Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1952/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsi) məhkəməyə müraciət edərək, ona AR Müdafiə Nazirliyi tərəfindən cavabdehə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 1.000 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 30% əlavə - 341 manat, 1-ci məharət dərəcəsinə görə 25% əlavə - 250 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat) təyin edilmiş pensiyanın 82 faizi miqdarında olmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci səbəb: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaşxılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İkinnci səbəb: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx.xx.1992-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir: “1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya ləyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Silahlı Qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının Azərbaycan Ordusunda, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır”. Bu səbəbdən, iddiaçının təkrarən xidmətdə olduğu 5 il müddət onun ümumi xidmət (sığorta) stajına əlavə edilməlidir. Üçüncü səbəb: “Əmək pensiyaları haqqında” AR Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra ləyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 2-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzilə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq eldiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyaların əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qeyd edilmişdir. Yenə də, buradan görünür ki, hərbi qulluqçuların pensiyalarının yenidən hesablanmasında qadağa qoyulmamışdır. Dördüncü səbəb: “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bu maddənin müddəalarından göründüyü kimi, pensiya təyin olunduqdan sonra yenidən 6 il işləmiş əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanmasında qadağa qoyulmamışdır. Eyni zamanda, Qanunun ləğv edilmiş 37.3.5-ci maddəsinə münasibətdə də tətbiq edilməlidir. Belə ki, xx xxxx 2017-ci il tarixədək olan dövrdə bu maddədə nəzərdə tutulmuş hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Qanunun 37.3.5-ci maddəsi ləğv olunsa da, 37.3.4-cü maddənin “Qeyd” hissəsində 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına yörə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cii maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması öz əksini tapmışdır. Bu o deməkdir ki, iddiaçı təkrar hərbi xidmətdə olduğu dövrdə təminat xərclivi ilə yanaşı aldığı əmək pensiyası qanunamüvafiq olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələbinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, iddiaçı Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra ona xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı xidmətdən tərxis olunduqdan sonra yenidən hərbi qulluğunu davam etdirmiş və xx.xx.2017-ci il tarixdə yenidən tərxis edilmiş və Müdafiə Nazirliyi bu dəfə xx.xx.2019-cu il tarixli MN-10826 nömrəli məlumat vərəqəsi təqdim etmiş, iddiaçı həmin məlumat vərəqəsinə əsasən pensiyasının yenidən hesablanmasını istəsə də, cavabdehin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli MN-10826 nömrəli yeni məlumat vərəqəsi əsasında ona əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Göründüyü kimi, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Əgər iddiaçı sözügedən kateqoriyadan olan şəxs kimi əmək pensiyasının yenidən hesablanmasını istəyirsə, bu, təminat xərcliyinə görə yox, yalnız onun fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilə bilər. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunvericiliyin yanlış təfsirindən ibarət dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Odur ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli və xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarlarının “Əmək pensiyaları haqqında” Qanunla ziddiyyət təşkil etdiyi fərz olunan halda da normativ-hüquqi aktların ierarxiyasına görə Qanun tətbiq edilir. İkincisi, xx.xx.2011-ci il tarixdən qüvvədə olan İPM Alman inzibati məhkəmə-hüquq təcrübəsinə əsaslanır. Həmin təcrübəyə görə mübahisələndirmə haqqında iddialara mübahisənin maddi-hüquqi əsası kimi inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə mübahisənin maddihüquqi əsası kimi məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik müddəaları tətbiq olunur. Üçüncüsü, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarının özündə (1-ci bəndində) də göstərilmişdir ki, “Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır”. Qüvvədə olan qanunvericilik isə, yəni hazırkı mübahisənin maddi-hüquqi əsası “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-808/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1952/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1952/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver