Məhkəmə qərarları › İş №2-1(103)-1957/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1957/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1957/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı (üçüncü şəxs: AR Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)- 115/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı X5 cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçıya Gürcüstan Texniki Universiteti tərəfindən 11321 saylı, 12.06.2019-cu il tarixdə verilmiş diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi, həmçinin, bununla bağlı müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl Cavabdeh ilə əvəz edilməsi, Təhsil Nazirliyini isə 3-cü şəxs qismində cəlb edilməsi edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)5140/2020 saylı 27 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl Cavabdeh ilə əvəz edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-115/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2-1(112)-115/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkünlüyü məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və üçüncü şəxsin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən 18.05.2021-ci il tarixdə alınmış, apellyasiya şikayəti isə 17.06.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya onun dinləmə hüququnun təmin edilməsi məqsədilə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 22.07.2021-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda onun tərəfindən nə qeyd olunan sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X5 tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar