Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1954/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2 MMC-yə qarşı “məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 işəgötürən olduğu “sosial agent”lərin seçilmə və işəgötürülmə prosesi, bu prosesdə konkret olaraq iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Cavabdeh2 struktur bölmələri haqqında ona yazılı və şifahi şəkildə ətraflı məlumatın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində mütəmadi olaraq işəgötürənin "X1" MMC kimi qeyd olunduğu "sosial agent” vakansiyaları yerləşdirilir. O həmin vakansiyaların birində işlə təmin olunmaq məqsədi ilə "X1" MMC-yə yazılı müraciət edən zaman onun müraciətinə baxılmaq üçün qəbul edilmiş, MMC-nin əməkdaşları şifahi olaraq ona bildirmişdirlər ki, onlar vətəndaşları ancaq ictimai –işlərə cəlb edirlər, "sosial agentlərin seçimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlara məlum olmayan struktur bölməsi tərəfindən aparılır. Bu barədə ətraflı məlumat almaq və "sosial agent" lərin nazirliyin hansı struktur bölməsi tərəfindən seçildiyini öyrənmək məqsədi ilə dəfələrlə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir və ərizələrinin birində sorğu göndərmişdir. Həmçinin digər dövlət qurumlarına da müraciət etmişdir. Bütün müraciətləri "X1" MMC-yə yönləndirilmişdir və bütün müraciətlərinə cavab olaraq "X1" MMC tərəfindən ona göndərilmiş cavab məktubunda ancaq ictimai işlər barədə məlumat verilmişdir, “sosial agent” vakansiyası barədə heç nə qeyd olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şikayətinə baxılmamış, göndərdiyi sorğuya cavab verilməmişdir. Bundan sonra O, 02 noyabr 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "sosial agent"lərin nazirliyin hansı struktur bölməsi tərəfindən seçilmələri haqqında məlumat verilməsi tələbi ilə əlavə informasiya sorğusu göndərərək, müraciət etmişdir. Həmçinin sorğunun icra edilməsinə kömək edilməsi xahişi ilə Ombudsmana müraciət etmişdir. Sonuncu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə telefonla zəng etmişdir. Oradan ona bildirilmişdir ki sosial agentlərin seçimi "X1" MMC-nin özü tərəfindən aparılır, yalnız nazirliyin öz aparatında “sosial agenflərə ehtiyac olduqda seçimi Dövlət qulluğu və kadrlarla iş şöbəsi aparır. Beləliklə nazirlik və MMC bir-birlərinə zidd çıxış edərək problemi bir- birlərinə yönəltmiş oldular. O, təkcə bu sualına cavab almaq məqsədi ilə deyil, “sosial agentlərin işə götürülmə prosesi barədə daha ətraflı məlumat əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2nə qarşı məlumat verilməsi tələbinə dair iddiası Cavabdeh2nə münasibətdə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, DOST Agentliyi və Cavabdeh2 MMC müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumu olduğundan onları inzibati orqan hesab etmək olar. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)- 2580/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi orqan -Cavabdeh2 inzibati orqan olmadığından sonuncuya münasibətdə işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi ona münasibətdə inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh2 həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətində iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə, “Dayanaqlı və Operativ Sosial Təminat Agentliynin Nizamnaməsinə istinad edərək belə nəticəyə ki, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumu və publik şəxs olduğundan, onun yaratdıdığı törəmə təsərrüfat cəmiyyəti də (cavabdeh MMC-ni nəzərdə tutur) inzibati orqanhesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Agentlik öz Nizamnaməsinin 1.1-ci bəndinə əsasən publik şəxs olsa da, habelə 3.1.27-ci bəndinə müvafiq olaraq fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək səlahiyyətlərə malik olsa da, bu səlahiyyətlər avtomatik olaraq onun yaratdığı MMC-yə keçə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli, 2-1(112)-2580/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1954/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1954/2021
18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver