Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1959/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində ayrılmış 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 saylı Bakı Ev Tikmə Kombinatının işçisi olmuş və onun adına Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçı 4544 nömrəli torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu göndərilmişdir. İddiaçı bildirir ki, həmi torpaq sahəsindən hal-hazıra kimi istifadə etmiş və hətta 03 avqust 1991-ci il tarixli, 481№li qaimə və 03 avqust 1991-ci il tarixli 282№li kassa mədaxil qəbzi ilə ödəniş etməklə hazır formada beton pillədən ibarət bağ evi alaraq həmin torpaq sahəsinə qoymuş və istifadə etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı iddia tələbini onun adına Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində ayrılmış 28 fevral 1990-cı il tarixli, 36 nömrəli order üzrə “4544A” saylı, hazırda 1118 kv.m olan torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəyişdirmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4544A” saylı bağ sahəsi qeyd edilmişdir. Bundan başqa “4544A” saylı bağ sahəsi digər şəxsin adına ("xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağın ərazisinə uyğun gəlir. Əlavə olaraq bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də faktiki ölçüsü 1118 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 60 saylı BTK nəzdində 1118 kv.m. sahəsi olan 4544A saylı bağa dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 4544 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ilkin müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4544A” saylı bağ sahəsi qeyd edilmişdir. Bundan başqa “4544A” saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağın ərazisinə uyğun gəlir. Əlavə olaraq bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1118 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. - Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində yerləşən 4544 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının təkrar müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubla qeyd olunan iradlar aradan qaldırılmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri X13 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 60 nömrəli BTK –nın nəzdində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli, 0,12 ha bağ sahəsi İddiaçı ayrılmışdır. - cavabdehin 29 iyun 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4544 saylı bağ sahəsi keçmiş X4 və İstismar Birliyi ilə bağlanmış xx.xx.2001-ci il tarixli, 30412 nömrəli müqavilə əsasında xx.xx.2004- cü il tarixdə bağ evi kimi xx.xx.1968-ci il təvəllüdlü X7 adına ilkin qeydiyyata alınmışdır. Sonradan 4544 saylı bağ ünvanında yerləşən tikili söküldüyü üçün yalnız torpaq sahəsi (0,12 hektar) xx.xx.2021-ci il tarixdə onun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Ləhiş bağ massivi, 4544 və 4545 saylı bağ sahəsi alqı-satqı müqavilələri əsasında birləşdirilərək, ümumi sahəsi 0,24 ha olan 4544 saylı bağ sahəsi kimi xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq cavabdeh tərəfindən 60 saylı BTK üzvlərinin siyahısının və 4560 saylı bağ sahəsinə dair verilmiş 29 saylı orderin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. 20 mart 1989-cu il tarixli 29 nömrəli orderə əsasən 4560 saylı bağ sahəsi X8 ayrılmışdır. 60 saylı BTK üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı, yerləşmə sxemində “4544A” saylı bağ sahəsi mövcuddur. - X1 izahatına əsasən 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işləyib, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olub, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləyib. X3 torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. Ləhiş bağ massivində torpaqların sürüşməsi olmayıb, bağların zəbt halları çox olub. Belə ki, hər hansı bir şəxsə torpaq sahəsi verilirdi, sonra həmin torpaq sahəsi başqa bir şəxs tərəfindən zəbt olunurdu. - X6 izahatına əsasən Ləhiş bağ massivində 4546A saylı bağ sahəsi ona məxsusdur. Onun torpağının arxasında Cəlal adlı şəxsin torpağı, sağında Eldar adlı şəxsin torpağı, solunda X12 torpaq sahəsi yerləşirdi. X12 torpaq sahəsindən sonra dənizə tərəf olan hissədə İddiaçı torpaq sahəsi yerləşirdi. - X12 izahatına əsasən onun Ləhiş bağ massivində 4545A saylı bağ sahəsi ona məxsus olub, həmin torpaq sahəsinə dair orderi olub. Onun torpaq sahəsindən sol tərəfdə İddiaçı torpaq sahəsi yerləşirdi və onun hasar qonşusu idi, lakin oranı dağıdıb məktəb tikiblər və o, torpaq sahəsini satıb. - Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4560 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırkı işin hallarından müəyyən edilir ki, 60 nömrəli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı var və 4544A saylı bağ sahəsi ona ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Ləhiş bağ massivindəki 4544A nömrəli bağ məhz 60 nömrəli BTK-nın nəzdindədir və 60 nömrəli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı var. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin sahənin 4560 saylı bağın ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 60 nömrəli BTK-nın üzvlərinin təsdiq edilmiş siyahısında 37-ci və 38-ci sırada da adları qeyd edilmiş 4545A saylı bağ sahəsinin (keçmiş) sahibi X15 və 4546A saylı bağ sahəsinin sahibi X10 və bildirdilər ki, onlara məxsus bağ elə İddiaçı məxsus 4544A saylı bağ sahəsi ilə sərhəddə və qonşuluqdadır, bağlar ardıcıl yerləşir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla İddiaçı Ləhiş bağ massivindəki 60 nömrəli BTKnın nəzdindəki sahəsi 1118 kv.m olan 4544A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinə dair çıxarış verilməlidir. Belə ki, müəyyən edilir ki, 4544A, 4545A, 4546A saylı bağlar faktiki olaraq qeyd edilən ardıcıllıqla hazırkı vəziyyətinə uyğun yerləşmişlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.