Məhkəmə qərarları › İş №2-1(103)-1955/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1955/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1955/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1802/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «iddiaçıya təyin olunmuş əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 60 yaşı tamam olmuşdur. 2002-ci ildən ağır hipertoniya xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkir. Bir neçə ildir, Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər Poliklinikasında ürək və hipertoniyalı xəstə kimi uçotdadır. 7 iyun 2010-cu il tarixdə səhhətində çox ciddi pisləşmə yarandığından X8 müraciət etmiş və burada ürək angioqrafiyasından keçmişdir. Nəticə olaraq məlum olmuşdur ki, ürək çatışmazlığı və hipertoniya xəstəliyi səhhətində çox ciddi problemlər yaratmışdır. Belə ki, bütün tac damarlarda və köməkçi təchizat damarlarında 75, 80, 92 və s. faiz daralmalar aşkar edilmişdir. Ürəyində yaranmış ağır problemlərlə əlaqədar 8 iyun 2010-cu il tarixdə X9 ürək əməliyyatı keçirmiş və ürəyində 5 – 6 şuntlama əməliyyatı aparılmışdır. Bundan bir müddət sonra səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ürək xəstəsi kimi uçotda olduğu Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər X4 Komissiyası tərəfindən forma-88 göndərişi Binəqədi rayon Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. 23 noyabr 2010-cu il tarixdə Binəqədi rayon TSEK-dən tibbi müayinədən keçmiş və səhhətindəki ağır problemlərə görə ona 2-ci qrup əlillik müəyyən edilmişdir. 2010-cu ildən 2015-ci ilədək hər il TSEK komissiyasından keçmiş və onun 2-ci qrup əlil olmağı təsdiqlənmişdir. 2015-ci ildə təkrar TSEK müayinəsindən keçmiş və onun əlilliyi daha 5 il müddətinə təsdiqlənmişdir və növbəti müayinə vaxtı 2020-ci ilin dekabr ayına təyin edilmişdir. Bu illərdə bir neçə dəfə xəstəxanalarda yatmış, fasiləsiz olaraq antisklerotik, antikoaqulyan, antihipertenziya, beta blokatorlar müalicəsi almışdır. 20 ildən çox müddətdir ki, fasiləsiz olaraq gündə 4 – 5 dərman içir, içdiyi dərmanlar onda mədə problemi də yaratmışdır, artıq mədəsi də ona ciddi ağrılar verir. Yaxşılaşmalar az müddətli olduğundan, dəfələrlə ETKİ və Ə.D.Məlikov adına 6 saylı BŞX-da stasionar müalicə almış, özəl klinikalarda müayinə və müalicələrdən keçmişdir. Daimi olaraq ürək nahiyəsində yandırıcı, basıcı, sol kürək, sol qola kəskin ağrı və sancı verən ağrılardan, tənginəfəslikdən, boğulmalardan, ürək döyünmədən, tez yorulmadan əziyyət çəkir. Son illərdə 7 oktyabr 2019-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixədək X10 İnstitutunda və 11 noyabr 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək Ə.D.Məlikov adına 6 saylı BŞX-də statsionar müalicə almasına baxmayaraq, onun səhhətində hər hansı yaxşılaşma olmamışdır. 2020-ci ilin dekabr ayında əlillik qrupunun müddəti bitdiyinə görə Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər X5 Komissiyası tərəfindən forma 88 göndərişi 29 dekabr 2020-ci il tarixdə TSEK-ə göndərilmişdir. TSEK-dən imtina cavabı gəlmişdir və TSEK ona yenə xəstəxanada müalicə almağı məsləhət görmüşdür. Bundan sonra Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər Poliklinikasının göndərişi ilə X10 İnstitutuna stasionar müalicəyə göndərilmiş, lakin burada yer olmadığından, Poliklinika onu yenidən Ə.D.Məlikov adına 6 saylı BŞX-na göndərmiş və burada 18 yanvar 2021-ci il tarixdən 25 yanvar 2021-ci il tarixədək müalicə almışdır. Onun səhhətində yaxşılaşma olmadığından, xəstəxanaların müvafiq epiqriz, xəstəlik tarixçələri, uzun illər ürək xəstəsi kimi uçotda olmağı həqiqi xəstə olmağına əsas verdiyi üçün Binəqədi rayonu 9 saylı şəhər X5 Komissiyası tərəfindən təkrar forma 88 göndərişi doldurularaq əlillik müddətinin uzadılması üçün 13 mart 2021-ci il tarixdə TSEK-ə göndərilmişdir. 4 aydan sonra imtina cavabı gəlmişdir və TSEK ona yenə də xəstəxanada yatmağı məsləhət görmüşdür. Bu cür tələb və tövsiyyə qanuna tamamilə ziddir. Bu hal isə, onun çox həyəcanlanmağına, səhhətinin daha da pisləşməsinə, sosial rifah halının və maddi vəziyyətinin çox çətinləşməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən hüquqları pozulur. Həqiqi xəstə olduğu üçün TSEK tərəfindən məsələyə qanun, məntiq, ədalət və insaf müstəvisində baxılmasına onun ehtiyacı var. Səhətində ciddi problemlərin olması, Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikasında olan şəxsi uçot vərəqəsində, xəstəxanalara göndərişlərdə, xəstəxanaların ona aid müəyyən etdikləri və təsdiqlədikləri xəstəlik tarixçələrində, X6 Komissiyası tərəfindən verilmiş çoxsaylı forma 88-də öz əksini tapmışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2010 – 2015-ci illərdə hər il, daha sonra 5 il müddətinə xəstəliyinin və əlillik dərəcəsinin təsdiqlənməsi, «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olmuşdur. Qeyd olunan Əsasnamədə və «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavələrdə əlilliyin müəyyənləşdirilib təsdiqlənməsi üçün əsas olan xəstəliklərin “xtb-10” təsnifat kodları göstərilmişdir. Bu əlavələrdəki xtb-10 kodlarına və xəstəxanaların ona aid müəyyən etdikləri və təsdiqlədikləri xəstəlik tarixçələrində, həmçinin Binəqədi rayonu 9 saylı Şəhər Poliklinikasının Həkim Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu forma 88-də öz əksini tapmış xtb-10 kodunu nəzərə aldıqda görünür ki, həqiqətən onun səhhətindəki problemlər Tibbi Sosial Ekspert Komissiyası tərəfindəndə təsdiq olunmuş və bundan daha mühümü isə onun mövcud xəstəliyi «Əlilliyin müəyyən olunması meyarlarının təsdiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əlavələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən TSEK-in bu halda dövlətin qanunverici orqanlarının, Nazirlik və qurumlarının (Səhiyə Nazirliyi) qəbul etdiyi qərarları tanımaması və ya şübhə ilə yanaşması nəticəsində onun hüquqları artıq uzun müddətdir pozulur və bu hal sosial narazıçılıq yaradan amillərdəndir. Bu səbəbdən problemin ədalətli həlli naminə məhkəmə orqanlarına müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə ilkin iddia tələbi saxlanılmaqla cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə 9 saylı Şəhər Poliklinikasının 23 noyabr 2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatışmazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 26 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2 : İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => 120.0 – Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: ÜİX qeyri stabil stenokardiya koronar damarların aterosklerozu. Stent implantasiya koronar angioplastika əməliyyatından sonrakı vəziyyət. Hİpertoniya xəstəliyi İİ m.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci – üçüncü dərəcəli çatışmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 29 dekabr 2020-ci il tarixli 0069003AACZM saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 – Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 – Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Sol mədəcik çatmamazlığı İİİ f/s Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, angioplastiakdan sonrakı vəziyyət (xx.xx.2010) Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, göz dibinin retnopatiyası Yanaşı xəstəliklər İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ f/s Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertomiya xəstəliyi İİİ cü mərhələ Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, qida borusunun refleks xəstliyi.erozit qastrit bulvit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti az olduğuna görə ixtisaslaşdırılmış müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. 9 saylı Şəhər Poliklinikasının 13 mart 2021-ci il tarixli 0069003AAC41 saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ20 – İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 – Stenokardiya [döş inağı] => İ20.8 – Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenakardiyası İİİ f.s. Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ sonrakı vəziyyət (xx.xx.2010). Ağırlaşma 150.1 Sol mədəcik çatmamazlığı, Ürək qan damar çatmamazlığı İİİ f.s. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Eroziv qastrit,bulbit. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertenziya İİİ mərhələ. Yanaşı xəstəliklər H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Göz dibinin retinopatiyası. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Müalicə potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması qərarı verilir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1802/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı X1 ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı əlillik vəziyyətinə elektron təyinatla 9 saylı Şəhər Poliklinikasının 14 yanvar 2016-cı il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyətinə 9 saylı Şəhər Poliklinikasının 13 mart 2021-ci il tarixli 0069003AAC41 saylı göndərişi əsasında baxılmış və “Müalicə potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması qərarı verilir.” səbəbi ilə imtina verilmişdir. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir;(1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı X1 əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Belə olan halda, cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(112)-1802/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar