Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1956/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğludan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Zirə nağ massivində yerləşən 0,10 ha torpaq sahəsi olan 75 və 76 saylı bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Akademik M.A.Topçubaşov adına X4 X1 yoldaşlıq təsərrüfatı üzvlərinin 17 may 2000-ci il tarixli 9 və 10 saylı protokollarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 0,10 ha olan 75 və 76 saylı bağ sahəsi İddiaçı verilmişdir. Həmin bağ sahəsi hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edərək qanunvericiliklə tələb olunan bütün sənədləri təqdim edilməsinə baxmayaraq, sonuncu ona ünvanlanmış cavab məktubları ilə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının olmadığı əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh İdarənin imtinası qanunsuz və əsassızdır («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1 və 8.0.7-ci maddələrinə istinadən hesab edir ki, iddia tələbi təmin olunmalıdır (Cavabdehin iddiaçıya ünvanlanmış, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının ərizəsindən imtinasının əsası kimi bildirmişdir ki, iddiaçının adı ilkin siyahıda aşkar olunmamışdır). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə nağ massivində yerləşən 0,10 ha torpaq sahəsi olan 75 və 76 saylı bağ sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bununla yanaşı, müvafiq ünvanda texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Məmmədova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verildiyi vaxtdan bağ sahəsinin hasarlandığını və onun istifadəsində olduğunu bildirərək onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Zirə nağ massivində yerləşən 0,10 ha torpaq sahəsi olan 75 və 76 saylı bağ sahələrinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq, bu barədə ona reyestrdən çıxarış verilməsini tələb etmiş, cavabdeh isə onun adının bağçılıq yoldaşlıq üzvlərinin ilkin siyahısında aşkar olunmadığını bildirərək ona imtina cavabı vermişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçının mübahisəli bağ sahələrinə dair həm üzvlük kitabçası, həm də üzvü olduğu bağçıdıq yoldaşlıq təsərrüfatının üzvlərinin yığıncaq protokollarından çıxarışları vardır. Belə ki, işə əlavə olunmuş, Akademik M.A.Topçubaşov adına X4 X1 yoldaşlıq təsərrüfatı üzvlərinin 17 may 2000-ci il tarixli 9 və 10 saylı protokollarına, habelə, həmin Bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən xx.xx.2000-ci il tarixində iddiaçının verilmiş adına verilmiş üzvülük kitabçasına əsasən müəyyən olunur ki, ona Bakı şəhəri, Xəzər rayonu, Zirə nağ massivində, hər biri 0,05 ha olmaqla, ümumilikdə, 0,10 ha torpaq sahəsi olan, 75 və 76 saylı bağ sahələri verilmiş, və idddiaçı tərəfindən vaxtaşırı olaraq üzvlük haqqları ödənilmişdir. İş mataeriallarından (i.v.1-13) həmçinin görünür ki, xx.xx.2014-cü il tarixində hətta, Azərbaycan Respublikaı DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən iddiaçının adına, koordinatları da göstərlməklə, həmin 75-76 saylı bağ torpaq sahələrinin planı və ölçüsü də tərtib olunmuşdur. Həmin plan-ölçünün «Baş plandan çıxarış» hissəsində təsbit olunan, iddiaçıya ayrılan sahənin şərti işarəsindən, habelə,bağ sahəsinin miqyas ölçülərinə əsasən müəyyən olunur ki, iddiaçının bağ sahəsi kompakt bağ massivinin kənar xəttinin orta hissəsində yerləşir və plan-ölçünün miqyaslı planında isə iki bağ sahəsinin ümumildə ölçüsünün 1000 (27mx37m ) kv. m təşkil etdiyi müəyyən olunur. Hazırkı mərhələdə, AR DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən tərtib olunmuş həmin plan və ölçünün tərtib olunmasına əsas olan ilkin sənədlərin məhkəməyə təqdim olunması üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki: -Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987 ci il 19/340 və xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarlarına əsasən Akademik M.A.Topçubaşov adına X4 X1 yoldaşlıq təsərrüfatına üzvlərinə (85+22) torpaq sahəsi Zirə bağ massivində ayrılmış və ayrıc aktı ilə topaq sahəsinin yeri müəyyən olunmuşdur. Bağçılığın üzvlərinə, o cümlədən, iddiaçıya 75 və 76 saylı bağ sahələrinin verilməsinə dair 9 və 10 saylı protokol qərarlarına əsasən hər bağ üzrə 500 kv.m olmaqla, ümumilikdə, iddiaçının istifadəsinə 1000 kv.m torpaq sahəsi verilmişdir. İddiaçının məhkəməyə verdiyi izahatına əsasən həmin bağ sahələrinin verildiyi vaxtdan onun istifadəsində olduğu və heç kimlə, hər hansı bir mübahisəsi olmadığı müəyyən olunmuşdur. Cavabdeh idarə tərəfindən məhkəməyə təqdim olunmuş Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin Siyahasından görünür ki, qeyd olunan protokollara və üzvlük kitabçasına əsasən iddiaçının istifadəsinə verilmiş olan 75 və 76 saylı bağ sahələri həmin Siyahıda təsbit olunan üzvlərdən kimsənin adında yoxdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, mübahisəli bağ sahəsinə dair iddiaçının adına həm bağçılıq yoldaşlıq təsərrüfatının protokollarının, həm də üzvlük kitabçasının mövcud olmasını və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində protokol və üzvülük kitabaçasının bağçılıq-yoldaşlığın üzvlərinin siyahısına müvafiqliyi fakultativ olaraq təsbit olunmasını, eləcə də, kadastr planı və ölçüsündə həmin bağ sahəsinin kompakt bağ massivinin tərkibində və öz sahə ölçülərinə uyğun olaraq yerləşdiyini, habelə verildiyi vaxtdan iddiaçının istifadəsində olduğunu və onunla bağçılığın hər hansı bir üzvü arasında mübahisə olmadığını və Bağçılığın cavabdeh Siyahısında həmin nömrədən olan hər hansı bağların kimsənin adına qeydə alınmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının adının ilkin Siyahıda olmadığını əsas gətirməklə, 75 və 76 saylı bağ sahələrinin onun adına dövlət reyestrində qeydə alınmasından imtina etməsi əsassız olmuşdur. Ən azından, cavabdeh «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan olaraq iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməzdi. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli bağ sahələrinin iddiaçının adına qeydiyyata alınmasından və ona çıxarış verilməsindən imtina olunması qanunsuz və əsassız olmuş, bununla da onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1956/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1956/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver