Məhkəmə qərarları › İş №2-1(103)-1951/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1951/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1951/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpası və s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 18 sentyabr 2019-cu il tarixli göndəriş əsasında 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Pensiya altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya ödənişi 03 mart 2023-cü il tarixdə dayandırılmışdır. Dayandırılma səbəbi xidməti məruzəyə əsasən olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T329/2024 saylı xx.xx.2024- cü il tarixli ekspert rəyinə əsasən, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəksə də, onun əyani müayinəsi zamanı hər hansı psixopatoloji hal aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpası, maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmənin qərardadı ilə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial adi qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Sonradan iddiaçı dəqiqləşmə verərək İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ləğv edilməsini, İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsinin və maddi və mənəvi zərərin əvəzi olaraq, ümumilikdə 5000 manat məbləğində pulun ödənilməsinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 sentyabr 20219-cu il tarixdən ona İİİ dərəcə əliliyə görə pensiya təyin edilmişdir. 2023-cü ilin mart ayında ona əlilliyə görə pensiya ödənişi həyata keçirilməli olmasına baxmayaraq onun əlilliyi cavabdeh tərəfindən birtərəfli dayandırılmışdır. Bu səbəbdən də zəruri tibbi ehtiyaclarına uyğun dərman vasitələrini ala bilmir. Halbuki, onun əlilliyi 5 il müddətinə təyin edilmişdir. Cavabdeh onun barəsində düzgün inzibati icraat aparmadan, inzibati icraata onu cəlb etmədən əlilliyi qanunsuz olaraq ləğv etmişdir.

8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün məktub əsasında iddiaçı əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. İddiaçı barəsində qəbul edilmiş 30 mart 2023-cü il tarixli qərarla onun tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 14 avqust 2023-ci il tarixli qərardadı ilə iddia maddi və mənəvi zərərin ödənilməsinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın mahiyyəti üzrə qiymətləndirilən hissədə təmin edilməsi, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması hissəsində 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ləğv edilməsi və İddiaçı təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən (ödənilməmiş aylar üzrə pensiya ödənişinin həyata keçirilməsi üçün) bərpa edilməsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əlilliyin 5 il müddətinə təyin edilməsi barədə qərar əlverişli inzibati aktdır. Həmin əlverişli inzibati akt qanunsuz olsa belə hər bir halda bu onun ləğvinə əsas vermir.

12. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik verilməsinə baxmayaraq, əlilliyin qiymətləndirilməsini imzalayan ekspert komissiyasının üzvləri tərəfindən qiymətləndirmənin imzalanma tarixi xx.xx.2022-ci il tarixinə aiddir. Bu hal isə şəxsin əlilliyinin şübhəli əsaslarla almasına dəlalət etmişdir. Bu səbəbdən də daxili audit yoxlaması ilə bağlı təkrar qiymətləndirmənin həyata keçirilməsi tam qanuni və əsaslı olmuşdur. Məhkəmə tərəfindən hansı səbəbdən müayinənin xx.xx.2022-ci il tarixində imzalanmasının araşdırılması zəruridir. Bundan əlavə məhkəmə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: P.A.Hüseynov - sədrlik edən və məruzəçi, M.C.Qarayeva və E.Nümayəndə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2-1(102)-266/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək, cavabdehin verdiyi apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasa cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

21.“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiya ödənilməsi haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.7-ci maddələrinə əsasən)

26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-22-cui bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

27. Hazırki işdən görünür ki, iddiaçı ona təyin edilmiş əlilliyin ləğv edilməsi və onun tam reabilitasiya olması ilə bağlı 30 mart 2023-cü il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarının ləğv edilməsini tələb edir.

28. Cavabdeh orqan isə bildirir ki, iddiaçı tam reabilitasiya olunduğundan əlilliyin təyini barədə qərar ləğv edilməlidir.

29. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2019-cu ildə ilkin olaraq 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir, diaqnoz - Uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən “Tam reabilitasiya” barəsində qərar qəbul edilmişdir.

30. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1951/2025 saylı, xx.xx.2025ci il tarixli qərardad ilə məhkəmə tibi ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin olunsa da, İddiaçı mərkəzə gəlmədiyindən qərardad icrasız geri qaytarılır.

32. Kollegiya qeyd edir ki, hazırkı mübahisə 5 il müddətinə təyin edilmiş əlilliyin, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinənin aparılması ilə əlaqədar ləğv edilməsi ilə bağlıdır.

33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi,dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə 2024-cü il tarixli İcmal məktub”un 88-ci bəndində qeyd edilmişdir ki, daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə,qurum ümumi qaydada daxili audit qaydalarına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şühbə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

34. Belə olan halda hesab olunur ki, əlilliyin 5 il müddətinə təyin edilməsi barədə qərar əsaslı şübhələr olmadan vaxtından öncə ləğv edilə bilməzdi. 35.Bundan başqa iddiaçının 2019-cü ildə müayinədən keçərək, əlilliyinin 2022-ci ildə təyin edilməsinin səbəblərinin araşdırması ilə bağlı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla aidiyyatı üzrə sorğu göndərilmiş və məlum olmuşdur ki, qeyd olunan halları DSMF əməkdaşlarının səhvləri nəticəsində baş vermiş və həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar istintaq orqanına göndərilmişdir.

36. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ambulator kitabçadan çıxarışdan görünür ki, o xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək F 31.3 diaqnozu ilə Respublika Psixiatriya Xəstaxanasında stasionar müalicədə olmuşdur.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsassızdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutları hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş və iddia əsaslı olaraq təmin edilmişdir.

38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar