Məhkəmə qərarları › İş №2-1(103)-1951/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1951/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1951/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5, X8, X1, X6, X9 və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2468/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X5, X8, X1, X6, X9 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X8, X1, X6, X9 və X4 Bakı şəhəri, ünvan 3 evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2468/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi. 2-ci yaşayış massivi. Binəqədi yolu, 53 saylı evdə qeydiyyatda olan X2 09.07.2009-cu il tarixində alınmışdır. Həmin müddətdən də üçüncü şəxslər həmin mənzildə yaşamırlar və yalnız orada qeydiyyatları mövcuddur. 09.07.2009-cu il tarixdən həmin mənzil iddiaçının qanuni istifadəsindədir . İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 03 noyabr 2009-cu il tarixdən Bakı şəhəri, Binəqəd rayonu, Biləcəri qəsəbəsi, 2-ci yeni yaşayış/massivi ünvan 1 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X5, 20.05.1999; X8, 28.06.2000; X13, 23.06.2013; X1, 01.10.1949; X6, 01.07.1971; X9, 26.11.1972; X14, 01.09.1966; X15, 04.08.1992; X3, 13.11.2005; X10, 26.07.1996; X16, 28.10.1993; X17, 19.09.2018; X18, 16.03.2020; X11, 15.04.1980. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 30.11.2021-ci il tarixli məktubundan görünür ki, X5 01.12.2013-cü il tarixdən, X8 18.12.2014-cü il tarixdən, X1 30.11.2007-ci il tarixdən, X6 30.11.2007-ci il tarixdən, X9 29.05.2009- cu il tarixdən, X11 30.11.2007-ci il tarixdən Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşin hallarından görünür ki, iddiaçı üçüncü şəxslərin ünvan 3 ünvandan qeydiyyatdan çıxarılmaları tələbilə inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki iş üzrə iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etdiyi Bakı şəhəri, ünvan 3 evə dair hüquqlarını təsdiq edən sənəd qismində 09.07.2009-cu il tarixli, 155 saylı alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 29 noyabr 2021-ci il tarixli 950 №-li məktubundan görünür ki, ünvan 3 ünvan Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********25 nömrəli 21.12.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 3 evin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, notarial qaydada təsdiq edilməmiş və daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmamış 155 saylı alqı-satqı müaviləsi hazırki iş üzrə iddiaçının subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. İddiaçı apelyasiya şikayətində mübahisəli ünvanda yerləşən evin onun qanuni istifasində olduğunu bildirsə də, bu halı sübut edən hər hansı dəlili – kirayə (icarə) müqaviləsi, mülkiyyəti təsdiq edən hər hansı digər sənədi şikayətə əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X8, X1, X6, X9 və X4 Bakı şəhəri, ünvan 3 evdən qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququ yoxdur, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2468/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar