Məhkəmə qərarları › İş №2-1(103)-1953/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1953/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1953/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin iddiaçının mərhum həyat yoldaşı X1 məxsus hansı hüquqa (mülkiyyət, icarə, istifadə və s.) dair arayışın verilməsi göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə qərarının İdarə tərəfindən icra edilməsi mərhələsində müəyyən çətinliklər yaranmışdır. Belə ki, qeyd edilən məhkəmə qərarının nəticə hissəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin iddiaçının mərhum həyat yoldaşı X1 məxsus hansı hüquqa (mülkiyyət, icarə, istifadə və s.) dair arayışın verilməsi göstərilmədiyindən qərarın icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-446/2021 saylı qərardadı ilə cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-446/2021 nömrəli qərardadı ləğv olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi qeyd olunmuşdur. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qərarının nəticə hissəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin iddiaçının mərhum həyat yoldaşı X1 məxsus hansı hüquqa (mülkiyyət, icarə istifadə və s.) dair arayışın verilməsi göstərilməmişdir. Məhkəmə qərarının nəticə hissəsində göstərilən hallar dəqiqliklə qeyd edilmədiyinə görə məhkəmə qərarının icrasında müəyyən çətinliklər yaranmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq məhkəmə qərarına izah verilməsi barədə İdarənin ərizəsini təmin etməmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 2-1(112)-446/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardad ləğv olunmalı, 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsi təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1018/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1399/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1018/2022 nömrəli, 31 mart 2022-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik zərurət olduqda qətnaməyə, o cümlədən qərardada onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Hazırki iş üzrə iddia ərizəsindən və qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-446/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından mübahisələndirilən bağ sahəsinin iddiaçının mərhum həyal yoldaşı X1 məhz mülkiyyət hüququ əsasında məxsus olması ifadə olunmuşdur. Qeyd olunan qərar aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaranmasına səbəb olacaq hər hansı ifadələrə yol verilməmişdir. Göründüyü kimi, məhkəmə qərarı aydındır, onun məzmununda anlaşılmazlıq mövcud deyil və onun izah edilməsinə əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar