Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-196/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə; İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-yə) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1396/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-yə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh xx.xx.2005-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.0.1 və 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu ərazisində monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən edilmişdir ki, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Kiçik Müəssisəsi dövlətə məxsus ümumi sahəsi 4,65 ha olan torpaq sahəsindən istifadə edir. Araşdırma zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Kiçik Müəssisəsi hazırda istifadə etdiyi 4,65 ha olan torpaq sahəsinin 3,78 ha hissəsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 378 nömrəli icarə müqaviləsi əsasında istifadə edir, 0.8 ha dövlətə məxsus torpaq sahəsi isə qeyri-qanuni olaraq Cavabdeh xx.xx.2005-ci il tarixli nömrəli sərəncamı ilə onun mülkiyyətinə verilmişdir. Qeyd olunan qanun pozuntusunu özündə əks etdirən xx xxxxxx 2019-ci il tarixli monitorinq aktı tərtib edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Kiçik Müəssisəsinin hazırda istifadə etdiyi 0.8 ha torpaq sahəsi dövlətə məxsus olduğundan həmin torpaq sahəsi barədə Bələdiyyənin sərəncam vermək hüququ qeyri-qanunidir. Bundan əlavə qeyd etmişdir ki, bələdiyyə seçkili orqan olduğundan bu kimi məsələlər kollegial qaydada həll edilməlidir, yəni qeyd olunan məsələ barədə qərar qəbul olunmalı halda qeyri-qanuni olaraq sərəncam verilmişdir. Ona görə də, hesab edir ki, Cavabdeh xx.xx.2005-ci il tarixli sərəncamı ləğv edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 1396/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinə və iddia tələbinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası nümayəndələrin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-nin rəhbərliyi Bakı şəhəri Sabunçu rayonu Cavabdehnə müraciət edərək Bünyatov küçəsində daimi istifadəsində olan artıq 0.8 ha torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Həmin dövrdə qeyd edilən torpaq sahəsində çirkab suları və tullantılar olmuşdur. Cavabdeh xx.xx.2005-ci il tarixli, 08 saylı protokolu ilə vətəndaş X18 küçəsində istehsalat sahəsi üçün 8000 kv.m. torpaq sahəsi müvafiq icra hakimiyyətinin müsbət rəyi alındıqdan sonra ayrılması qərara alınmış, bununla bağlı rəy verilməsi üçün Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli məktubu ilə Sabunçu qəsəbəsi, Bünyadov küçəsində tikilməkdə olan kiçik müəssisənin daimi istifadəsində olan 0.8 ha torpaq sahəsinin orada mühəndis qurğularının (elektrik. Qaz, su. Kanalizasiya, telefon və s.) mövcudluğunu rayonun müvafiq təsərrüfatları ilə razılaşdırılaraq sənədləşdirilməsinə etiraz edilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh xx.xx.2005-ci il tarixli, 131 saylı «İstehsalat sahəsi üçün torpaq sahəsinin ayrılması haqqında» sərəncamı ilə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bünyatov küçəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-in istifadə etdiyi 0.8 ha torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Daha sonra Sabunçu qəsəbəsi, Bünyatov küçəsi bələdiyyə ərazisində istifadədə olan 0.8 ha torpaq sahəsinin satılması ilə əlaqədar X2 rayon Bələdiyyəsinin bank hesabına 14080 manat haqq ödəmişdir. xx.xx.2019-cu il tarixdə isə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunmasına nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 17A ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-in istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəssisənin istifadəsində olan torpaq sahəsinin 4.65 ha təşkil etdiyi, bundan 3.85 ha torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə 378 saylı icarə müqaviləsi bağlandığı və qalan 0.8 ha torpaq sahəsinin isə Sabunçu rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamı əsasında alqı-satqı yolu ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-ə ayrıldığı müəyyən olunmuş və bu barədə akt tərtib edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını əsas kimi göstərərək Cavabdeh xx.xx.2005-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin qanuni əsaslarla üçüncü şəxsin istifadəsinə verilməsinin Sabunçu rayon icra hakimiyyəti orqanları tərəfindən tanındığını, bu barədə müvafiq hüquqmüəyyənedici aktlar və texniki sənədlər tərtib edilərək üçünçü şəxsin adına verildiyini, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla üçünçü şəxsin mülkiyyətinə verildiyini və torpağın qanunsuz olaraq zəbt olunması faktının da iş materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlib iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanununun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göstərilən Qanunun 64.2-ci maddəsinə görə isə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamə mübahisəli torpaq ayrıldıqdan sonrakı dövrə yəni, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edildiyindən mübahisə qeyd olunan qanunvericilik norması ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən bələdiyyə torpaqlarını mülkiyyətə, istifadəyə və icarəyə verilməsini bələdiyyələr müəyyən edir. x xxxxxx 2002-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Bələdiyyələrin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan ərazilərdə yerləşmiş kənd təsərrüfatına yararlı torpaq sahələri, habelə ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri özəlləşdirilə bilər. Həmin Məcəllənin 4-cü bəndin 1-ci abzasında qeyd edilmişdir ki, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə üstünlük verilən şəxslərdən biri də həmin torpağın əvvəlki istifadəçiləri və ya icarəçiləri hesab olunurlar. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” x xxxxxx 1999-cu il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə bələdiyyələrin siyahısı təsdiq edilsin. Bələdiyyələrin əraziləri bu siyahıya uyğun müəyyənləşdirilir. Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq inzibati ərazi vahidinin (inzibati ərazi vahidlərinin və ya vahidinin bir hissəsinin) bir hissəsinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.8-ci bəndində qeyd edilmişdir ki, dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin vəzifəsidir. Əsasnamənin istinad olunan bəndində Agentliyin məhkəmə qarşısında iddia qaldırması 2 halda yaranır: dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələri zəbt olunduqda; dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələri qanunazidd formada istifadə olunduqda. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla bələdiyyənin həmin torpağa sərəncam vermək hüququnun olmamasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in xx xxx 2019-cu il tarixli a/y-27/c/********** saylı sorğuya cavabdan müəyyən olunur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM-ya ayrılmış 0,8 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın kadastrı və onun reyestri, eləcə də elektron baza kadastrı xəritəsində qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli 586 saylı fərmanına qədər torpaq sahələri üzərində sərəncam vermək hüququnun yerli icra hakimiyyəti orqanının rəsmi rəyi rəhbər tutularaq bələdiyyələr tərəfindən kollegiyal qaydada qərar qəbul edildikdən sonra rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən xx xxxxxxxx 2005-ci il tarixli sərəncam ilə əraziyə baxış keçirdikdən sonra akt tərtib edilərək bu barədə Sabunçu rayon İcra Hakimiyyətinə müraciət olunub müvafiq rəy alındıqdan sonra Bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli 08 saylı iclasda kollegiyal qərar əsasında qəbul edildiyindən qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Göründüyü kimi, Agentlik tərəfindən mübahisələndirilən torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” KM tərəfindən zəbt olunmamış, qanuni əsaslarla üçüncü şəxsin istifadəsinə verilmişdir ki, işin bu halları məhkəmə kollegiyasının sorğusu əsasında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli 6/82/2 saylı məktub ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun olaraq üçüncü şəxslərə ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin qanuni əsaslarla üçüncü şəxsin istifadəsinə verilməsi Sabunçu rayon icra hakimiyyəti orqanları tərəfindən tanınmış və bu barədə də müvafiq hüquqmüəyyənedici aktlar və texniki sənədlər tərtib edilərək üçüncü şəxsin adına verilmişdir. Hazırkı halda mübahisəli torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması faktı da iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş etibarsızlıq hallarını ehtiva etmir. Belə ki, həmin inzibati akt nəticəsində üçüncü şəxsin istifadə hüququ qanunvericiliyə uyğun olaraq tanınmış və üçüncü şəxs həmin torpaq sahəsindən uzun müddət ərzində mübahisəsiz istifadə edilməkdədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı eyni zamanda istinad etdiyi halları sübuta yetirə bilməmiş və istinad etdiyi faktlar barəsində hər hansı tutarlı sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(82)-1396/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-196/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-196/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver