Məhkəmə qərarları › İş №2-1(103)-196/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-196/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-196/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)- 2749/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhər Cavabdeh başçısının 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan polkovnik-leytenant 1992-2018-ci illər ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Müstəqil Azərbaycan Silahlı Qüvvələrinin ilk əsgərlərindən olaraq ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. İddiaçı müharibə və silahlı qüvvələr veteranıdır. O, 26 illik xidməti dövrü ərzində vətəninə, xalqına və dövlətçilik ideyalarına daima sədaqətlə xidmət etmişdir. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, fəxri fərmanlarla müxtəlif medallarla təltif edilmişdir. “Vətən naminə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalları ilə tərxis edildikdən sonra təltif edilmiş və bunu özünə şərəf sayaraq xidmətini daha da səmərəli təşkil etməklə Dövlət Sərhəd Xidmətində aparılan islahatların iştirakçısı və icraçılarından biri olmuşdur. İddiaçı 31.01.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Həmin ilin 30 iyul tarixindən Bakı şəhəri Cavabdeh başçısının 186 nömrəli Sərəncamına əsasən, o, 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilmişdir. 2019-cu ilin fevral ayından kirayə xərclərilə bağlı vəsaiti bank kartı vasitəsi ilə alırdı. Lakin bu ödəniş 2020-ci ilin iyun ayından dayandırılıb və səbəb kimi” ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2012-ci il 06 avqust tarixli, 174 nömrəli Qərarında müəyyən edilmiş kateqoriyaya (yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş qulluqçulara) aid edilmədiyi və ehtiyatda olan zabitlərin mənzil uçot siyahısından çıxarılacağı şifahi olaraq bildirilmişdir. Bundan sonra isə Cavabdeh 13.11.2020-ci il tarixdə ona təqdim edilən cavab məktubu ilə ona bildirilmişdir ki, 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamla, o, güzəştli mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 17 may 2018-ci il tarixli, 182 saylı arayışına əsasən İddiaçı “hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi (xidməti uyğunsuzluğa görə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2749/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhər Cavabdeh başçısının 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsi, iddianın qalan hissədə - müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi-hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın qismən - müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunması və həmin hissədə də iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, iddiaçı tərəfindən isə iddia tələbinin təmin olunmamış hissəsindən apellyasiya şikayəti verildiyindən, apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə - təmin olunmayan “müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı 25 ildən artıq müddət (26.06.1992-ci ildən 31.01.2018-ci ilədək) ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Bu müddət ərzində fərdi ev tikintisi üçün torpaq sahəsi ilə və ya mənzillə təmin olunmamışdır. Cavabdeh qanunvericilik ilə hərbi qulluqçular üçün nəzərdə tutulmuş imtiyazları nəzərə alaraq iddiaçının hərbi qulluqçular üçün güzəştli mənzil növbəsinə götürülməsi barədə qəbul etdiyi 30.07.2018-ci il tarixli sərəncamını sonradan özünün 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamı ilə ləğv edilməsi, İddiaçı və onun ailə üzvlərinin hərbi qülluçuların güzəştli mənzil növbəsindən çıxarılması qərara almışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini qismən təmin edərək, hesab etmişdir ki, iddiaçı üçün əlverişli qanuni inzibati akt olan güzəştli mənzil növbəsinə götürülməsi barədə 30.07.2018-ci il tarixli, 186 nömrəli sərəncamın ləğvi barədə Cavabdeh 239 nömrəli 07.09.2020-ci il tarixli sərəncamın qəbul edilməsi qanuna uyğun olmamışdır. Bu səbəbdən də, 239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbində iddiaçı haqlıdır. “Müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” hissəsində iddia tələbini təmin etməyən birinci instansiya “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndinin “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara” hissəsinə istinad edərək qeyd etmişdir ki, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ ehtiyata və ya istefaya buraxılmış bütün kateqoriya hərbi qulluqçulara deyil, yalnız bəzi kateqoriyaya şamil edilmiş, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış zabitlər üçün bu ödənişlərin edilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən, iddiaçı 31.01.2018-ci il tarixdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-ci maddəsinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası “Müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinin 4-cü hissəsinə uyğun olaraq, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1-ci bəndində göstərilmişdir: “1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat,1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat,1.3. digər yaşayış məntəqələrində –55 manat.” Qanunvericiliyin tələbinə görə mənzil kirayəsi xərcləri birinci halda yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, ikinci halda isə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilir. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2-ci bənddə qeyd olunub ki, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 18 avqust 2006-cı il tarixli əmri ilə 3-cü dərəcəli, 18 avqust 2008-ci il tarixli əmri ilə 2-ci dərəcəli, 17 avqust 2013-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı və surətinin Cavabdehnə ünvanlanmış 07 sentyabr 2020-ci il tarixli, 03/11-1918 saylı məktubunda qeyd olunmuşdur ki, 20 il qüsursuz xidmətə görə təltifinizi və bütövlükdə hərbi xidmət illərinizin 25 ildən də artıq olduğunu nəzərə alaraq mənzil kirayəsi xərclərinizin ödənilməsinin yerli icra hakimiyyəti tərəfindən dayandırılması hüquq pozuntusudur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinin 4-cü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Nazirlər Kabinetinin sözügedən (06.08.2012-ci il tarixli 174 nömrəli) Qərarında yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qeyd edilməsi isə Qanunun 12-ci maddəsində müəyyən edilən təminata zidd ola bilməz və hərbi qulluqçular üçün Qanunla müəyyən edilən təminatın ən aşağı səviyyəsini müəyyən edir. Fərmanın birinci hissəsində ölkə başçısı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə yazılı təminat veribdir. Fərmanla hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədilə Komissiya yaradılmış və 4-cü hissəsinə əsasən bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etmək öhdəliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulubdur. Bununla da, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların hər biri barəsində Maliyyə Nazirliyinin sərəncamı (inzibati aktı) olmalıdır. Daha sonra 2012-ci ilin avqust ayında isə bu kateqoriyaya düşməyən, lakin vətən qarşısında xidmətləri olan və dövlətin Qanunun 12-ci maddəsində müəyyən edilən yaşayış sahəsi ilə təmin edilməsi müəyyən səbəblərdən mümkün olmayan hərbi qulluqçuların da sosial müdafiəsi məqsədilə Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli qərar qəbul olundu. Başqa sözlə, 20 il qüsursuz xidmət edən hərbi qulluqçu qısa müddətdə yaşayış sahəsi ilə pulsuz təmin edilməlidir və bu təminat icra edilənədək ona kirayə haqqının ödənilməsi mütləqdir. “İnzibati icraat haqqında” Qanunun 11-ci və 13-cü maddələrinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Dərc edilən bu Fərman yazılı olmaqla yanaşı icrası məcburi olan normativ hüquqi aktdır. Yuxarıda qeyd olunanları və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin dövlət qulluqçusu olduğunu nəzərə alaraq bildiririk ki, dövlət qulluqçusuna həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, qanunda başqa qayda nəzərdə tutulmayıbsa intizam məsuliyyətinə səbəb olur. Əlavə olaraq bildiririk ki, Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən Siz pozulmuş hüququların bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnuzdan istifadə edə bilərsiniz. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinin 4-cü hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. İş üzrə mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 25 ildən artıq müddət ərzində hərbi xidmət etmiş və qüsursuz xidmətə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin birinci hissəsi-239 nömrəli, 07.09.2020-ci il tarixli sərəncamın ləğv edilməsi hissəsində təmin olunduğundan, İddiaçı müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin dayandırıldığı 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi hissəsində də iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədətəmin edilməyən “müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, müvəqqəti mənzil kirayəsi xərclərinin İddiaçı ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-2749/2021 saylı qərarı mübahisələndirilən hissədə - təmin edilməyən “müvəqqəti mənzil kirayəsi xərclərinin iddiaçıya ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin. Müvəqqəti mənzil kirayəsi xərclərinin İddiaçı ödənilməsinin 2020-ci ilin iyun ayından etibarən bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar