Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1958/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı barəsində “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23-cü maddəsinin, pozulmuş maddi təminat hüququnun almadığı müddətə təmin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “2006-cı ildən (2012 və 2016-cı illər istisna olmaqla) 2017-ci ilə qədər xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında, Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəində, eyni ilə 7 saylı cəzaçəkmə müəssisəsində müxtəlif vəzifələrdə orta rəis heyətində xidmət edərək 2017-ci il tarixdə yaş həddinə görə təqaüdə çıxmışdır. Xidmət etdiyi müddətdə 2006-cı ildən başlayaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23-cü maddəsinə əsasən ədliyyə orqanları əməkdaşlarının xidmət etdiyi dövrdə sosial müdafiə hüququnun təmin edilməsi hər il üçün birdəfəlik müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı sözügedən qanunun xidmətdə olduğu müddətdə 2012-ci və 2016-cı illərdə təsiri dairəsində ona müavinət ödənilsə də, xx.xx.1993-cü il tarixdən xx.xx.2017-ci il tarixədək, yəni təqaüdə çıxdığı müddətə qədər Qanunun 23-cü maddəsinin tələbi 2006-cı ildən başlayaraq 2012 və 2016-cı illəri çıxmaq şərti ilə müxtəlif bəhanələr ilə ədliyyə orqanının əməkdaşı kimi onun barəsində tətbiq edilməmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hərbiləşdirilmiş mühafizə alayında xidmət etdiyi üçün Azərbaycan Respublikası daxili hərbi xidmət nizamnaməsinin müddəalarının tələblərinə əsasən birbaşa rəis heyətinə hərbi nizamnamə əsasında tabe olmuşdur. Həmin dövrdə hər hansı bir maddi təminatın pul müavinətinin alınması üçün raportla və yaxud rəsmi müraciəti ilə müavinət almaq rəhbərliyin şifahi göstərişinə əsasən yazmaq imkan xaricində olub. Yəni hərbi qulluqçu kimi tabe olduğu üçün rəhbərliyin əmrini qəbul etməmək, göstərişə zidd raport yazmaq, müraciət etmək, pul tələb etmək cinayət məsuliyyəti yaradılmasına əsas olduğu üçün rəhbərliyin (komandanlığın) şifahi göstərişindən kənara çıxmamaq şərti ilə ədliyyə orqanlarında qulluqkeçmə haqqında qanunun tələbi üzrə müraciətini müavinət almadığı dövrlər üzrə rəsmi müraciət edə bilməmişdir. Bu barədə qeyd etdiklərinə zidd olaraq pentensiar xidmətə müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixdə 17/7-19431 saylı ona göndərilən məktubda bildirilmişdir ki, vaxtında qeyd edilən məsələlər ilə bağlı müraciət etməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdə xx.xx.1993-cü il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2017-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçı xidmət etdiyi illər ərzində 2012 və 2016-cı illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə İddiaçı müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4cü bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə 2023-cü ilin fevral ayında müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim A.Almazova) “2006-2010-cu illərdə xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tarixdə Bakı İnzibati Məhkəməsi həm iddianın mümkün sayılmaması haqqında qərardad verib, həm də iddianın rədd edilməsi haqqında qərar qəbul edib. İnzibati qanunvericiliyə uyğun olaraq cavabdehdən 36 gün ərzində imtina almış və imtinanı iddiasına əlavə etmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən hüquqi yardım qismində iddianın mümkün sayılmaması haqqında ona heç bir bildiriş gəlməmişdir. Bu da o deməkdir ki, sözügedən qərardad İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi pozulmaqla qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 45, 46 və digər maddələrinə uyğun iddiası və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edildiyindən hesab edir ki, mahiyyəti üzrə baxılmalı idi. Bütün prosessual qanunvericiliyin tələblərinə görə 10 gün ərzində iddiası geri qaytarılmayıbsa iddia ərizəsi mahiyyəti üzrə baxılmalı idi. Bütün məhkəmə iclaslarında şəxsən iştirak etmiş, iddiasının mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Belə olan halda hesab edir ki, iddiası mahiyyəti üzrə baxılmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2023 saylı, 03 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının tələbi 2006-2010-cu illərdə xidmət müddətində almadığı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 23.2-ci maddəsinin ikinci abzasında qeyd olunanlara əsasən ildə 1 dəfə ödənilməli olan 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin cavabdeh tərəfindən ödənilməsi barədədir. Göründüyü kimi, iddiaçı ona ödənilməyən, hazırda tələb etdiyi 2006-2010-cu illərdə xidmət müddətində 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti almamasını elə işlədiyi dövrdə, yəni 2006-2010-cu il tarixdə bilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 13 il əvvəl (iddia ərizəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir) iddiaçının xidmət müddətində 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti almaması ilə bağlı hərəkətsizliyinin qanunsuz sayılmasını və həmin məbləğin hesablanıb ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki, «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti (hərəkətsizliyi) 2006-2010-cu illərdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı 2006-2010-cu illərdə xidmət müddətində 2 aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti almamasını elə həmin dövrdə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsini və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1958/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1958/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver