Məhkəmə qərarları › İş №2-1(103)-1957/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1957/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1957/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(112)-1733/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən sahəsi 579 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il tarixli sərəncamla verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin üzərində əvvvəllər yaşayış evi olmuşdur, sonradan həmin əmlak sökülmüş yerində digər yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinə həmin dövrdə qeydiyyat vəsiqəsi də verilmişdir. Fərdi yaşayış evi söküldüyü üçün o qeydiyyatın ləğv edilməsi, torpaq sahəsinin azaldılmasına etiraz etməmək barədə notarial təsdiq edilmiş ərizədə təqdim edərək xahiş etmişdir ki, boş torpaq sahəsinə çıxarışın verilməsində köməklik göstərilsin. O, torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavabdeh xx.xx.2021-ci il tarixli **********10 nömrəli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan sonra o DƏDRX-ə xx.xx.2021-ci il tarixdə müraciət ünvanlamışdır. Müraciətinə xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Bildirir ki, onun torpaq sahəsinin nə yanından, nə də ki ətrafından yüksək gərginlikli elektrik xətti keçmir. Bu, tamamilə cavabdehin və onun tabe olduğu idarənin qanunsuz yanaşmasıdır. Bununla da cavabdeh onun hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında torpaq sahəsiə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. Cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsasızdır və məhkəmə qaydası ilə atasından qalan torpaq sahəsinə çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Torpaq sahəsinin dörd tərəfdən daş hasar çəkdirmiş və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3 arayışı, torpaq sahəsinin mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, texniki pasporta əsasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1000 kv.m olsa da, faktiki olaraq 579 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(112)-1733/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(112)-1733/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının müraciətinə cavab olaraq Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi, döngə 3, 7 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 096 nömrəli 20 avqust 1999-cu il tarixli çıxarış, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 61/k saylı 27 noyabr 2003-cü il tarixli əmrdən çıxarış və İddiaçı adına tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti cavabdeh qurum tərəfindən ona təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə ünvan 3 ünvanında yerləşən 1000 kv.m, torpaq sahəsinin 421 kv.metrinin azaldılaraq 579 kv.m. hissəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf yol, üç tərəf qonşudur. Sahədə bir mərtəbəli yaşayış evi və həyət tikilisi var. Qeydiyyat vəsiqəsi və texniki pasporta əsasən yaşayış evi mövcud deyil. Texniki pasporta əasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. Sovxoz tərəfindən torpaq sahəsinə dair cizgi təqdim edilməyib. Torpaq sahəsinin şərq sərhəddində 1,0 aralı kv transformator yerləşir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi, 3 saylı döngədə yerləşən 7 saylı fərdi yaşayış evinin bir hissəsi 537 saylı Komplekt Transformator məntəqəsinin mühafizə zonasında yerləşir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı AR Pİİ-nin X5 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat yoxdur. Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük" sovxozu Azərbaycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun hüquqi bazasında İşlər İdarəsinin tabeliyində “X5” yaradılmışdır. X3 balansında olan torpaq sahələrinin çox hissəsi 1989- cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən “X5” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısı 331 vərəqdə olmaqla məhkəməyə təqdim edilmişdir. Qeyd edilən siyahı tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş, həmin siyahıda İddiaçı adının olmadığı müəyyən edilmişdir. Həmin siyahıda iddiaçının soyadı və ata adı ilə üst-üstə düşən X2 adı olduğu və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 22K saylı sahəyə hüquqlarının qeydə alındığı müəyyən edilmiş, iddiaçı həmin şəxsi tanımadığını, onunla hər hansı qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 36026 nömrəli reyestr kitabının, inventor işi 1645 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 17,3 kv.m olan fərdi yaşayış evi sökülmüşdür. Torpaq sahəsi yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmədiyi halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, eləcə də iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat olmadığından iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur. Kollegiya qeyd edir ki, cavabdeh qurum tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısında İddiaçı adının olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-1(112)-1733/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar