Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1959/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 №-li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsinin qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına Reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən törədilmiş “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununlarının pozuntusu, habelə qanunsuz olaraq vəzifələrinin icrasından imtina ilə əlaqədar vurulmuş 1000 manat məbləğində mənəvi ziyanın ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən “Əmlak Məkanı”na Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yaşayış sahəsi və ona bitişik həyatyanı sahə üçün yeni formada Reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Müraciəti ********** nömrəsi ilə xx.xx.2022 tarixdə qeydiyyata alınmışdır. Müraciət ilə birlikdə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsinin qeydiyyat vəsiqəsini təqdim etmişdir. Sözügedən qeydiyat vəsiqəsində qeyd edilir ki, həmin qeydiyyat vəsiqəsi və İddiaçı həmin qeydiyyat vəsiqəsində qeyd olunmuş hüquqları 20830 № ilə reyestr kitabında, 124 №-li inventar işində xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. Görünür ki, texniki pasportun inventar nömrəsi ilə qeydiyyat vəsiqəsinin qeydiyyat nömrəsi üst-üstə düşür və bunlar ikisi mülkiyyət hüquqlarının qeydiyyatına dair vahid sənəd təşkil edir. Texniki pasportda 2003-cü ildə qeydə alınmış torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki yaşayış sahəsinin ölçüləri göstərilir. “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı müxtəlif formalarda həyata keçirilmişdir. Həmin formaların hamısı qanuni qüvvəyə malik hüquqmüəyyənedici sənədlərdir və həmin sənədlərlə təsdiq edilən hüquqlar, onların qeydiyyatının həqiqiliyi prezumpsiyasına əsasən etibarlı hesab edilirlər. xx.xx.2022-ci il tarixdə “Əmlak Məkanında” təqdim edilmiş, lakin xx.xx.2022-ci il tarixi daşıyan **********83 №-li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ilə (imtina bildirişi) göstərilmiş hüquqmüəyyənedici sənədlər əsasında yeni forma üzrə Reyestrdən çıxarış verilməsi xahişi rədd edilmişdir. İmtina bildirişi aldıqdan sonra cavabdehə bir daha müraciət edərək təqdim edilən mülahizələri və reyestrdən çıxarış verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulan əsasları cavabdehin diqqətinə çatdıraraq cavabdeh tərəfindən Reyestrdən çıxarış verilməsindən imtina qərarına bir daha baxılmasını xahiş etmişdir. Müraciətdə məsələ ilə bağlı hüquqi mövqe və hüquqi vəziyyət aydınlaşdırılır və xahişinin hüquqi əsasları, habelə rədd cavabının əsassız sayılması üzrə mülahizələri təsvir edilmişdir. Təkrar müraciət xx.xx.2022-ci il tarixdə sifarişli poçt ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Lakin xx.xx.2022-ci il tarixədək 1 saylı Bakı Ərazi İdarəsindən cavab alınmamışdır. Həmin tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə elektron poçt vasitəsi ilə təkrar müraciət göndərmiş və xx.xx.2022-ci il tarixdə göndərdiyi müraciətin cavablandırılmasını tələb etmişdir. Elektron müraciətdə qeyd edilmişdir ki, poçtla göndərdiyi müraciətin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu vaxtdan artıq 40 gün keçir və nə araşdırma aparılması barədə, nə də yekun mövqe barədə heç bir məlumat verilməmişdir. Baxmayaraq ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa görə vətəndaşların müraciətləri 7 təqvim günü ərzində, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna görə isə 10 təqvim günündən artıq olmayan müddətdə cavablandırılmalıdır. Həmin Qanunlara görə araşdırma və tədqiqat tələb edildiyi hallarda vətəndaşların müraciətləri, göstərilən müddətlərdə onlara araşdırma aparıldığı barədə ilkin/aralıq məlumat verilməklə, 30 təqvim günündən çox olmayan müddətdə cavablandırılmalıdır. İdarə tərəfindən cavab verilməməsi göstərilən Qanunların kobud pozuntusunu təşkil edir. Buna baxmayaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2023-cü il tarixdə “Əmlak Məkanına” gedərək müraciətinin cavablandırılması statusu barədə məlumat istəmişdir. Ona şifahi şəkildə bildirilmişdir ki, cavab xx.xx.2023-cü il tarixdə göndərilmişdir, lakin məlum olmuşdur ki, səhv ünvana göndərilib. Bununla əlaqədar ona bildirilmişdir ki, göndərilmiş cavab yanlış ünvandan qayıtdıqdan sonra onun yaşadığı ərizədə göstərilən ünvana göndəriləcək. Bununla əlaqadar olaraq xx.xx.2023-cü il tarixdə bir daha Əmlak Məkanına gəlmiş, lakin bildirilmişdir ki, cavab hələ geri qayıtmamışdır və qayıdan kimi göndəriləcək. xx.xx.2023-cü il tarixdə, 1 saylı Bakı Ərazi İdarəsindən cavab alınmadığı üçün, yenə də Əmlak Məkanına gələrək ona göndərilməli cavab məktubunun statusu barədə maraqlanmışdır. xx.xx.2022ci il tarixdə imzalanmış cavab məktubu təqdim edilmişdir. Həmin cavab məktubunda onun xx.xx.2023-cü il tarixdə alındığı barədə qeyd edilməsini xahiş etmiş, lakin belə bir qeydin edilməsinin mümkün olmadığını bildirilmişdir. Əmlak Məkanının rəhbərliyi ilə görüşməyi tələb etmiş və rəhbərlik tərəfindən yeni müraciət alınması barədə göstəriş verilmişdir. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavab məktubunu əmlak məkanından götürə bilər. xx.xx.2023-cü il tarixdə Əmlak Məkanında məktubun hələ hazır olmadığı bildirilmişdir. xx.xx.2023-cü il tarixdə ona xx.xx.2023-cü il tarixdə imzalanmış cavab məktubu təqdim edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən nəinki göstərilmiş “İnformasiya əldə etmək haqqında” və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə göstərildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci və 140-cı maddələrinin, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının, hətta “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinin də müddəaları kobud şəkildə pozulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinn pozuntusu onda ifadə edilmişdir ki, həmin maddəyə əsasən inzibati icraat zamanı inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Göründüyü kimi, inzibati icraatın aparılması üçün qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmə imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunun bu tələbi də pozulmuşdur. İmtinanın məzmun və mahiyyəti ilə əlaqədar olaraq isə qeyd edilməlidir ki, Reyestrdən çıxarış verilməsindən imtinanın əsası kimi göstərilmişir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz rəhbərinin əmri təqdim edilməmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, imtina bildirişində təqdim edilməməsinin Reyestrdən çıxarış verilməsindən imtinanın əsası kimi göstərilən sənədlər (yəni, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz rəhbərinin əmri) hüquqmüəyyənedici sənədlər deyillər və onların təqdim edilməsi yalnız o zaman vacib olur və əhəmiyyət daşıyır ki, hüquqların mövcudluğunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədlər olmasın. Hüquqmüəyyənedici sənədlər olmadıqda hüquqların mövcudluğu həmin sənədlər əsasında müəyyən edilə bilər. Onun tərəfindən isə Reyestr xidmətinə hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir və həmin sənədlər əsasında həmin sənədlərdə göstərilən hüquqlar reyestrdə qeyd edilmiş hesab edilir və qanuna görə belə qeydiyyat etibarlı hesab olunur və onun etibarlı hesab edilməsi üçün əlavə heç bir sənədə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinin (Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar) 139- 1.1- ci bəndi “daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün” əsaslarını təsbit edir. Həmin bəndin 139-1.1.5-ci yarımbəndində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri olaraq “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri” göstərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmiş qeydiyyat vəsiqəsi, göründüyü kimi, xx.xx.2003- cü il tarixdə verildiyi üçün (yəni qanunda göstərildiyi kimi 2006-cı il iyulun 6-dək), 139- 1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsi hüququn əmələ gəlməsi üçün kolxoz yığıncağının qərarını və ya sovxoz rəhbərinin əmrini nəzərdə tutmur. Həmin sənədlər, yəni kolxoz yığıncağının qərarı və ya sovxoz rəhbərinin əmri, qeydiyyat vəsiqəsi olmadıqda hüquqların verildiyinin müəyyən edilməsi üçün tələb edilə bilərdi, amma hüquqmüəyyənedici sənəd təqdim edildiyi halda digər bir sənədin təqdim olunmasının tələb edilməsi əsassız və qeyri-qanunidir. Həmin Məcəllənin 140-cı maddəsi (Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası) nəzərdə tutur ki, “Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. Təqdim edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı daşınmaz əmlak üzərində hüquqları 124 №-li inventar işində 20830 nömrəsi ilə Reyestr kitabında qeydə alınmışdır və nə qədər ki, həmin qeydiyyatın qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin qeyd etibarlı, tam hüquqi qüvvəyə malik qeyd hesab edilir. Əgər qanun İddiaçı hüquqlarının reyestrdəki qeydini həqiqi və etibarlı hesab edirsə, deməli onun həqiqiliyinin əlavə sübuta ehtiyacı yoxdur. 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı daşınmaz əmlakına hüquqlar əldə etməkdə maraqlı deyil və ola da bilməz. Deməli, 1 saylı Bakı Ərazi İdarəsinin Qanuna görə həmin Reyestr qeydinin məzmunun mübahisələndirmək və ya şübhə altına almaq səlahiyyəti də yoxdur. Buradan belə bir nəticə hasil olur ki, İddiaçı adına olan qeydiyyat vəsiqəsi və texniki pasport ilə nümayiş etdirilən və Reyestrdə qeydə alınmış hüquqları həqiqi və etibarlıdır və deməli, kolxoz yığıncağının qərarının və ya sovxoz rəhbərinin əmrinin tələb edilməsi qeyr-qanuni və əsassızdır. Buna görə də, imtina üçün əsas yoxdur. Əgər imtina edilirsə, o zaman reyestr xidməti tərəfindən həmin qeydin etibarsızlığı sübut edilməlidir, bunun üçün isə reyestr xidməti məhkəməyə müraciət etməlidir. Çünki reyestr qeydinin etibarsız hesab edilməsi yalnız məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Reyestr xidməti isə, nə qədər ki, məhkəmə tərəfindən reyestr qeydi etibarsız hesab edilməmişdir və heç kim tərəfindən mübahisələndirilmir, həmin qeydin və qeydə əsaslanan hüquqların həqiqiliyini tanımalı və müvafiq olaraq, həmin hüquqları təsdiq edən sənəd (Reyestrdən Çıxarış) tərtib və təqdim etməlidir və bunun edilməsindən imtina edilməsi qanunazidd və əsassızdır. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 5-ci bəndi ilə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan sahənin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir. Deməli, Reyestrdən yeni çıxarış daşınmaz əmlakın faktiki vəziyyətini əks etdirən qaydada və şəkildə tərtib və təqdim edilməlidir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən törədilmiş “İnformasiya əldə etmək haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunlarının pozuntusu, habelə qanunsuz olaraq vəzifələrinin icrasından imtina ilə əlaqədar mənəvi ziyan yetirilmişdir, belə ki, dəfələrlə qan təzyiqi yüksəlmiş və mənəvi iztirablara məruz qalmışdır. Mənəvi ziyanın dəyərini 1000 manat məbləğində dəyərləndirir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə xx.xx.2003-cü il tarixdə Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 № li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki tikililərin faktiki göstəriciləri (torpaq sahəsi 976 kv.m, 1-ci bina 86,6 kv.m, 2-ci bina 74,32 kv.m olmaqla) əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavbdeh tərəfindən xx.xx.2003-cü il tarixdə Abşeron rayon X1 və Mülkiyyət HüquqlarınınbQeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə təsdiq olunan dövlət qeydiyyatının hüquqi qüvvəsi cavabdeh və məhkəmə tərəfindən tanınmamışdır. Cavabdeh bununla daşınmaz əmlak üzərində mövcud olan hüquqların dövlət reyestrində qeydiyyata almaq öhdəliyini qəsdən pozmuşdur və məhkəmə cavabdeh tərəfindən törədilmiş hüquq pozuntusuna hüquqi qiymət verməkdən imtina etmişdir. ddiaçının sahibliyində olan torpaq sahəsi onun qanuni xüsusi mülkiyyətidir. Cavabdeh və məhkəmə bu faktı tanımaqdan və qəbul etməkdən imtina edərək niyyətli şəkildə qanun pozuntusu törətmişlər. Bu müddəaya əsasən iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 44 saylı sərəncamı ilə verilmiş 0.10 ha torpaq sahəsi iddiaçının xüsusi müülkiyyətindədir. Cavabdeh bu faktı tanımaq istəməyərək bu faktı təsdiq edən Reyestrdən Çıxarış verilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusunun qarşısını almaqdan imtina etmiş və cavabdehin hüquq pozuntusuna rəvac vermişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf izahatında apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdiklərini bildirdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə tam olaraq riayət edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına münasibətdə düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının iddia tələbi - xx.xx.2003-cü il tarixdə Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş və 20830 № ilə reyestr kitabında, 124 № li inventar işində, xx.xx.2003-cü il tarixdə qeydə alınmış Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki tikililərin faktiki göstəriciləri (torpaq sahəsi 976 kv.m, 1-ci bina 86,6 kv.m, 2-ci bina 74,32 kv.m olmaqla) əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə Abşeron Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisindəki 272 saylı yaşayış sahəsi – 11,5 kv.m olan 1 otaqdan ibarət ibarət yaşayı evindən ibarətdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu ərazisində yerləşən 272 saylı evin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 11,5 kv.m-dir. Torpaq sahəsi texniki pasportla 0,1650 ha, faktiki olaraq 0,1830 ha təşkil edir. Ərazi bir tərəfdən yol üç tərəfdən qonşu sahələr ilə əhatə olunmuşdur. Ərazidə sözügedən birmərtəbəli fərdi yaşayış evi aşkarlanmamışdır. Həmin yerdə və ərazi bölünərək üç yerdə birmərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. Göründüyü kimi, iddia tələbində göstərilən yaşayış evlərinin göstəriciləri ilə, qeydiyyat vəsiqəsində qeyd edilən yaşayış evi fərqli göstəricilərə malikdir. Yəni, qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınan tikili ilə hazırda faktiki olaraq qeydiyyata alınması tələb edilən tikililər eyni deyildir. Buda o deməkdir ki, iddiaçı tərəfindən həmin tikili sökülərək yerində yeni tikililər inşa edilmişdir. Qeyd edilənləri nəzərə alan Kollegiya aşağıdakı normalara diqqət çəkir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ........ - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmişdir. Belə ki, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərini ayırmış, hər birinə xas olan göstəriciləri müəyyən etmişdir. Kollegiya bildirir ki, iddiaçının göstərdiyi fərdi yaşayış evləri 2013-cü ilin yanvarın birindən sonra inşa edilmiş tikililər sırasına aid edilsə, bu halda həmin tikili “ya məlumatlandırma icraatı tətbiq edilməli olan” tikili ya da “tikintisinə icazə tələb olunan tikili”lərdən hesab olunmalıdır. Bundan başqa əgər iddiaçının yaşayış evləri 2013-cü ilin yanvarın birindən əvvəl inşa edilmiş tikililər sırasına aid edilsə, bu halda mövcud qanunvericilik hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün - torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktının təqdim edilməsini nəzərdə tutur. İddiaçı tərəfindən isə qeyd olunan sənədlər nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya bildirir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evləri istər 2013-cü ilin yanvarın 1-dək, istərsədə həmin ilin 1-dən sonra tikilmiş olsun həmin fərdi yaşayış evlərinin dövlət reyestrində qeydiyyata alınması üçün yuxarda qeyd olunan normalarla müəyyən edilən əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. İddianın evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hissəsi ilə Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Abşeron Rayon İcra Hakimiyyəti üzrə xx.xx.1996-cı il tarixli 44 saylı Maştağa Subtropik sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında Maştağa subtropik sovxozunun 03 yanvar 1996-cı il tarixli 1 nömrəli qərarı, sovxozun 05 yanvar 1996-cı il 02 saylı və rayon kənd təsərrüfatı və ərzaq idarəsinin 22 yanvar 1996-cı il 13 saylı rəyləri nəzərə alınmışdır. Həmin vətəndaşlara verilmiş torpaqdan fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. İş materiallarında olan Abşeron rayonu “Subtropik” k/t məhsullarının istehsalı müəssisəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş 361 saylı xx.xx.2009-cu il tarixli arayışa əsasən Abşeron Rayon İcra Hakimiyyətinin 44 saylı xx.xx.1996-cı il tarixli qərarına əsasən İddiaçı sovxoz ərazisində fərdi yaşayış evi inşa üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Ona ayrılmış torpaq sahəsində yaşayış evi inşa etmiş və ailə ilə birlikdə həmin evdə yaşayır. Evin başı bağlı deyil, məhkəmə mübahisəsi və heç bir inzibati tədbir yoxdur. “X3” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən, bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən tomas sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 44 saylı tarixli Sərəncamına əsasən İddiaçı sovxoz ərazisində fərdi yaşayış evi inşa edilməsi üçün 0,10 ha torpaq sahəsinin ayrılmasına icazə verilmiş və qeyd edilən inzibati akt iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi üçün kifayət edir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.5-ci bəndinə əsasən torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor) əmri təqdim edilməmişdir. Cavabdehin mövqeyi ilə razılaşmayan Kollegiya hesab edir ki, iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncama münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin qeyd edilməlidir ki, sözügedən Sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbi torpaq sahəsinə dair olan hissədə təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti müvafiq Qərarla ona ayrılan torpağa dair mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsinin planı və ölçüsünün verilməsi hissəsində əsaslı olduğundan mübahisələndirilən qərar həmin hissədə ləğv edilərək, təmin olunmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin . Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7241/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qismən – torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılaraq iddia təmin olunsun. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 44 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1959/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1959/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver