Məhkəmə qərarları › İş №2-1(103)-1952/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1952/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1952/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008- ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçiçi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Dövlət quruluşunun qorunmasında, Azərbaycan Respublikasının ərazisində sabitliyin təmin edilməsində, Dövlət çevrilişi cəhdlərinin, təxribatların, terror aktların, digər cinayətlərin açımasında, onların istintaqının aparılmasında müsbət nəticələr göstərməsinə görə dəfələrlə təltif olunmaqla yanaşı, Azərbaycan Respublikası sabiq X3 sərəncamı ilə “İgidliyə görə” medalı ilə şəxsən tərəfindən təltif edilmiş, fəaliyyətinə və yüksək göstəricilərinə görə Azərbaycan Respublikası Prezidentinin 2979 nömrəli 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, prokurorluq orqanlarında və məhkəmə sistemində iş stajının müddəti cəmi 38 (otuz səkkiz) il 04 (dörd) ay 27 (ifirmi yeddi) gün olması mübahisələndirilməyən haldır. Buna baxmayaraq cavabdehin 31 yanvar 2024-cü tarixli məktubundan görünür ki, ona yaşa görə əmək pensiyası hesablanarkən prokurorluq orqanlarında olan xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Göründüyü kimi, Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filial istər “Məhkəmələr və hakimlər haqqında”, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə barədə” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozaraq, Qanunları icra etmək əvəzinə özlərinə sərf edəcək formada Qanunlara izah vermişlər. Cavabdeh tərəfindən ona hakim kimi əmək pensiyası təyin edərkən, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da buna daxildir. Belə ki, hakim fəaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması müstəqilliyinin göstəricisi olmaqda, eyni zamanda gələcəkdə pensiya təminatına da əmin olmaqla, maddi rifahı barədə gələcəklə əlaqədar tərəddüdü və narazılığı olmamalıdır. Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73- cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109cu maddəsinin müddəaları da bu prizmadan, yəni Konstitusiyanın 126-cı maddəsində, 127-ci maddəsinin 1 və 2-ci hissələrində, 128-ci maddəsinin 1-ci və 2-ci hissələrində, həmçinin də beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir edilməlidir. Nəzərə almaq lazımdır ki, konstitusion hüquqi dəyərlər şəxsin hakim vəziyyətdə işlədiyi dövrdə mövcud olan daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəaların tətbiqini şərtləndirir və zəruri hesab edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “20.0.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hakimlərin səlahiyyət müddətdə olmuş və tədricən dəyişdirilmiş, hakimlərə daha üstün sosial müdafiə təminatını əks etdirən qanunvericiliyin müddəları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliyinin dəyişdirilməsindən asılı olmayaraq, öz qüvvəsini saxlamalıdır. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyinin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişiklərinin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiyanın təminatına neqativ təsirini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli arayışına görə, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq üçün müavinətlər daxil olmuş, habelə göstərilən bütün həmin müavinətlərdən ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq məqsədi ilə müavinətlər verildiyindən, ona pensiya təyin olunarkən, bütün müavinətlər, ödənişlər və çıxılmalar birmənalı şəkildə nəzərə alınmalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, sonradan isə 1238 saylı 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığından, Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə onun hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi əmək stajına daxil edilməklə; onun 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023- cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə; hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmdə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla, hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərininin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavəsi 2556,00 manat, digər növ əlavələri 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi- 4051,90 manat məbləğində müəyyən edilib. Aparılmış yenidən hesablama barədə (yəni iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsi barədə) xx.xx.2024-cü il tarixində 3-17-1/3-7- 256/2024 nömrəli yenidən hesablama barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı Mərkəzi filiala ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3188/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-260/2025 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3188/2024 nömrəli qərarı “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı”nın qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən, digər məbləğlərlə yanaşı, cədvəldə göstərilən bütün məbləğlərin də nəzərə alınmasını vəzifə olaraq cavabdehin üzərinə öhdəlik olaraq qoymuşdur. Lakin sözügedən məbləğlərin iddiaçı tərəfindən alınıb-alınmaması və onların MDSS-ə ödənilibödənilməməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda işin 9-cu səhifəsində olan Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya verdiyi “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda göstərilmiş bir neçə məbləğlərin, o cümlədən 4707,90, 1774,60, 6482,50, 6702,90, 7813,20, 14295,70 manat (“məzuniyyət pulu” kimi qeyd edilmiş) və 8726,90, 17453,80 manat (“müavinət pulu” kimi qeyd edilmiş) hesablanması mənbələri haqqında işdə heç bir məlumat mövcud deyildir ki, bu da onların tam və hərtərəfli araşdırılmasını tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən, yəni məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı məbləğlərinin pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən - “iddia tələbinin məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının təmin edilməsi” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 387 nömrəli, 30 dekabr 2023-cü il tarixli “Səlahiyyətlərinə xitam verilmiş hakim İddiaçı əmək haqqının ödənilməsinin dayandırılması haqqında” Əmrinə əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsiüçün son yaş həddinə çatması nəzərə alınaraq Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi İddiaçı 30 dekabr 2023-cü il tarixdən əmək haqqının ödənilməsi dayandırılmışdır. - Məhkəmə-Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli Qərarından çıxarışa əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 2023-cü il 30 dekabr tarixdən xitam verilməsi qərara alınmışdır. - “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan görünür ki, İddiaçı 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqı aşağıdakılardan ibarət olmaqla, ümumi məbləği 166382.86 (bir yüz altmış altı min yüz səksən iki manat 86) qəpik təşkil etmişdir. - İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Qazax rayon Ağstafa qəsəbəsi üzrə 3-cü (üçüncü) dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci ildə “Qazaxpromostroy” SU Trest-3-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildə xx.xx.1985-ci ildə təhsil almış, xx.xx.1985-ci ildən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 yanvar 2024-cü il tarixli, 3- 17-1/2-M-22520/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 2556,00 manat, digər növ əlavələr 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib. İddiaçı təyin edilmiş pensiya məbləği ilə razılaşmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “ “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-ci maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: 106-ci maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq sözü” və “edilir” sözündən sonra “ və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. - hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. - səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunun aylıq pul təminatı verilir. 12 iyul 2019- cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır;. - Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqq verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən ”və iki aylıq əmək haqq məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı həmin pul təminatını almışdır; - 8 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Qanunun 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakimlərə müalicə olunması üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla,ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə , hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Eyni zamanda əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2023-cü il tarixədək işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qərarı ilə - cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı”nın qüvvədə saxlanılması hissəsində ləğv edilmişdir. Belə olan halda hazırkı apellyasiya baxışının predmetini - birinci instansiya məhkəməsi qərarının – iddia tələbinin məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişləri nəzərə alınmış və iş üzrə Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə İddiaçı verilmiş Əmək pensiyasına quluq stajına görə əlavələrin hesablanması üçün arayışda göstərilmiş bir neçə məbləğin o cümlədən 4707,90, 1774,60, 6482,50, 6702,90, 7812,20, 14295,70 manat ( məzuniyyət pulu kimi qeyd edilmiş) və 8726,90 17453,80 manat (müavinat pulu kimi qeyd edilmiş) hesablanması mənbələrinin təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı Bakı Apellyasiya Məhkəməsində işlədiyi 01 yanvar 2022-ci – 30 dekabr 2023-cü il dövr üçün verilmiş “ Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda "məzuniyyət pulu” kimi qeyd edilmiş 4707.90, 1774.60 (cəmi 2022-ci il üzrə 6482.50 man), 6702.90, 1110.30 (cəmi 2023-cü il üzrə 7813.20 man.) və ümumi 2022-2023-cü illər üçün 14295.70 man., vəsait hakim tərəfindən məzuniyyətə gedərkən alınmış məzuniyyət haqqıdır. Məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 dekabr 2019-cu il tarixli, 468 nömrəli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına əsasən hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən aparılır. Həmin arayışda 2022-ci ilin fevral ayında 8726.90 manat və aprel ayında 8726.90 mant vəsait 01 sentyabr 2022-ci il tarixədək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun əsasən hakimlərə məzuniyyətə gedərkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və ildə bir dəfə müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatıdır. 01 sentyabr 2022-ci il tarixdən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən bu ödənişlər ləğv edilmişdir. Qeyd olunan ödənişlərin maliyyə mənbəyi dövlət büdcəsidir” (Baş mühasib Zemfira Dadaşova) “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqq verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən ”və iki aylıq əmək haqq məbləğində müavinət” sözləri çıxarılmışdır. 8 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Qanunun 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakimlərə müalicə olunması üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Təqdim edilmiş məktubdan da göründüyü kimi qeyd edilən - 4707,90, 1774,60, 6482,50, 6702,90, 7813,20, 14295,70 manat və 8726,90, 17453,80 manat məbləğlərin - “məzuniyyət pulu” və “müavinət pulu” olması, həmçinin iddiaçı tərəfindən alınması ətraflı şəkildə göstərilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqqədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan müavinətləri almaq hüququ onun hakim kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə yaranmış və təmin olunmuşdur. Bu məbləğlərin əmək pensiyasına əlavə kimi nəzərə alınması Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə və hüquqi sabitlik prinsipinə tam uyğundur. Bu baxımdan apellyasiya instansiya məhkəməsi iddia tələbinin həmin hissəsinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən - “iddia tələbinin məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının təmin edilməsi” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirilən – “iddia tələbinin məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatının təmin edilməsi” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar