Məhkəmə qərarları › İş №2-1(103)-1960/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1960/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1960/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiаçı X1 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə Bakı İnzibatı Məhkəməsinin 04 may 2021-ci il tarixli 2-1(112)- 2614/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququnun yarandığı 17 may 2018-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 noyabr 1957-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, 24 yanvar 1976-cı il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikaha daxil olduqdan sonra ərinin soyadı olan Cəfərova soyadını qəbul etmiş, X3 09 fevral 1971-ci il tarixdən X12nda, 1 saylı Mexaniki yığma sexində 2 dərəcəli yığıcı çilingər peşəsinə işə qəbul edilmiş, 14 may 1974- cü il tarixdən həmin zavodun Nəqliyyat sahəsində 3-cü dərəcəli, 01 yanvar 1997-ci ildən həmin sahədə 6-cı dərəcəli sürücü işləməklə 09 sentyabr 1999-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Beləliklə o, eyni müəssisədə, yəni Keşlə Maşmqayırma zavodunda fasiləsiz 28 il 7 ay işləmişdir. X4 14 may 1949-cu il tarixdə anadan olmuş, 19 noyabr 2002-ci ildə ömrünün 54-cü yaşında (53 il 6 ay 5 gün yaşadıqdan sonra) xərçəng xəstəliyindən vəfat etmişdir. Ərinin ölüm gününə qədər 12 il 6 ay sığorta stajının olması ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün yetərli olduğu halda (53 il 6 ay-16 il=37 il 6 ay x 4 ay= 150 ay: 12 ay= 12,5 il), ərinin vəfat edənə qədər 28 il 7 ay əmək stajı olmuşdur. 17 may 2018-ci il tarixdə onun 60,5 yaşı tamam olmaqla pensiya yaşına çatmış və ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranıbdır. Ona görə də, ona 17 may 2018ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilməli və ödənilməlidir. O, zəruri sənədləri toplayıb pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST" Mərkəzinə təqdim etmiş, ərizəsinə Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialda baxılmış və əmək kitabçasının təqdim edilməməsi bəhanəsi ilə pensiya təyinatından imtina edilmişdir. Əri 18 il əvvəl vəfat etmişdir, diqqətsizlikdən onun əmək kitabçasını itirmişdir. Amma onun işlədiyi müəsssisənin arxivindən ilkin sənədlərə istinad edilməklə arayış alıb təqdim etmişdir. Əmək kitabçası da həmin ilkin sənədlər əsasında doldulduğu üçün, onlar əmək kitabçasından da mötəbər (etibarlı) sənədlərdir. Ona pensiya təyin edilməsindən imtina qərarı əsassız və qeyri qanunidir. Bu imtina inzibati məhkəmə tərəfindən qeyriqanuni hesab edilməli və 17 may 2018-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X11 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluqedilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı vəziyyətində isə onun mərhum həyat yoldaşı X5 09.02.1971-ci il tarixdən 09.09.1999-cu il tarixədək “X12”nda işləməsi əmək kitabçasında qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli 2-1(112)-2614/2021 saylı qərarı ilə iddia təmin edilərək iddiaçı X2 pensiya hüququ yarandığı 17 may 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçınln iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, X8 ilə 24.01.1976-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1976-ci ilin yanvar ayının 24 günündə 241 ilə qeyd edilmişdir. 03 yanvar 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10, 19 noyabr 2002-ci il tarixdə 53 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003 ilin 01 ayının 03 günündə 20 № ilə qeyd edilmişdir. Ölüm səbəbi xərçəng intoksikasiyası. Düz bağırsağın xərçəngi qeyd edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən 3 saylı Bakı Dost Mərkəzinə təqdim edilməsi üçün verilmiş 24 sentyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, “X12” ASC-nin hüquqi varisi "xxxx" ASC arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən 14.05.1949-cu il təvəllüdlü R.Ş.Cəfərov haqqında aparılmış qeydlər: 09.02.1971-ci ildən, 1 saylı Mexaniki yığma sexində 2-ci dərəcəli yığıcı çilingər peşəsinə işə qəbul edilmişdir. Əmr № 79/k, 08.02.1971-ci il. 14.05.1974-cü ildən, 16 saylı Nəqliyyat sahəsində 3-cü dərəcəli; əmr № 57/k, 21.05.1974-cü il. 01.01.1997-ci ildən, həmin sahədə 6-cı dərəcəli sürücü işləmişdir. Əmr № 16/k, 04.03.1997-ci il. 09.09.1999-cu ildən öz xahişi ilə işdən azad edilmişdir. Əmr № 99/k, 09.09.1999-cu il. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 10 oktyabr 2020-ci il tarixli pensiyanın təyin edilməsinin mümkün olmaması haqqında məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci yarımbəndinə əsasən sığortaolunanın əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanın (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Təqdim edilmiş sənədlərdə mərhum həyat yoldaşı X5 iş stajı barədə əmək kitabçası deyil, arxiv arayışı təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından uyğun hesab olunmur. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. -Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən ünvanlanmış 07 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 24 sentyabr 2020-ci il tarixli arayış işçinin şəxsi vərəqəsi (T-2) əsasında tərtib edilmişdir. Həmin işçi X12nda işləmişdir. AR Nazirlər kabinetinin 60 saylı 01 aprel 2009-cu il tarixli sərancamı ilə “X12” TASC "xxxx" TASC-nin ərazisinə köçürülərək yenidən qurulmuşdur. Köçürmə vaxtı Arxiv sənədləri çox keyfiyyətsiz vəziyyətdə təhvil verilmişdir. Sorğuya cavab olaraq əldə etdikləri tam olmayan məlumatları təqdim etdikləri qeyd edilmişdir. Həmin işçinin əmək haqqı haqqında tapdıqları məlumatları və (T2) şəxsi vərəqəsinin surətini təqdim etmişlər. 31 avqust 2020-ci il tarixli təsis yığıncağının qərarı ilə 12 yanvar 2021- ci il tarixli 1 saylı əmrlə "xxxx" ASC-nin təşkilatı hüquqi idarəetməsi dəyişərək "xxxx" MMC olmuşdur. Pensiyanın hesablanması üçün əmək haqqı barədə verilmiş arayışdan görünür ki, X5 pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı bir milyon doqquz yüz on yeddi min altı yüz on dörd manat 48 qəpik. Əmək haqqının aylar üzrə məbləği 1622998,81 manat təşkil etmişdir. Əmək haqqı arayışına birdəfəlik xarakterli ödəmələr daxil edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin mənasına görə vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 14-18-ci maddələrinin tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmək üçün şərtlər tələb olunur: 1) Pensiya təyin ediləcək şəxs vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olmalı; 2) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 3) Ailə başçısının qanunla tələb edilən sığorta stajı olmasıdır. İddiaçı tərəfindən təqdim olunmuş nikah haqqında şəhadətnamənin surətindən, görünür ki, İddiaçı Nəcməddin qızı mərhum X5 arvadı olmuşdur. Göründüyü kimi, iddiaçıya 2018-ci ildə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ailə başçısının ölüm gününədək bu qanunun 12.1- ci maddəsində tələb edilən sığorta stajı olmasını tələb edir. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin normasını şərh etdikdə isə bildirir ki, vəfat etmiş ailə başçısının öhdəsində olan arvada ailə başçısını itirməyə görə əmək pensiyası o zaman təyin olunur ki, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış olsun. Belə olan halda, ilkin olaraq iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan pensiya yaşına çatması anı müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (əvvəlki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 57 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində isə qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (hazırki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 60 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində sə qadınların 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normalarından da göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ 17.05.2018-ci il tarixdən, yəni 60 yaş yarımdan (60 il 6 ay) yaranmış olur. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ ərinin vəfat etdiyi 19 noyabr 2002-ci il tarixdən deyil, özünün yaşa görə pensiya hüququnun yarandığı 17 may 2018-ci ildən yaranmış olacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranan zaman 2017-ci ildə qüvvədə olmuş 32.3-cü maddəsində qeyd edilirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normasını hazırkı tələbin faktiki hallarına tətbiq edərək müəyyən edir ki, iddiaçının mərhum əri 14.05.1949-cu ildə anadan olduğundan və 19.11.2002-ci ildə vəfat etdiyindən onun vəfat etdiyi günə 53 yaş yarımı olmuşdur. Mərhumun əmək qabiliyyətli dövrün 15 yaşdan başladığını nəzərə alıb həmin illəri çıxdıqda onun 38 il 6 ay əmək qabiliyyətli dövrü olmuş olur və həmin illərin hər ilinə görə 4 ay sığorta stajı hesablandıqda 12 il 9 ay sığorta stajı olmuş olur. Beləliklə, pensiya yaşına çatmış İddiaçı Nəcməddin qızına ailə başçısını itirməyə görə pensiyanın təyini üçün vəfat etmiş ailə başçısının azı 12 il 9 ay sığorta stajı olması qanunla tələb edilir. Cavabdeh imtinanın əsası kimi iddiaçının təqdim etdiyi 24 sentyabr 2020-ci il tarixli arxiv arayışında qeyd olunan iş stajını təsdiq edən əmək kitabçasının olmadığına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyildir. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999- cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. Birinci instansiya məhkəməsində icraat zamanı işəgötürəndən qeyd edilən arxiv arayışının təqdim edilməsinə əsas olan sənədlər (əmrlər, əmək haqqı cədvəlləri) tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq işəgötürən tərəfindən X5 arxivdə saxlanılan əmək haqqı haqqında məlumatları və (T-2) şəxsi vərəqəsi təqdim edilmişdir. Şəxsi vərəqədən də görünür ki, Qusar rayonu, Xəzri kəndində anadan olmuş 14.05.1949-cu il təvəllüdlü X8 09.02.1971-ci ildən 09.09.1999-cu ilədək “X12” ASC-də müxtəlif vəzifələrdə işləmiş, 09.09.1999-cu ildə öz xahişi ilə 99/k nömrəli əmrlə işdən azad edilmişdir. Həmçinin, şəxsi vərəqədən görünür ki, X5 09.09.1999-cu ildə əmək kitabçasının alması barədə imzalı qeyd mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Qanunun mənasına görə inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Beləliklə, 24 sentyabr 2020-ci il tarixli 01,77 nömrəli arxiv arayışından, şəxsi vərəqədən (T-2) aydın olur ki, iddiaçının mərhum ərinin qanunun yuxarıda qeyd edilən müddəasında tələb ediləndən artıq -28 ildən artıq sığorta stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli 2-1(112)- 2614/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar