Məhkəmə qərarları › İş №2-1(103)-196/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-196/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-196/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(112)- 5030/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 080393 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 12 №-li mənzilə dair mülkiyyət hüququnun Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1065 №-li sərəncamı əsasında əlavə inşa olunmuş 16 kv.metrdən ibarət olan eyvan tikilisi nəzərə alınmaqla yenidən xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsində ünvan 1 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması ilə bağlı daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********21 saylı bildirişi ilə ərizənin icrasından imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1065 nömrəli, xx.xx.1993- cü il tarixli ünvan 1 ünvanında yaşayan “İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilində onunla razılaşdırılmış layihə sənədləri əsasında eyvanının genişləndirilməsinə icazə verilmiş, ona eyvanının tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır. Bununla bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilinə dair Binəqədi rayonu 113 saylı MKİS tərəfindən tərtib edilmiş Eskiz Layihəsi təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 080393 nömrəli, Qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzili onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 916 nömrəli Reyestr kitabında 137501-ci səhifədə, N30/137501 nömrə ilə 05 mart 1998-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, mənzilə bitişik ölçüsü 16 kv.m olan əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(112)-5030/2023 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 080393 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 12 №-li mənzilə dair onun mülkiyyət hüququnun Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1065 №-li sərəncamı əsasında əlavə inşa olunmuş 16 kv. metrdən ibarət olan eyvan tikilisi nəzərə alınmaqla yenidən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mənzilə bitişik, binanın konturundan kənar ölşüsü 16 kv.m olan əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il taixli, **********21 nömrəli məktub ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin qərar ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 080393 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 75 b №-li yaşayış evinin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 916 saylı reyestr kitabının 137501-ci səhifəsində 30/137501 № ilə xx.xx.1998-ci ildə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 75b nömrəli evin 12 nömrəli mənzilinə (yeni qaydalarla AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Biləcəri küçəsi, 18, M1, m2) İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev № 75 b, 12 №-li mənzildə eyvanın çıxarılmasının sxem təklifi Binəqədi rayon İcra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq olunmuşdur. - Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, ünvan 5 ünvanına dair eskiz layihə tərtib və təsdiq olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamının surətindən görünür ki, Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında, eyvanının genişləndirilməsinə icazə verilməsi; vətəndaş İddiaçı eyvanın tikintisinin təsdiq edilmiş layihə əsasında aparılmasının tapşırılması; sərəncamın yerinə yetirilməsinə nəzarətinin Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinə və RPİ-nin sahə müvəkkilinə həvalə edilməsi qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanına cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, icazəsiz tikili olaraq mənzilə bitişik St/a=16.0 kv.m əlavə tikilinin inşa edildiyi müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mənzilə bitişik əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 12 №-li mənzilə dair mülkiyyət hüququnun Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1065 №-li sərəncamı əsasında əlavə inşa olunmuş 16 kv.metrdən ibarət olan eyvan tikilisi nəzərə alınmaqla yenidən xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, əlavə inşa edilmiş tikili və bu tikiliyə dair hüquqmüəyyənedici sənədin olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamı ilə Y.Hüseynov küçəsi 75b №li evin 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında, eyvanının genişləndirilməsinə icazə verilmişdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış "mənzilə bitişik əlavə tikilinin (eyvan) qeydiyyata alınması təmin olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlər (sərəncam, qeydiyyat vəsiqəsi, sxem və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən mənzil üzərində əlavə tikili nəzərə alınmaqla iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan eyvanın çıxardılmasının sxem təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin Baş memarı, yəni səlahiyyətli şəxs tərəfindən təsdiq olunmuş, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 113 saylı Mənzil-Kommunal İstismar sahəsi, yəni səlahiyyətli orqan tərəfindən ünvan 8 ünvanına dair eskiz layihə tərtib və təsdiq edilmiş, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının, yəni səlahiyyətli dövlət orqanının “Y.Hüseynov küçəsi, ev 75b, 12 №-li mənzilində yaşayan İddiaçı eyvanın genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamı ilə Y.Hüseynov küçəsi, ev 75b, 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında eyvanın genişləndirilməsinə icazə verilmiş, İddiaçı eyvanın tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır. Lakin apellyasiya məhkəməsi inzibati mübahisəni həll edərkən sadalanan mötəbər sübutları nəzərə almamış və onlara hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, ünvan 8 ünvanına cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, icazəsiz tikili olaraq mənzilə bitişik St/a=16.0 kv.m əlavə tikilinin inşa edildiyi müəyyən edilmişdir. Yuxarıda sadalanmış mötəbər sənədlər işdə olduğu halda, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müayinə (baxış) aktında 16,0 kv.m. əlavə tikilinin, yəni eyvanın, hansı səbəbə görə “icazəsiz tikili olaraq” adlandırılması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “eyvanın tikilməsi nəticəsində digər mənzil mülkiyyətçilərinin eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin torpaq sahəsi mənzillərin hissəsi olmamaqla, bütün mülkiyyətçilərə məxsusdur.” Apellyasiya instansiyası məhkəməsinin bu qənaəti sadəcə deklarativ xarakter daşıyır, hər hansı bir sübutlarla öz təsdiqini tapmamış, başqa sözlə, həmin istiqamətdə də apellyasiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır. Bundan başqa, işdə “digər mənzil mülkiyyətçilərinin”, onların sözügedən eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı bir rəsmi müraciət mövcud deyildir. Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında cavabdehin apellyasiya şikayətinin təsviri hissəsinə aid yazılmışdır ki, “mənzilə bitişik, binanın konturundan kənar ölçüsü 16 kv.m. olan əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli eyvanla bağlı yuxarıda artıq göstərilmiş mötəbər sübutlar olduğu təqdirdə, cavabdehin apellyasiya şikayətində olan bu ziddiyyətləri apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, eyni zamanda lazım olduğu halda, müvafiq ekspertizanın təyin edilməsi baxımından sözügedən məsələ müzakirə predmeti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iş üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 75b, 12 saylı mənzilə bitişik olan əlavə tikilinin (eyvanın) özünün dayanıqlılığı, o cümlədən onun bitişik olduğu mənzil və binanın dayanıqlılığına mənfi təsirinin olub-olmaması barədə rəy verilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli, 3-16-16/2- 10/3174/2025 nömrəli məktubu ilə iş üzrə təyin edilmiş tikinti-texniki ekpertizasının aparılmasından imtina edilməsi barədə məktubu məhkəməyə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssis rəyinin verilməsindən imtina barədə məktubunda isə qeyd olunmuşdur ki, Agentliyin mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertizalarının aparılması üçün tərəflərindən mütəxəssisin ayrılması imkan xaricindədir. İşin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1065 nömrəli, xx.xx.1993-cü il tarixli ünvan 1 ünvanında yaşayan “İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” Sərəncamı ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilində onunla razılaşdırılmış layihə sənədləri əsasında eyvanının genişləndirilməsinə icazə verilmiş, ona eyvanının tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır. Bununla bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilinə dair Binəqədi rayonu 113 saylı MKİS tərəfindən tərtib edilmiş Eskiz Layihəsi təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 080393 nömrəli, Qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzili onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 916 nömrəli Reyestr kitabında 137501-ci səhifədə, N30/137501 nömrə ilə 05 mart 1998-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamı ilə verilmiş icazə ünvan 1 ünvanında yerləşən əlavə tikilinin inşa edilməsi (eyvanın genişləndirilməsi üçün) üçün əsas hüquqmüəyyənedici sənəd hesab edilir və tikilinin qanunvericiliyin tələbinə uyğun olaraq inşa edildiyini təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış mənzilə bitişik əlavə tikilinin (eyvan) qeydiyyata alınması təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədlər, o cümlədən icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və icra hakimiyyəti tərəfindən təsdiq olunmuş sxem-təklifi əlavə tikilinin qeydiyyata alınması üçün təqdim edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2013-cü il tarixədək qüvvədə olmuş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində hüquqi və fiziki şəxslərin vəzifələri aşağıdakılardır: şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmə; yaşayış mühitini, şəhərsalma, memarlıq, tarix və mədəniyyət abidələrini, təbiimədəni landşaftı, ətraf mühiti qorumaq və yaxşılaşdırmaq; torpaq sahələrindən, mühəndis və nəqliyyat şəbəkələri və sistemlərindən, digər daşınmaz əmlakdan, təbii ehtiyatlardan qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə etmək; mövcud tikililərdə yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişiklikləri müvafiq orqanlarla razılaşdırmaqla həyata keçirmək; özlərinə məxsus daşınmaz əmlak və onlardakı dəyişikliklər haqqında dövlət şəhərsalma kadastrı və monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanına məlumat vermək; şəhərsalma sənədlərinin bir nüsxəsini mütləq müvafiq icra hakimiyyəti orqanlarının arxivlərinə təhvil vermək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları” 2.1-ci bəndinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. 2.4-cü bəndinə əsasən, yeni obyektlərin yerləşdirilməsi və tikintisi üzrə tamamlanmış layihə təsdiq edilənə qədər o, layihə müəllifinin iştirakı ilə yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti tərəfindən baxılmalı və razılışdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla oxşar məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(112)-5030/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar