Məhkəmə qərarları › İş №2-1(103)-1952/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1952/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1952/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Yasamal rayon Yasamal Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-727/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməklə, Yasamal Bələdiyyəsinin sərəncamı və müvafiq torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarə hüququ ilə məxsus Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi, 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinə dair icarə hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Bələdiyyəsi sədrinin 04 aprel 2007-ci il tarixli 29/2 saylı sərəncamına əsasən, 04 aprel 2007-ci il tarixində Yasamal Bələdiyyəsi ilə İddiaçı arasında müvafiq qaydada torpaq icarəsi müqaviləsi imzalanaraq, yuxarıda göstərilən ünvanda yerləşən 345 kv. metr torpaq sahəsi onun istifadəsinə və sahibliyinə verilmişdir. Həmin vaxtdan hazırki vaxtadək qeyd edilən torpaq sahəsi onun faktiki istifadə və sahibliyindədir və heç bir dövlət, bələdiyyə və ya özəl təşkilat və qurumlar və eyni zamanda digər vətəndaşlar tərəfindən mübahisələndirilməmişdir və mübahisələndirilmir. Qeyd edilən torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün 18 yanvar 2021-ci il tarixində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və onun ərizəsi ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. Ərizənin son icra tarixi kimi 03 mart 2021-ci il tarixi qeyd edilidiyi halda bu günə qədər, yəni 10 mart 2021-ci il tarixinə, nəinki bir cavab hasil edilməmiş, heç torpaq sahəsinə mühəndis tərəfindən baxış belə keçirilməmişdir. Hazırda qanunvericiliyin tələblərinə uygun 15 gün, xüsusi araşdırma tələb edildikdə 30 gün müddət müəyyən edildiyi halda, 51 gün ötməsinə baxmayaraq ərizəyə rəsmi cavab verilməmişdir. Qanunvericiliyin və icarə müqaviləsinin tələbləri iddiaçı tərəfindən tam riayət etməklə, torpaq sahəsindən istifadəyə görə müəyyən edilmiş rüsumları və digər öhdəliklər vaxtında icra edilir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin əraziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşmiş və bir hissəsi ümumi istifadədə olan yoldur. Bu barədə vətəndaşa **********32 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan Azərbaycan Respublikası torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarhq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-727/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Yasamal rayon Yasamal Bələdiyyəsinin 29/2 №-li 04 aprel 2007-ci il tarixli sərəncamı və 8/16 №-li 04 aprel 2007-ci il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsi,12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinə dair iddiaçının icarə (istifadə) hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti vermiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir və bir hissəsi ümumi istifadədə olan yoldur. İddiaçı tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyə qərarı ərizəyə əlavə edilməmişdir. Təqdim edilmiş cizgidə perimetrik ölçülər, istinad və məsafələr göstərilməmişdir. Naturada göstərilən torpaq sahəsi doqquzmərtəbəli yaşayış binasından 13 metr məsafədə yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan; - İddiaçıya məxsus AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1950-ci ildə Xocalı şəhərində doğulmuş İddiaçı Əhməd qızı Xocalı şəhərində qeydiyyatdadır. - Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 133 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. - Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 №li xx.xx.2007-ci il tarixli sərəncamından görünür ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində məskunlaşan məcburi köçkün, Xocalı uğrunda gedən döyüşlərdə faciəvi surətdə şəhid olmuş X4 arvadı Xocalı rayon sakini İddiaçı ərizə ilə Yasamal rayon Bələdiyyəsinə müraciət edərək, Xiyabani küçəsində 12 saylı binanın yaxınlığında faktiki abadlaşdıraraq, istifadə etdiyi 345 kv. metr torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı məcburi köçkün düşdükdən sonra həqiqətən həmin sahəni məişət tullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin 345 kv. metr ərazidə gələcəkdə öz vəsaiti hesabına tikinti aparmaq istəyir. Qeyd olunanlar nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində məskunlaşan məcburi köçkün, İddiaçı tərəfindən Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında 345 kv. metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktının təsdiq edilməsi və vergi ödəyicisi kimi qeydə alınması; “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 345 kv. metr torpaq sahəsinin vətəndaş İddiaçı icarəyə verilməsi; torpaq sahəsinin icarəyə verilməsi şərtlərinin müqavilə əsasında tənzinmlənməsi qərara alınmışdır. - 04 aprel 2007-ci il tarixli 8/16 saylı “Torpaq icarə müqaviləsi”ndən müəyyən olunur ki, qeyd olunan müqavilə bundan sonra “İcarəyəverən” adlandırılacaq nizamnamə əsasında fəaliyyət göstərən Yasamal Bələdiyyəsi (onun sədri Z.R.Cəfərov şəxsində) bir tərəfdən, bundan sonra “İcarəçi” adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən Bakı şəhəri Yeni Yasamal yaşayış massivi 12 saylı binanın yaxınlığı, Xiyabani küçəsində yerləşən ümumi sahəsi 345 kv. metr olan torpaq sahəsinin müvəqqəti istifadə üçün icarəyə verilməsinə dair bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən torpaq icarə müqaviləsi, torpaq sahəsinin sərhədləri, yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “İcarəyəverən” “X2 edilməsi haqqında” Azərbaycan Respublkası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 İİQ saylı Qanunu iə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli qərarına əsasən Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 2912 saylı qərarı əsasında Bakı şəhəri, Yeni Yasamal Y/M 12 saylı binanın yaxınlığında Xiyabani küçəsində yerləşən ümumi sahəsi 345.00 kv. metr olan torpaq sahəsinin müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən İcarə müqaviləsi 06 aprel 2007-ci il tarixdən 06 aprel 2037-ci il tarixədək bağlanmışdır. - Bakı şəhəri Yasamal Bələdiyyəsi İcra aparatı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində məskunlaşan İddiaçı istifadə etdiyi Yeni Yasamal Y/M 12 saylı binanın yaxınlığı Xiyabani küçəsində yerləşən 345 kv.metr torpaq sahəsinə dair situasiya planı hazırlanmışdır. -Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsi tərrəfindən verilmiş xx.xx.2019-cu il tarixli 573 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal 12 saylı binanın yaxınlığında Xiyabani küçəsində yerləşən torpaq sahəsinə görə icarə haqqı xx.xx.2019-cu il tarixədək borcu tam ödənilmişdir. -İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********32 №li 19 mart 2021-ci il tarixli məktubda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı göstərilən torpaq sahəsi ümumi istifadədə olan yaşıllıq "ərazisində yerləşmiş və bir hissəsi ümumi istifadədə olan yoldur. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Kommitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli XO-03-2021-04241 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında 345 kv. metr torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilibedilməməsi, edilmişdirsə bununla bağlı rəyin (təsdiqedici sənədlərlə birlikdə) təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2021-ci il tarixli 2-1(112)-4947/2021 nömrəli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzində baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində heç bir sənəd aşkar edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2498 saylı ekspert rəyindən görünür ki, Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 saylı xx.xx.2007-ci il tarixli sərəncamına və Bakı şəhər Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8/16 nömrəli xx.xx.2007ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinin Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunan Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 saylı xx.xx.2007-ci il tarixli sərəncamına və Bakı şəhər Yasamal rayon bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8/16 nömrəli xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsinin faktiki ölçüləri eni 10 metr, uzunluğu 34,5 metr olmaqla, sahəsi 345 kv. metr təşkil edir. Təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazidə hər hansı bir yaşıllıq sahəsi müəyyən edilməmiş və ümumi istifadə olunan nəqliyyat və piyada yolundan kənarda yerləşir Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2498 saylı ekspert rəyindən görünür ki, Bakı şəhər Yasamal rayon Bələdiyyəsi sədrinin 29/2 saylı xx.xx.2007-ci il tarixli sərəncamına və Bakı şəhər Yasamal rayon Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8/16 nömrəli xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Xiyabani küçəsi 12 saylı binanın yaxınlığında yerləşən 345 kv. metr torpaq sahəsinin Bakı şəhəri Yasamal rayonu Yasamal Bələdiyyəsinin mülkiyyətində olan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazidə hər hansı bir yaşıllıq sahəsi müəyyən edilməmiş və ümumi istifadə olunan nəqliyyat və piyada yolundan kənarda yerləşir. Məhkəmə müvafiq ekspert rəyinə və “X2 edilməsi haqqında” AR Qanunun 6.2- 6.9-cu maddələrinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki iddianın növü öhdəliyin icrasına dair iddiadır və mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası. 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması. 9.1.3. Bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının əsasları: Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir(19.1) Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir(19.2). Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır (19.3). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsindən ibarətdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edəndigər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 47–ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərininobyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar icarəyə verilə bilər. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Maddə 6.5); Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (Maddə 6.9). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan da müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla, iddiaçının istifadəsindədir. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyildir. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-727/2022 saylı, 02 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar