Məhkəmə qərarları › İş №2-1(103)-1959/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1959/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1959/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı “ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4865/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4865/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs arasında ailə münasibətlərinə xitam verilmişdir. X2 Bakı şəhəri 29 saylı Notariat Ofisində 11 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilə ilə aliment borclarının silinməsi əvəzi olaraq ünvan 1 ünvanından 1 ay ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, mənzilə dair hüquqlarından imtina etmiş, gələcəkdə mənzilə dair hər hansı iddia irəli sürməyəcəyini bildirmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrnə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı üçüncü şəxs K.Məmmədovun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbilə inzibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. İşin hallarından aydındır ki, ünvan 1 qeydiyyat tarixi 26.11.2009-cu il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. X2 və İddiaçı arasında nikah 09.02.2015-ci il tarixdə pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında 18.11.2021-ci il tarixli arayışdan görünür ki, X2 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun:

2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-).

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.” İddiaçının apelyasiya şikayətindəki mövqeyinə münasibətdə kollegiya bildirir ki, iddiaçı və üçüncü şəxs arasında nikah münasibətərinə xitam verilməsi və ya üçüncü şəxsin mənzildə qeydiyyatdan çıxmağı öhdəsinə götürməyə dair müqavilə bağlaması hələ onun həmin mənzildən istifadə hüquqlarının olmaması və ya müvafiq hüququna xitam verilməsi nəticəsinə gəlməyə əsas deyil. Birinci instansiya məhkəməsi yekun nəticəsini onunla əsaslandırmışdır ki, “... üçüncü şəxs X2 iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvü (əri) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər.” Məhkəmənin mövqeyilə razılaşan kollegiya hesab edir ki, hazırki mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş olması halı müəyyən edilmir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.” Sadalanan qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alan kollegiya hesab edir ki, hazırki iş üzrə üçüncü şəxsin müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranması, xitamı və ya saxlanılması əsasları nəzərə alınmaqla həmin hüquqların xitamı məsələsinə baxılmasından sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə istifadə hüququna xitam verildiyi halda, K.Məmmədovun ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması da həmin qətnamə əsasında həll ediləcəkdir. Beləliklə, yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4865/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar