Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1954/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarş “reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2022 saylı 01 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzili üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5045/2022 saylı 01 mart 2022-ci il tarixli qərarı poçt vasitəsilə 09.03.2022-ci il tarixli məktubla cavabdeh inzibati orqanın iş materiallarında olan ünvanına göndərilmiş və 16.03.2022-ci il tarixdə poçt xəbərnaməsinin “etibarnamə ilə” qrafasının qarşısına “Mirzəliyev” yazılaraq imza edilməklə (i.v.55) qəbul edilmişdir. Bu fakt iş materiallarında olan (i.v.62) 09.03.2022-ci il tarixli məktubun üzərində olan poçt ştempelində də öz təsdiqini tapır. Apellyasiya şikayəti isə 25.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması 11.05.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana göndərilmiş 04.05.2022-ci il tarixli məhkəmə bildirişində Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2022 saylı 01 mart 2022-ci il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə isə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda 01.03.2022-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdeh inzibati orqana münasibətdə son müddət 15.04.2022-ci il tarix hesab olunur. Lakin cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddət ötürülməklə 25.04.2022-ci il tarixdə daxil olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş surətli poçt qəbzinə münasibətdə isə qeyd olunur ki, sözügedən qərardan verilmiş apellyasiya şikayəti 14.04.2022-ci il tarixdə sürətli poçt xidmətinə təqdim edilmiş, “çatdırılmışdır” qrafasında “19.04.2022-ci il tarix” (bu tarixin kim tərəfindən qeyd olunması məlum deyil) göstərilsə də, apellyasiya şikayəti məhkəmə tərəfindən 25.04.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti sürətli poçt xidmətinə 14.04.2022-ci il tarixdə təqdim olunduqdan sonra onun belə növdə xidmət tərəfindən məhkəməyə 5 gündən sonra-19.04.2022-ci il tarixdə çatdırılması və məhkəmənin də apellyasiya şikayətini 6 gün saxladıqdan sonra 25.04.2022-ci il tarixdə qeydiyyatdan keçirməsi həqiqəti əks etdirmir və apellyasiya şikayətinin reallıqda cavabdeh inzibati orqan tərəfindən prosessual müddət ötürülməklə verildiyi anlamına gəlir. Buna görə də məhkəmənin hüquqi yardımla bağlı 04.05.2022-ci il tarixli məhkəmə bildirişi cavabdeh inzibati orqanın nümayəndəsinə təqdim edilsə də, məhkəmə iclasında sonuncunun nümayəndəsi iştirakını təmin etməmiş və 01.03.2022-ci il tarixli məhkəmə qərarından qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ərzində şikayət verməsini təsdiq edən müvafiq sübutları təqdlim etməmiş və ya prosessual müddəti üzrlü səbəbdən ötürdüyü təqdirdə həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı onun bərpa edilməsinə dair ərizə verməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdeh inzibati orqana apellyasiya qaydasında mübahisələndirdiyi 01.03.2022-ci il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə onun üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiyanın mümkün sayılmamasını məhkəmədə xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5045/2022 saylı 01 mart 2022-ci il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1954/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1954/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver