Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1951/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı 25 avqust 2022-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. XŞTMF tərəfindən 23 sentyabr 2022-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən əsassız şəkildə imtina edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının hazırda 60 yaşı var və xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixədək dizel generatorun təmiri və xidməti üzrə elektrik mexanik, xx.xx.1995-ci ildən xx.xx.2012-ci ilədək dizel generatorun təmiri və xidməti üzrə mühəndis, xx.xx.2012-ci ildən hal hazıradək sanitar texniki xidmətin sahə rəisi vəzifəsində işləyir. Göründüyü kimi o qanunla müəyyən edilmiş yaş həddinə və tələb olunan 12 il 6 aydan çox güzəştli və 25 ildən çox ümumi iş stajına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq güzəştli şərtlərlə iş stajı Bakı şəhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyekti tərəfindən verilmiş müvafiq arayışında öz təsdiqini tapıb. Həmin arayışda onun həftəlik 36 saatlıq olmaqla yeraltı işlərdə işlədiyi də (il ərzində iş vaxtının 50 faizindən çoxu) qeyd edilib. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmağı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş aşağıdakı sərtlər ödənilməlidir: 1) 25 il ümumi iş stajının və 12 il 6 ay güzəştli stajının olması; 2) 12 il 6 ay güzəştli iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olması. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsində (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndi (1.1.2) nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti xidmət obyektinin filiala təqdim edilən arayışında iddiaçının qeyd olunan xx.xx.1992-ci il tarixdən bugünədək adıçəkilən müəssisədə dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki, dizel generatorun təmiri və xidməti üzrə mühəndis, sanitar texniki xidmətin sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən dağ mədən sahəsinə aid deyil. Sözügedən arayışda xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin lay təzyiqinin saxlanması sexində və neftin hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti və böyük maşinisti vəzifələrində ərizəçinin işlədiyi qeyd edilib. Göründüyü kimi müəssisədə işlədiyi dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki, dizel generatorun təmiri və xidməti üzrə mühəndis, sanitar texniki xidmətin sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-3399/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2022-ci il tarixindən (60 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - xx.xx.2022-ci ilədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1. İddiaçının 60 yaşının tamam olması; 2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşının tamam olması, 25 ildən artıq ümumi iş stajının olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçının işlədiyi sahənin sözügedən arayışda istinad edilən dağ mədən sahəsinə aid olmaması, iddiaçının müəssisədə işlədiyi dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki, dizel generatorun təmiri və xidməti üzrə mühəndis, sanitar texniki xidmətin sahə rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil etməsindən ibarətdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1982-ci illər ərzində hərbi xidmət keçmişdir. İddiaçı 1983-1986-cı illərdə Bakı yerli sənaye texnoloji texnikumunda təhsil almışdır. Bakı Səhər İcra Hakimiyyəti İnzibati Xidmət Obyekti tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həqiqətən “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki (xx.xx.1992-xx.xx.1995-ci), dizel generatorun təmiri və xidməti üzrə mühəndis (xx.xx.1995-xx.xx.2012), sanitar texniki xidmətin sahə rəisi (xx.xx.2012 hal hazırki vaxtadək) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 30 il 3 ay 23 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ağır yeraltı şəraitli 36 saatlıq iş həftəsi ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.1.2 bəndinin “b” bölməsinin 15-ci, 18-ci və 3-cü bənddə nəzərdə tutulan vəzifəsinə uyğundur. Qeyd: həftə ərzində 36 saatlıq yeraltı şəraitdə (il ərzində iş vaxtının 50%-dən çoxu) işləmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1979-cu ildən 2012-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddiaya verilən etirazla eyni məzmunda tərtib edilmişdir. Apellyasiya şikayətinin və iddiaya etirazın əsas dəlili iddiaçının müəssisədə işlədiyi dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki, dizel generatorun təmiri və xidməti üzrə mühəndis, sanitar texniki xidmətin sahə rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da nəzərdə tutulmadığından İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsindən ibarətdir. Halbuki, iş yeri tərəfindən verilmiş arayışa əsasən iddiaçı ağır yeraltı şəraitli 36 saatlı iş həftəsi ilə dizel generatorun təmiri və xidməti üzrə elektrik mexaniki (xx.xx.1992xx.xx.1995-ci), dizel generatorun təmiri və xidməti üzrə mühəndis (xx.xx.1995-xx.xx.2012), sanitar texniki xidmətin sahə rəisi (xx.xx.2012 hal hazırki vaxtadək) işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr bölməsinin 3-cü şaxta rəisləri, onların müavinləri (köməkçiləri); 15-ci yeraltı sahələrin texnikləri və 18-ci keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri vəzifəsində işləmişdir. Arayışda qeyd edilir ki, iddiaçı əmək funksiyasını yeraltı şəraitli 36 saatlıq iş həftəsi yeraltı şəraitdə (il ərzində iş vaxtının 50%-dən çoxu) yerinə yetirir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr bölməsinin şaxta rəisləri, onların müavinləri (köməkçiləri); yeraltı sahələrin elektrik mexanikləri, onların müavinləri (köməkçiləri); yeraltı sahələrin texnikləri və keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri vəzifələrinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin siyahı tək yeraltı dağ-mədən işlərini deyil, digərləri ilə yanaşı, həm də yeraltı qurğularda (iddiaçının vəziyyətində olduğu kimi) iş vaxtının 50 faizini və daha çoxu yerinə yetirilən yeraltı işlərə aiddir. Beləliklə, iddiaçı Böyükağa Məmmədovun 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq olması müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. -23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 1.1.2-ci bəndinə əsasən tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr bölməsinin şaxta rəisləri, onların müavinləri (köməkçiləri); yeraltı sahələrin elektrik mexanikləri, onların müavinləri (köməkçiləri); yeraltı sahələrin texnikləri və keçiddə məşğul olan dağ-mədən avadanlığının quraşdırıcıları markşeyder işlərində dağ-mədən fəhlələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1951/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1951/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver