə müəyyən edilmişdir. Qeyd edilən səyyar vergi yoxlaması aktının nəticələrinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin poulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli, **********1817743 nömrəli qərara əsasən iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanmış, 1529,38 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanmış, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisi hesablanmış, 2037,18 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016-cı il üzrə 102,52 manat ödəmə mənbəyində vergi hesablanmış, 51,26 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 504 manat ödəmə mənbəyində vergi hesablanmış, 252 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilmiş, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edimişdir.İddiaçı həmin qərarı əsassız hesab edərək onun ləğv edilməsi barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək vergi orqanının qərarını sadələşdirilmiş verginin və tətbiq olunmuş maliyyə sanksiyası hissəsində ləğv edərkən hesab etmişdir ki, iddiaçının sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz və elektrik enerji sərfiyyatına əsasən müəyyən etmişdir ki, bu da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 67-ci maddəsinin pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin əsasını aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisi və qaz sərfiyyatı əsas götürülməklə vergi ödəyicisinin dövriyyəsinin müəyyən edilməsi və vergilərin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi. Qeyd edilən mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının "xxxx" MMC-nin cavabdeh SSS qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələbi üzrə qəbul etdiyi 2-1(102)- 2016/19 nömrəli, 29.05.2019-cu il tarixli qərarında əks olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının iddiaçı Elşad Umudovun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı verigilərin hesablanmasının əsassız hesab edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqda qərarın ləğv edilməsi tələbi üzrə qəbul etdiyi 24.12.2014-cü il tarixli, 2- 1(102)-980/14 nömrəli qərarında əks olunmuş mövqeyinə əsasən isə “iddiaçının fəaliyyət göstərdiyi obyektdə istehsal həcmi və satış dövriyyəsinin müəyyən edilməsi vergi orqanının fəaliyyət dairəsinə aid olduğundan və onun müəyyən edilməsinin ən əlverişli üsulu kimi xronometraj metodu ilə yoxlama aparılması mümkün olduğu halda mütəxəssisə müraciət edilməsi və ehtimallara əsaslanmaqla verilmiş rəy üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı əsaslı hesab edilə bilməz, müvafiq olaraq həmin akt əsasında cavabdeh tərəfindən qəbul olunmuş digər inzibati aktlar da qanuni qəbul edilə bilməz...qanunvericiliyin,.o cümlədən vergi qanunvericiliyinin müddəaları dispozitiv şərtləri nəzərdə tutmaqla, eyni zamanda müəyyən hallara münasibətdə imperativ şərtləri müəyyən etmişdir. Mübahisəli məqama münasibətdə yuxarıda göstərildiyi kimi mütəxəssis cəlb olunmaqla səyyar vergi yoxlamasının aparılmasında vergi orqanına seçim hüququ verilsə də lakin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə məhz xronometraj metodu ilə müşahidənin aparılması qanunvericilikdə imperativ qaydada nəzərə tutulmuşdur.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1652/2019 nömrəli, 11.06.2019-cu il tarixli, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir: “...istehsal həcmi müəyyən olunmuş çörək məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələr müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki təbii qaz, enerji sərfiyyatı əsasında deyil, konkret çörək sobasının iş görmə gücünə görə çörək məhsulunun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olmazdı...” İş materiallarından göründüyü kimi iddiaçının sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin 223006,16 manat təşkil etməsi xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz və elektrik enerji sərfiyyatına əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında çörək sexində istehsal həcmini müəyyənləşdirərək buna münasib vergi məbləğləri hesablanmışdır. Bütün bunlar məhkəmə kollegiyasına əsas verir ki, mübahisələndirilən 25 aprel 2019-cu il tarixli qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sonda vergi ödəyicisinə əsassız olaraq sadələşdirilmiş vergi məbləği hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən ediən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyindən də görünür ki, mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji və qaz sərfiyyatı əsasında istehsal həcmi hesablanmışdır, bu isə məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır, belə olan halda isə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə fərdi sahibkar X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmur. Bununla yanaşı məhkəmə kollegiyası səyyar vergi yoxlaması aktında sahibkar X4 tərəfindən AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov ev 3 nömrəli Mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanda yerləşən obyektin icarə müqaviləsi əsasında aylıq 300,0 manat olmaqla icarəyə götürülməsi, lakin yoxlama zamanı 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı məbləği aylıq 600,0 manat müəyyən edilməsini qanuna zidd hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli qərarına əsasən “1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiyməti icarə münasibətlərindən bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra əldə olunmuş gəlirdən vergitutma məqsədləri üçün istifadə edilə bilər.” Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin məsələ Avropa Şurasına üzv olan digər ölkələrdə də analoji qaydada həll olunmuş və bu barədə müvafiq ölkələrin məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Fransa Respublikasının Kassasiya Məhkəməsi 19 dekabr 2000-ci il tarixli qərarında hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, təyin edilmiş məbləğ və ya qiymətləndirilmə onun bazar qiymətindən aşağı olduqda, müvafiq tutulmaların müəyyən edilməsinə əsas olmuş məbləğ və ya qiymətləndirilmənin yenidən hesablanmasını mümkün edən Vergi-Prosessual Məcəlləsinin L.17-ci maddəsi yenidən qiymətləndirilmə məqsədilə vergi orqanlarına yalnız bazar qiymətinə istinad etməsi üçün kifayətedici hüquqi əsası təşkil edir. Cavabdeh tərəfindən təqdim edilmiş 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı ayda 600 manat müəyyən edilmişdir, həmin ekspert rəyindən göründüyü kimi rəy başqa fiziki şəxslə bağlanmış icarə müqaviləsi və əmlak kirayəsi elanları əsasında verilmişdir ki, buna görə də işə baxan məhkəmə haqlı olaraq qeyd edilən ekspert rəyini əsas götürülməklə iddiaçıya yoxlanılan dövr üçün ayda obyektin aylıq icarə haqqının 600 manatdan hesablanaraq ödəmə mənbəyində verginin hesablanmasını əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddia tələbini sadələşdirilmiş vergi və ona tətbiq olunmuş maliyyə sanksiyası hissəsində təmin edərkən qanuni nəticəyə gəlmişdir. Odur ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2020-ci il tarixli rəyində ekspert tərəfindən aparılmış tədqiqatlar əsasında gəlinən nəticə əsaslı olduğundan və bununla da səyyar vergi yoxlaması zamanı alınmış mütəxəssis və ekspert rəylərində əksini tapmış məlumatlar əsasında istehsal həcmi müəyyən edilərkən verginin düzgün hesablanmadığı müəyyən olunduğundan, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh orqan yayındırdığını iddia etdiyi vergini mötəbər sübutlarla təsdiq etməli olduğunu və mövcud qanunvericiliyin tələblərinə görə vergi orqanının vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda mübahisələndirilən sadələşdirilmiş vergi məbləğinin hesablanmalı olduğunu təsdiq edən faktiki şərtlərinin mövcudluğunu mötəbər sübutlarda təsdiq edə bilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-274/2021 saylı, 05 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1950/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1950/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver