Məhkəmə qərarları › İş №2-1(103)-1953/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1953/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1953/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2946/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********925400 nömrəli qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********925400 nömrəli qərarının ləğv olunması və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, hazırkı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********925400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə, hazırkı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üçüncü şəxs kimi inzibati məhkəmə icraatında icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini baş vergi xidməti müşaviri X1 vergi ödəyicisi İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********925400 №-li qərarı qəbul edilmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçı MMC (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. 15.11-xx.xx.2022-ci il tarix aralığında "xxxx" MMC tərəfindən E-qaimə üzrə 50066 manat dəyərində “dolğu materialı” təqdim edildiyi halda həmin mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməmiş, İddiaçı MMC-nin qeydiyyata alınmış 3 obyekti və əmək müfəttişliyinin hesabatına əsasən 38 işçisi olduğunu nəzərə alaraq, vergi ödəyicisinin əməliyyatları riskli hesab olması qənaətinə gəlinmişdir. Vergi orqanının gəldiyi nəticə ilə razı deyillər. Qərarda göstərildiyi kimi, hər hansı bir əməliyyatın aparılmasına texniki səhvin olması ilə şirkətin fəaliyyətini tamamilə dayandıra bilən qərarın qəbul edilməsi əsassızdır. Faktiki olaraq belə bir qərar qəbul edilməklə şirkətin fəaliyyəti tamamilə dayanır. Halbuki, kifayət qədər əməliyyatların aparılmasını təsdiq edən təsdiqləyici sənədlər vardır. Həmin sənədlər məhkəməyə təqdim olunacaqdır. Hesab edirlər ki, vergi orqanının vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********925400 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və İddiaçı MMC riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020ci il tarixli 265 nömrəli qərarında “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” qeyd olunmuşdur ki, müəssisənin fəaliyyətində faktiki olaraq qeyd olunan risk meyarı mövcud deyildir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Qanunun bu normasında nəzərdə tutulan riskli əməliyyat, o cümlədən digər risk meyarı olmadığı halda müəssisənin barəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, vergi ödəyicisi olan İddiaçı MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən (bu meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1-vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli **********925400 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. 15.11-xx.xx.2022-ci il tarixi aralığında İddiaçı MMC tərəfindən E-qaimə üzrə 50066 manat dəyərində “dolğu materialı” təqdim edildiyi halda həmin mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmış və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin meyarın 2.1.8-ci bəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2946/2024 nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 09 mart 2023-cü il tarixli **********925400 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi idxal etmədiyi və ya alışında olmayan malı təqdim etmişdir. Məhkəmə isə sırf hərfi yanaşaraq vergi ödəyicisi tərəfindən hazırda istinad edilən normativ hüquqi aktın tələblərinə əsasən riskli hesab edilən əməliyyatı bilinməyən bir əsasla riskli olmayan hesab etmişdir. Hazırkı halda isə iddiaçı tərəfin alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Bu hal isə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1.bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə riski vergi hesab edilərək müvafiq qərar qəbul edilir. Bu isə o deməkdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilən mal çeşidi yəni, “dolğu materialı” onun idxalında və alışında öz əksini tapmış malların çeşidi ilə eyniyyət təşkil etmir. Nə qədər ki, dolğu materialı çeşidi həm idxalda, həm də alışda öz əksini tapmır, bu zaman iddiaçının təqdim etdiyi mal çeşidi və idxalında və alışında öz əksni tapan mal çeşidlərindən fərqlənir bu hal da birbaşa “Riskli vergi ödəyicisinin, o cümlədin riskli əməliyyat meyarlarının 3.1.1-ci maddənin tələblərini ödəyir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2766/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasassiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il 2- 1(102)-215/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2766/2024 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********925400 nömrəli qərarına əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları: (mübahisələndirilən qərar qəbul edildiyi zaman qüvvədə olan redaksiya) 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının riskli əməliyyatı kimi onun 15.11- xx.xx.2022-ci il tarix aralığında e-qaimə üzrə 50066 manat dəyərində təqdim etdiyi “dolğu materialı”nın vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməməsi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti var. Belə ki, bu konsepsiya vergi orqanlarına potensial vergidən yayınma hallarını və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi istiqamətdə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulmasına (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, hüquqi əsaslarla fəaliyyət göstərən digər şirkətlərin müvəffəqiyyətinə mane olurlar), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, cəmiyyətin vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətinin izlənilməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənilməsi, qanunsuz maliyyə axınlarının qarşısının alınmasına xidmət etməklə, vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Meyarların 3-cu bəndinin hazırkı hala tətbiq edilməməsi ilə bağlı gəldiyi nəticə həmin normanın dar və hərfi mənada təfsiri ilə bağlı olmuşdur. Belə ki, Meyarların 3.1-ci bəndinə əsasən, həm vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, həm də vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və ya “N” sayda), həmin malın sayından artıq mal satması riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaratmış olar. Hazırkı iş üzrə iddiaçı tərəfindən 15.11-xx.xx.2022-ci il tarixi aralığında e-qaimə üzrə 50066 manat dəyərində “dolğu materialı” təqdim etdiyi halda həmin mallar onun alışında və idxalında müəyyən edilməmiş, iddiaçı tərəfindən buna dair hər hansı sənəd ə vergi orqanına, nə də məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən Meyarların 3-cu bəndi tətbiq edilməklə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2946/2024 nömrəli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2946/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar