Məhkəmə qərarları › İş №2-1(103)-1958/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1958/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1958/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2213/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür. Nz seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1970-cı ildən xx.xx.1972-ci ilədək hərbi xidmətdə olmuşdur. P seriyalı 613051 saylı xx.xx.1968-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1964- 1968-ci illərdə S.Ə.Dadaşov adına Kirovabad inşaat texnikumunda təhsil almışdır. EB seriyalı 265131 saylı xx.xx.1980-cı il tarixli diplomdan görünür ki, İddiaçı 1973cü ildən 1979-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1964-cü il tarixindən xx.xx.1968-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr və 2006-cı il tarixinədək 37 il 8 ay sığorta stajı nəzərə alınmaqla pensiyası yenidən hesanlanmış və pensiyanın məbləğində (334,37 manat) dəyişiklik olmamışdır. İddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək olan təhsil müddəti əyani olmadığı üçün həmin dövrlər cavabdeh tərəfindən onun sosial sığorta stajına daxil edilməmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış “əmək pensiyasından tutulma aparılması haqqında” xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının araşdırması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən xx.xx.2011-ci il tarixədək ona 37 il 8 ay sığorta stajı əvəzinə 41 il 8 ay sığorta stajı hesablanmışdır. Nəticədə ona xx.xx.2011-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 1802 manat artıq ödəmə müəyyən edilmişdir. Bununla əlaqədar olaraq onun aylıq pensiyasından xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi aylıq 65.62 manat məbləğində tutulma aparılacaqdır. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2013-cü il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsində bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən manata, xx.xx.2021-ci il tarixindən 323,37 manata, xx.xx.2022-ci il tarixində 334.37 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1964-cü il tarixindən xx.xx.1968-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla, 2006-cı il tarixinədək 37 il 8 ay sığorta stajı və xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.882,88 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixədək 522,24 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesanlanmış və pensiyanın məbləğində (334,37 manat) dəyişiklik olmamışdır. Onun yaşa görə əmək pensiyası məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi xx.xx.2020ci il tarixli **********2 nömrəli tapşırığına əsasən 2006-cı il tarixinədək bitmiş əyani təhsil müddəti nəzərə alınmaqla əmək pensiyalarının təyin edilməsinin və hesablanmasının (o cümlədən yenidən hesablanmasının) vətəndaşın müraciəti əsasında həyata keçirilməli və keçmiş dövr üçün hesablanmış məbləğlərin ödənilməsinin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Qeyd olunanlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək olan müddət əyani olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Eyni zamanda yaşa görə pensiyadan tutulma ilə bağlı müvafiq olaraq Fondun Maliyyə və Mühasibatlıq üzrə Filialına müraciət edilməsi tövsiyə olunmuşdur. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-cı il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əmək pensiyasının yenidən hesablanması” haqqında **********6 saylı 6 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, əmək pensiyasının bərpa olunması və aylıq əmək pensiyasından müvafiq məbləğlərdə tululmuş pul vəsaitinin geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, İİ qrup əlil kimi uzun müddət pensiya almış, müvafiq yaş həddinə çatanda əlilliyə görə əmək pensiyasından yaşa görə pensiyaya keçirilmişdir. O vaxt əyanı təhsil aldığı müddət iş staji kimi hesablanmışdır. İddiaçının texnikum və institutda təhsil alması barədə əmək kitabçasında qeydlər aparılmış və təsdiq edilmişdir. Qısa bir müddət ərazində bu qanun dayandırılmışdır, hal-hazırda da bu qanun qüvvədədir. Bütün bunlara baxmayaraq, iddiaçının pensiyasının məbləği guya artıq hesablanmış və azaldılmışdır, onun aylıq əmək pensiyasından 65 manat tutulur. Aşağıdakıların nəzərə alınması xahiş olunur. İddiaçıya pensiya təyin olunanda əyani təhsili iş stajı kimi qəbul edilməsi, əyani təhsil aldığı müddət qüvvədə olub, təhsil müəssisə tərəfindən əmək kitabçasına yazılması və və təsdiq edilməsi, iddiaçının pensiyasının Respublika üzrə yaşa görə orta pensiyadan aşağı olmasını, əyani təhsilin iş stajı kimi qəbul edilməsi barədə qanunun müddəasının hal-hazırda da qüvvədə olması, 52 il iş stajının olmasını, qiymətlərin artması və infilyasiyanın artmasının vəziyyəti daha da çətinləşməsi. O, pensiyasının bərpa olunması və 2022-ci ilin mart ayından bu günədək əmək pensiyasından tutulan aylıq 65 manat məbləğin geri qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əmək pensiyasının bərpa edilməsi və tutulan pensiya məbləğinin geri qaytarılması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehdən 9 mart 2022-ci il tarixli ərizə ilə təhsil dövrünün onun sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının əmək pensiyası 6 aprel 2022-ci il tarixli **********6 nömrəli qərarla yenidən hesablanmışdır. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşın bu müraciətinə cavab olaraq ona 1 yanvar 2006-cı il tarixədək təhsil dövrü də nəzərə alınmaqla 37 il 8 ay sığorta stajına uyğun pensiya təyin edildiyini bildirmişdir. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı 6 avqust 2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya 1 iyul 2011-ci il tarixədək 37 il 8 ay sığorta stajına malik olduğu halda, 41 il 8 ay sığorta stajının hesablandığını bildirmiş, buna görə də 1.378,02 manat artıq ödəmənin müəyyən edildiyini qeyd etmişdir. Buna görə də iddiaçıya əmək pensiyasından 1 may 2022-ci il tarixdən 31 aprel 2024-cü il tarixədək 65.62 manat tutulmanın aparılması barədə məlumat verilmişdir. İddiaçı yenidən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraiət edərək, ona əmək pensiyasından tutulmanın aparılması barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İddiaçının həmin müraciətinə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 1 sentyabr 2022-ci il tarixli **********9 nömrəli məktubla cavab verilmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 mart 2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək iddiaçının pensiyasının məbləği 1 yanvar 2020-ci il tarixdən 290,28 manata, 1 yanvar 2021-ci il tarixdən 323,37 manata, 1 yanvar 2022-ci il tarixdən 334,37 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, 1 sentyabr 1964-cü il tarixdən 27 fevral 1968-ci il tarixədək təhsil aldığı illər və 1 dekabr 1970-ci il tarixdən 10 noyabr 1972-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 37 il 8 ay sığorta stajı və 1 iyul 2007-ci il tarixdən 1 mart 2013-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.882,88 manat, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 5 yanvar 2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 1 mart 2013-cü il tarixdən 1 dekabr 2013-cü il tarixədək 522,24 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (334,37 manat) dəyişiklik olmamışdır. Belə ki, iddiaçının təhsil dövrünün əyani yaxud qiyabi olduğunu dəqiqləşdirmək üçün DSMF tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 02 dekabr 2022-ci il tarixli 10-10- 2127/10 nömrəli məktuba əsasən İddiaçı 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “inşaat” fakültəsi üzrə əyani şöbəyə daxil olmuş, 26 dekabr 1975-ci il tarixdə əyanidən axşam şöbəsinə keçirilmişdir. 1979-cu ildə isə, Azərbaycan Mühəndis İnşaat İnstitutunun “inşaat” fakültəsinin axşam şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları»na əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il 1 yanvar tarixinədək olan dövr üzrə həm də əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Belə ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı 1 sentyabr 1973-cü il tarixdən 26 dekabr 1975-ci il tarixədək olan təhsil dövrləri nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 40 il sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 395,76 manat pensiya sığorta kapitalı üzrə əmək pensiyası yenidən hesablanmş, pensiyanın məbləği 342,79 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Eyni zamanda, iddiaçının 12 avqust 2022-ci il tarixli müraciətinə cavab olaraq, yaşa görə əmək pensiyasından tutulma ilə bağlı müvafiq olaraq DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilir ki, «Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 1 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, DSMF-nin büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********1 nömrəli 6 avqust 2022-ci il tarixli məktubla məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Göründüyü kimi, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qərar qəbul edilərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2213/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 saylı 6 aprel 2022-ci il tarixli qərarının “artıq ödənilmiş pensiya məbləğinin tutulması” hissəsində ləğv edilməsi, cavabdeh tərəfindən həmin qərarın icrası üzrə iddiaçının əmək pensiyasından tutulmuş məbləğlərin ona qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, əmək pensiyasının tam məbləğdə təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, onun əmək pensiyası 2022-ci ilin mart ayında sosial sığorta 4 il azaldıraraq 41 il 8 ay əvəzinə 37 il 8 ay götürülmüş, pensiyası 35 manat azaldılmış və hər ay azaldılmış məbləğdə 65 manat tutulur. Ona minimum pensiya verilmişdir. Onun əmək kitabçasında institut təhsilinin əyani olması barədə qeyd edilməsinə baxmayaraq əyani təhsil müddəti və daxili işlər Nazirliyi orqanlarında işlədiyi müddət nəzərə alınmamışdır. Mərkəzi filialın bu qanunsuz əməllərinə görə ona maddi 1563 manat ziyan dəymişdir. (kəsilmiş məbləğ -mart 2022- fevral 2023 = 11 ay x 35 manat =385 manat, mart 2023 senytabr 2023 7 ay x 17.5 manat = 122 manat, tutulmuş məbləğ Mart 2022-may 2023 14 ay x 65 manat = 910 manat, iyun 2023 Sentyabr 2023 4 ay x 36.5 azn = 146 manat). Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə inzibati orqanın apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq İddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini və öz apellyasiya müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının iddiasının təmin edilmədiyi hissədə ləğv edilərək həmin hissədə iddiasının təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “əmək pensiyasının yenidən hesablanması haqqında **********6 saylı 6 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, əmək pensiyasının bərpa olunması və aylıq əmək pensiyasından müvafiq məbləğlərdə tululmuş pul vəsaitinin geri qaytarılması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki işdən görünür ki, iddiaçının tələbi “əmək pensiyasının yenidən hesablanması” haqqında cavabdeh inzibati orqanın **********6 saylı 6 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, əmək pensiyasının bərpa olunması və aylıq əmək pensiyasından müvafiq məbləğlərdə tululmuş pul vəsaitinin geri qaytarılması” olmaqla, 3 hissədən ibarətdir. İş materiallarından görünür ki, İddiaçı, xx.xx.1970-cı ildən xx.xx.1972-ci ilədək hərbi xidmətdə olmuş, 1964-1968-ci illərdə S.Ə.Dadaşov adına Kirovabad inşaat texnikumunda, 1973-cü ildən 1979-cu ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Hazırda iddiaçı məhz 1973-1979-cu illər ərzində aldığı təhsil müddətinin nəzərə alınmaqla pensiyasının düzgün hesablanmadığını, bununla razılaşmadığını bildirir və buna görə də cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, qeyd olunan təhsil müddəti də nəzərə alınmaqla pensiyasının bərpa edilməsini, pensiyasından artıq tutulan məbləğlərin bərpasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “İnşaat” fakültəsi üzrə əyani şöbəyə daxil olmuş, xx.xx.1975-ci ildə əyanidən axşam şöbəsinə keçmiş, 1979-cu ildə isə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsini “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və ona EB seriyalı 265131 saylı diplom verilmişdir. Cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, iddiaçının xx.xx.2011-ci il tarixə sosial sığorta stajının 37 il 8 ay əvəzinə 41 il 8 ay hesablanması səbəbindən yaranan artıqvermə məbləğinin nəzərə alınması qeyd olunmuşdur. Lakin sonradan məhkəmə icraatı dövründə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edildiyi məlum olmuşdur. Həmin qərardan görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2013-cü il tarixdən yaranmış, ona xx.xx.2023-cü il tarixdən müddətsiz pensiya təyin edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, təhsil illəri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 40 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən 395.76 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, hazırda pensiya məbləği 342.79 manat təşkil edir. Göründüyü kimi, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı 1 sentyabr 1973-cü il tarixdən 26 dekabr 1975-ci il tarixədək olan təhsil dövrləri (əyani təhsil dövrü) nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 40 il sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 395,76 manat pensiya sığorta kapitalı üzrə əmək pensiyası yenidən hesablanmış, pensiyasının məbləği 342,79 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının 1 sentyabr 1973-cü il tarixdən 26 dekabr 1975-ci il tarixədək olan təhsil dövrləri (əyani təhsil dövrü) nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 40 il sığorta stajı nəzərə alınmaqla pensiyası yenidən hesablansa da, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar bundan öncə qəbul edilmiş “əlverişli inzibati akt” qüvvədə olduğu halda inzibati icraat aparılmadan qəbul edildiyi üçün “artıq ödəmələrin iddiaçının pensiyasından tutulması” hissəsində ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə xx.xx.2022-ci il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “xx.xx.2022-ci il tarixli qərarın artıq ödənilmiş pensiya məbləğinin tutulması hissəsində ləğv edilməsi” barədə iddiasını əsaslı olaraq təmin etdiyindən, digər- iddiaçıdan xx.xx.2022-ci il tarixli qərarın icrası ilə bağlı tutulan pensiya məbləğlərinin ona qaytarılması ilə bağlı iddia tələbinin də təmin edilməsi barədə düzgün qənaətə gəlmişdir. İddiaçının “əmək pensiyasının bərpa edilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin tələb əsassız olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. Belə ki, iddiaçının pensiya məbləğində nəzərə alınmasını tələb etdiyi təhsil müddətinin bir qisminin (1973-1975) onun sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Sonuncu olaraq qəbul edilən inzibati aktla- xx.xx.2022-ci il tarixli qərarla iddiaçının pensiyasının yenidən hesablanması həyata keçirilmiş və bu zaman onun staja daxil edilməsini tələb etdiyi təhsil müddətinin bir qismi (1973-1975) inzibati orqan tərəfindən nəzərə alınmışdır. Digər təhsil dövrünün (1975-1979) nəzərə alınmamasını cavabdeh qurum təhsilin axşam şöbəsində davam etdirilməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, cavabdeh orqanın bu barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iddiaçının “bütün təhsil müddətləri nəzərə alınmaqla pensiyasının hesablanaraq onun bərpa edilməsi” ilə bağlı tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2213/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2213/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar