Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1957/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsə qarşı “suallara verilmiş cavabların doğru hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2-1(112)-11599/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2023-cü il martın 5-də keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara dair iddiaçının müraciətinin araşdırılması barədə X4 Apellyasiya Komissiyasının qərarının qanunsuz hesab edilməsi və iddiaçının həmin tapşırıqlara dair verdiyi cavabların doğru hesab edilərək yenidən qiymətləndirilmənin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı Avropa liseyində almışdır. xx.xx.2023-ci il tarixdə keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmişdir. X7 tərəfindən Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara verdiyi cavablar səhv hesab edilmişdir. Bununla razılaşmayaraq Apellyasiya Komissiyasına müraciət etmişdir. xx.xx.2023-ci il tarixdə müraciətinə video bağlantı ilə cavab verilmiş və nəticələr qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının X4 xx.xx.2023-cü il tarixli 9-3/2-13- 1823-42-410/2023 saylı məktubla cavab verilmişdir ki, “sizin xx.xx.2023-cü il tarixdə buraxılış imtahanında 58 nömrəli tapşırıq üzrə yazdığınız yazı və 83 saylı tapşırıqla bağlı müraciətiniz apellyasiya prosesi zamanı fənn üzrə mütəxəssislər tərəfindən araşdırılmış və imtahan nəticəniz qüvvədə saxlanılmışdır. Bu barədə videobağlantı ilə müzakirə zamanı sizə məlumat verilmiş və nəticənizin qüvvədə saxlanılması səbəbi izah edilmişdir. 83 nömrəli tapşırığa aid müraciətinizə cavab olaraq bildiririk ki, test tapşırığı elmi- metodik baxımından doğrudur. Tapşırıq araşdırma tələb edən tapşırıqdır və doğru cavab birmənalıdır. Tapşırıqla bağlı ətraflı izahla X4 saytında (https://dim.20v:az/news/10714/) tanış olmaq mümkündür. 58 nömrəli tapşırığa aid yazı işiniz üzrə ekspert rəyi məktuba əlavə edilir”. Aşağıdakı əsaslara görə Apellyasiya Komissiyasının qərarı qanunsuzdur: “58-ci tapşırıq: İ, İV, V abzasların hər birində məna yaxınlığı baxımından bir-biri ilə qarşılıq təşkil edən sözləri müəyyən edərək yazın (hər abzasa aid bir nümunə). Sinif: 8; 9. Standart: 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir; 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir. “Telekinez – fiziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir. Məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar. Tarixdə telekinetik bacarıqlarının olduğunu iddia edən minlərlə insan olub. Onlar fikrin gücü ilə əşyalara hökm edə bildiklərini iddia etmiş, şou-nümayişlər göstərmiş, insanları özlərinə inandırmışlar. Lakin belələrinin saxtakarlığı ya öz etirafları, ya da insanların müşahidəsi və həyat təcrübəsi nəticəsində təkzib edilmişdir. Məsələn, italyan Evsapiya Palladino seanslarında masanı telekinezlə deyil, ayaqları ilə hərəkət etdirirdi. Yəhudi əsilli Yuri Qeller isə uzun müddət insanları aldatdıqdan sonra öz meneceri tərəfindən ifşa edildi və adi gözbağlayıcı fəndlər işlətdiyi məlum oldu. Təbii ki, bu işə sənət kimi yanaşan insanlar da var. Devid Bleyn, Devid Kopperfıld kimi böyük fokus ustaları göstərdikləri nömrələrin yaxşı hazırlanmış bir gözbağlayıcı fənd olduğunu bildirmiş, bəzən hətta sirlərini açıqlamışlar. Bəs belə nömrələrlə insanları aldadan fırıldaqçıların uğurlarının səbəbi nədir? Əslində, bu insanlar çox zaman qeyri-adi bacarığa malik olduqlarına, qazandıqları nailiyyətlərə özləri də inanırlar. Özünü aldadan insan asanlıqla başqalarını da aldada bilir. Təəssüf ki, biz insanlar çox vaxt möcüzə gözləyirik. Maraqlı faktdır ki, etdiklərini fövqəladə qüvvələrlə bağlayan tək bir şəxs belə indiyə kimi öz bacarıqlarını elmi cəhətdən sübuta yetirə bilməmişdir. Belə insanlar çox vaxt ən adi fiziki qanunlardan xəbərsiz olurlar. Bəs beynin gücü ilə əşyaları hərəkət etdirmək elmi cəhətdən mümkündür? Məlumdur ki, beynimiz elektromaqnit enerjisindən təsirlənən elektrik xassəli fəaliyyətə malikdir. Lakin yalnız beynimizdəki elektrik gücündən və ya maqnit cazibəsindən istifadə edərək hər hansı fiziki hadisəni törədə bilməyimiz mümkün deyil. Belə ki, beyindəki elektrik axını sadəcə 1 nanoamper miqdarındadır. Əgər beynimizdəki 100 milyarda qədər neyronun hamısını eyni vaxtda çalışdırsaq, eyni fəaliyyətə yönəldə bilsək belə, yaranacaq elektrik yalnız bir LED lampanı qısa zaman ərzində işıqlandıra bilər. Beynimizdəki maqnit sahəsinin təsir gücü də həddindən artıq zəif olduğundan bu işdə bizə kömək edə bilməz. Bütün bunlara baxmayaraq, elmin qapıları hər zaman hər kəsə açıqdır və bir gün kimsə indiyə qədər hər kəsin qəbul etdiyi fikirlərin üstündən xətt çəkə, yeni fikir ortaya qoya bilər. Əlbəttə ki, yalnız elmin metodologiyasına uyğun olmaq şərti ilə”. X4 İddiaçı 58 nömrəli tapşırıq üzrə yazdığı yazı işinə dair ekspert rəyindən aydın olur ki, cümlədə və ya abzasda həmin sözləri bir-biri ilə əvəz etdikdə, cümlənin və ya abzasın mənasını dəyişməyən sözlərə birbiri ilə qarşılıq təşkil edən sözlər deyilir. Komissiya 58 nömrəli tapşırıq üzrə İddiaçı yazdığı yazı işinə dair ekspert rəyində İ abzasda olan “təmas etmədən” və “toxunmadan” ifadələrini bir-biri ilə qarşılıq təşkil edən sözlər hesab etmişdir. Komissiya ekspert rəyində hesab etmişdir ki, “Amma İ abzas üçün yazılan sözlər (bacarmaq-bilmək) səhvdir. Belə ki, abzasın ilk cümləsində (telekinez – fıziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir) “bilmək” feili yox, “göstərə bilmək” mürəkkəb feili verilmişdir. “Göstərə bilmək” feilində “bilmək” sözünün əvəzinə “bacarmaq” sözü yazıldıqda, mürəkkəb feil mənasını itirir (göstərə bacarmaq) və mətndə də bir-birini əvəz edə bilmir. Digər tərəfdən, abzasın ikinci cümləsində (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) “bacarmaq” sözü “bilmək” sözü ilə əvəz edildikdə, formalaşan “tərpətməyi bilər” ifadəsində leksik norma pozuntusu var. Komissiyanın meyarları ilə götürdükdə “təmas etmədən” ifadəsini “toxunmadan” sözü ilə əvəz etdikdə, “fiziki toxunmadan” ifadəsi əmələ gəlir ki, bu da leksik norma pozuntusu ilə nəticələnir. Çünki dilimizdə “fiziki toxunmadan” ifadəsi işlədilmir. İkincisi, sualın şərtlərində sözlərin yerini dəyişdirməklə qrammatik dəyişikliyə məhdudiyyət qoyulması şərti yoxdur. Yəni, tapşırığın standartında cümlə (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) daxilində belə bir söz dəyişikliyinin (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpədə bilər) aparılmasına qadağa qoyulmamışdır. Üçüncüsü, “bilmək” sözü lüğətdə həm də bacarmaq mənasında qeyd olunmuşdur. Bu baxımdan, onun cavabı məna baxımdan tam uyğun gəlir. Komissiyanın 83 nömrəli tapşırıqla bağlı mövqeyi aşağıdakı səbəblərə görə əsassızdır: “83-cü tapşırıq: m parametrinin hansı qiymətində A (m+1;m+6) və B(m+5;m-4) nöqtələri 3x+2y+26 düz xəttinə nəzərən simmetrik olar? Mövzu: Koordinatlar üsulu Sinif: 6, 8 Standart: 3.2.2. Fiqurla oxa nəzərən simmetrik olan fiqurun həmin fiqurla konqruyent olduğunu göstərir. 3.2.3. Uc nöqtələrinin koordinatlarına görə parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmiş iki nöqtədən keçən düz xəttin tənliyini yazır. X4 xx.xx.2023-cü il tarixli cavab məktubunda da qeyd edildiyi kimi, 83 nömrəli tapşırıq araşdırma tələb edən tapşırıqdır. Orta məktəbdə tədris edilən dərslikdə bu tipli tapşırıqlar yoxdur. Bu tipli tapşırıqlar yalnız “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsində çıxmışdır ki, bu da dərs kitabı və əsas vəsait sayılmır. Həmçinin, “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsi ödənişlə satılır. Halbuki orta məktəblərdə bütün dərsliklər və əlavələri pulsuz paylanılır. Bu tapşırığın birmənalı cavabı yoxdur. Əvvəlcə, “İctimai TV” və digər yerlərdə müzakirə aparılan zaman X4 nümayəndələri doğru cavabı bir üsulla izah etmişdir. Lakin sonradan X7 öz saytında doğru cavabı iki üsul ilə izah etmişdir. İndiyədək üç dəfə buraxılış imtahanları keçirilib. 5 və 12 mart tarixlərində keçirilən imtahanlarda bu tipli tapşırıqlar verilməsinə baxmayaraq, 2 aprel tarixində keçirilən imtahanda belə bir tapşırıq verilməmişdir. X7 bununla da dərsliklərdə izahı verilməyən və araşdırma tələb edən tapşırıqlar verməkdən imtina etmişdir. X3 bu tapşırığa dair hər iki üsul ilə cavab verməməsinə istinad edərək haqlı olduğunu irəli sürə bilməz. Çünki bu tapşırıq dərslikdə izah edilməyib və araşdırma tələb edən tapşırıqdır. Bu səbəbdən də, belə bir sual verilə bilməzdi. Belə ki, o, dərslikdə olmayan və araşdırma tələb edən tapşırığa sərf etdiyi vaxtı digər tapşırıqların həllinə sərf edə bilərdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X7 tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir, imtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 12-14 aprel 2023-cü il tarixlərində https://apelyasiya.dim.gov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.gov.az/news/10725/). İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsi ilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə Mərkəzin https://dim.gov.az rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmışdır. İddiaçı tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı onun Apellyasiya Komissiyasına müraciətində qeyd edilmiş elektron poçt ünvanına rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. Əlavə olaraq iddiaçıya yuxarıda adıçəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Eyni zamanda, apellyasiya müraciəti ilə bağlı Mərkəzin 01 iyun 2023-cü il tarixli 9-3/2-13-1823-42- 410/2023 nömrəli cavab məktubunda 83 nömrəli tapşırığın elmi-metodiki baxımdan doğru olduğu və tapşırıq üzrə doğru cavabın birmənalı olduğu iddiaçının nəzərinə çatdırılmış, həmçinin 58 nömrəli tapşırıqla bağlı yazı işi üzrə ekspert rəyi təqdim edilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan, ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. Buna görə də, iddiaçının Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə, işin tam və hərtərəfli araşdırılmasını təmin edilməsi məqsədi ilə 05 mart 2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş sual kitabçasının, Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli suallara iddiaçı tərəfindən verilmiş yazılı cavabların surətləri, həmin sualların qiymətləndirmə meyarları və iddiaçının yazı işlərinə dair ekspertlər tərəfindən verilmiş rəyi Mərkəzin 16 avqust 2023-cü il tarixli 9-3/2- 1821/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2-1(112)-11599/2023 nömrəli qərardadı (hakim A.Almazova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması" haqqında qaydalara əsasən: 4.1. Yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. 4.2. Şagird Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət edir. Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu" qaydalarına əsasən: 6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. 6.3. Abituriyent Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi iddiaçının subyektiv hüququ birbaşa qanundan irəli gəlir. İkincisi, iddiaçının marağı sualların düzgün hesab edilməsinə nail olmaq, səhvin düzəldilməsidir. Bundan açıq - aşkar sübyektiv hüquq nə ola bilər. Üçüncüsü, Ali Məhkəmənin Plenum qərarında qeyd edlib: 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiya əvvəla qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək apellyasiya komissiyasının qərarının qanunsuz sayılması ilə bağlı iddia tələbinin icraata qəbul edilməsini və həmin iddia tələbinə baxılmasını xahiş etmiş, ərizəsində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsində 3 iclas keçirilmişdir. 08 sentyabr 2023-cü il, 27 oktyabr 2023-cü il və 15 dekabr 2023-cü il tarixində keçirilmiş ikinci iclasda Bakı İnzibati Məhkəmənin hakimi iddiaçı tərəfə hüquqi yardım göstərəcəyini deyib bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsə qarşı qaldırmış olduğu iddia ərizəsini dəyişsin. Nəticə etibarı ilə iddiaçı hakim tərəfindən göstərilən hüquqi yardıma güvənib iddia ərizəsini dəyişdirərək iddia tələbini cavabdeh Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsə qarşı “2023cü il martın 5-də keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara verilmiş cavabların doğru hesab edilməsi” formasında qoymuşdur. Bununla X4 Apellyasiya Komissiyasının qərarının qanunsuzluğuna baxılmamışdır. 3-cü məhkəmə iclasının video-audio yazısının əvvəlində hakim hüquqi yardım göstərəcəyini bildirdikdə onun “Möhtərəm Hakim, siz əvvəlki iclasda hüquqi yardım göstərmisiniz” sözləri aydın olaraq eşidilir. Bu da onu göstərir ki, doğrudan da hakim iddiaçının maraqlarına zidd olaraq hüquqi yardım adı altında onun iddiasının dəyişdirilməsinə və bununla da apellyasiya komissiyasının qərarının qanunsuz hesab edilməsi tələbi”nə baxılmamasına səbəb olmuşdur. Beləcə iddiaçının hüquqları pozulmuş və apellyasiya komissiyasının qərarının qanunsuzluğu ilə bağlı iddia tələbinə baxılmamışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə məhkəmə icraatının səmərəliliyini yüksəltmək, pozulmuş hüquq və azadlıqların ağlabatan müddətdə və daha dolğun müdafiəsini təmin etmək məqsədi ilə, inzibati işlərə baxan məhkəmələrə ümumiyurisdiksiyalı məhkəmələrdən fərqli olaraq yeni səlahiyyətlərin verilməsi, o cümlədən inzibati apellyasiya icraatı üzrə apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinin, eləcə də inzibati prosessual qanunvericiliyin prinsiplərinin dairəsinin genişləndirilməsi ölkəmizdə bu növ işlər üzrə apellyasiya institutunun tam apellyasiya növünə keçilməsi kimi qəbul edilməməlidir. İPM-in inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Lakin İPM-in məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutan 13-cü maddəsinə toxunulmamışdır. Qeyd edilənləri və qanunvericinin “məhkəmənin yardım etmək vəzifəsi”ni birinci instansiya məhkəməsində işin hallarının obyektiv araşdırılması ilə bağlı məhkəmənin vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsinə aid etdiyini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası apellyasiya icraatına aid edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqe baxımından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə iddia növünün dəyişdirilməsinə əsas verdiyindən təmin edilə və apelyasiya komissiyasının qərarının qanunsuz sayılması formasında – mübahisələndirmə haqqında iddia tələbi icraata qəbul edilə bilməz. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilini Bakı Avropa liseyində almışdır, xx.xx.2023-ci il tarixdə keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmiş, X7 tərəfindən Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara verdiyi cavablar səhv hesab edilmişdir. İddiaçı bununla razılaşmayaraq Apellyasiya Komissiyasına müraciət etmiş, xx.xx.2023-ci il tarixdə müraciətinə video bağlantı ilə cavab verilmiş və nəticələr qüvvədə saxlanılmışdır. Hazırki tələbində iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsini xahiş edir. Məhkəmə kollegiya ilk növbədə qeyd edir ki, hazırki iddia müəyyən etmə haqqında iddia olmaqla, müəyyən etmə növündə iddia hər hansı bir qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasına xidmət edir. Müəyyən etmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Müəyyən etmə haqqında iddia üçün nəzərdə tutulmuş dispozisiya şərtləri xüsusi mümkünlük şərtləridir ki, bunlar da ümumi mümkünlük şərtləri ilə yanaşı mövcud olmalıdır. Belə ki, müəyyən etmə haqqında iddianın mümkün sayılması üçün şərtlərdən biri də iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər marağının olmasıdır. Müəyyən etmə marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər (bax: İPM-in 36.3-cü maddəsi). Məlum olduğu kimi, istənilən iddianın qaldırıla bilməsi üçün iddiaçının hüquqi müdafiəyə ehtiyacı olmalı və onun öz istəyinə daha sadə, daha tez və daha az məsrəf sərf etməklə nail olması mümkün olmamalıdır. İPM-in 36.3-cü maddəsi əlavə olaraq xüsusi müəyyən etmə marağının olmasını tələb etməklə, ümumi xarakter daşıyan hüquqi müdafiə ehtiyacını konkretləşdirir. Müəyyən etmə marağı məhz konkret mübahisə predmetinə və prosesdə iştirak edən tərəflərə münasibətdə mövcud olmalıdır. Bu cür maraq o halda mövcud olur ki, məhkəmənin qərarı cavabdehə münasibətdə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıra bilsin. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi qeyd olunan mümkünlük şərtlərinə cavab vermir. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə 664.1 bal toplayaraq ixtisas seçimində ilk qeyd etdiyi ixtisasa və ali təhsil müəssisəsinə qəbul edilmişdir. 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balı 675.8 bal olmuşdur. İddianın uğurlu olacağı halda belə iddiaçının balı hər bir halda Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balından aşağı olacaqdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı izahatında bildirmişdir ki, 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə ən yüksək keçid ballı fakültə 673.3 balla “İnformasiya təhlükəsizliyi” fakültəsi olmuş, iddiaçı isə ixtisas seçimi zamanı həmin fakültəni ümumiyyətlə kodlaşdırmamışdır. Həmçinin iddiaçının verdiyi izahata əsasən onun ixtisas seçimi zamanı birinci sırada kodlaşdırdığı fakültə “Kompyuter mühəndisliyi” olmuş və o elə həmin fakültəyə də qəbul olunmuşdur. İddiaçı izahatında hazırda cavablarının doğru hesab olunmasını tələb etdiyi Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli sualların bir yerdə ona əlavə 7.8 bal verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən verilmiş məlumatlarda da mübahisələndirilən sualların ümumilikdə 7.8 bal verə biləcəyi qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi halında belə hətta iddiaçının 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə ən yüksək keçid ballı (673.3 bal) fakültəyə qəbul olunma imkanı mövcud olmamışdır. Belə ki, həmin sualların verə biləcəyi balla belə iddiaçının yekun qəbul balı 671.9 olacaqdı (664.1 (iddiaçının mövcud qəbul balı) + 7.8 (iddiaçı tərəfindən verilmiş cavabların doğru hesab olunması halında Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli sualların bir yerdə iddiaçıya verə biləcəyi bal) = 671.9). Aydın olduğu kimi, iddiaçının hazırki tələbi üzrə çatacağı məqsəd, konkret hüquqi marağı mövcud deyildir. Halbuki, hər hansı bir iddianın mümkünlüyü üçün ən mühüm nüans istənilən deyil məhz hüquqi marağın, yəni hüquqi müdafiəyə ehtiyacının olubolmamasıdır. Hüquqi maraq konkret olaraq iddiaçının ədalət mühakiməsi yolu ilə çatmaq istədiyi, əldə etmək istədiyi hüquqla qorunan məqsəd kimi başa düşülməlidir. Apellyasiya baxışı zamanı iddiaçı izahatlarında hazırki tələb üzrə hüquqi marağını “suallara düzgün cavab verdiyini bilməsi, növbəti illərdə həmin suallar üzrə digər abuturiyentlərin doğru cavab verməsinə yardımcı olmaq, gələcəkdə hər hansı bir halla bağlı onun daha yüksək bal toplaması tələbi ola bilər” şəklində izah etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananlara dair bir daha diqqətə çatdırır ki, iddiaçının hüquqi marağı, hazırki tələb üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı olması halı mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2- 1(112)-11599/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2-1(112)-11599/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Əyyubov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1957/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1957/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver