Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1960/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyn və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 cəlb edilməklə) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5556/2022 saylı, 13 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxs X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin, seriya MH, № 061164 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. Qeyd olunan mənzil iddiaçı tərəfindən 25 fevral 1997-ci il tarixdə özəlləşdirilmişdir. Mənzil iddiaçının istifadəsindədir və orada onunla birlikdə 03 iyul 1990-cı il təvəllüdlü oğlu X5 pasport qeydiyyatındadır. İddiaçı sözügedən mənzildə uzun müddətdir ki, yaşayır. X5 isə 2008-ci ildə təhsil almaq üçün Qazaxıstanın Alma-Atı şəhərinə getmiş, 2012-ci ildən isə daimi yaşamaq və işləmək üçün Avstraliyaya köçmüşdür. 2015-ci ildə ilk və sonuncu dəfə Bakı Bakı şəhərinə babasının dəfn mərasiminə gəlmiş və qısa müddətdən sonra ölkəni tərk etmişdir. T.Məmmədovun Avstraliyada yaşadığını anası bilsə də, onun dəqiq ünvanını bilmir. İddiaçının oğlu Timur mənzildə yaşamadığı halda anası onun əvəzinə kommunal xərclər ödəyir və o mənzildə formal olaraq qeydiyyatda qalır. İddiaçı T.E.Məmmədovun qeydiyyatdan çıxarılması barədə Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, idarə 13 noyabr 2021-ci il tarixli məktubu ilə müraciətin müsbət həllini mümkünsüz saymışdır və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5556/2022 saylı, 13 mart 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxs X5 iddiaçının (mülkiyyətçinin) ailə üzvü (oğlu) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228-ci, Azərbaycan Respublıkası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'' Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir."Yayayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının oğlu Timur Məmmədov 2015-ci ildən ölkədə xxxxxxx və mülkiyyətçinin mənzilində nə yaşayır nə də ki, mənzildən istifadə edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar xxxxxxx. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin başqa ölkədə yaşayış yeri seçməsidir. İş üzrə araşdırma zamanı məhkəmə sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/1827 saylı cavab məktubuna əsasən xx.xx.1990-cı il təvəlüdlü X2 xx.xx.2015-ci il tarixdən hazırkı vaxtadək dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlardan görünür ki, T.Məmmədov xx.xx.2015-ci il tarixindən ölkə xaricinə çıxış etmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş sənədlərə əsasən 3-cü şəxs X5 2019-cu ildən ABŞ vətəndaşlığını əldə etmişdir. Bundan əlavə 3-cü şəxs X5 tərəfindən məhkəmənin adına ünvanlanmış məktubda 2013-cü ildən Azərbaycan Respublikasında yaşamadığını, geri qayıtmayacağını bildirmiş və bu əsasla ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. X3 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarda ifadə etdiyi mövqeyə əsasən: mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göründüyü kimi iddiaçı və üçüncü şəxs arasında qohumluq münasibətlərinin xarakterindən asılı olmayaraq inzibati məhkəmə icraatı qaydasında da Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş tələblər çərçivəsində şəxsin yaşayış sahəsində yaşamamasının müəyyən edilməsi mümkün olan səlahiyyət qismində çıxış edir ki, məhkəmə kollegiyası da üçüncü şəxsin iddiaçıya məxsus mənzildə yaşamaması, 2015-ci ildən ölkə xaricinə çıxış etməsi və başqa ölkə vətəndaşlığını qəbul etməsini nəzərə alaraq Konstitusiya Məhkəməsinin qərarını da nəzərə almaqla hazırkı iddianın təmin edilməsi qənaətindədir. İddiaçının oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ xxxxxxxsa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin Qərarda istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 –cü Fəslinin (Maddə 75.1 və 80.1) təhlilindən aydın olur ki, valideynlər yetkinlik yaşına çatmayan övladlarını, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludur. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, xx.xx.1962-cı il təvəllüdlü iddiaçının xx.xx.1990-cı il təvəllüdlü övladını saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun öz valideynindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi, faktiki olaraq həmin ünvanda yaşamaması, xarici ölkə vətəndaşlığını qəbul etməsi və başqa ölkədə yaşayış yeri seçməsi, iddiaçının yaşayış sahəsində üçüncü şəxsin qeydiyyatda saxlanılmasını mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirməyə əsas verir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4245/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5556/2022 saylı, 13 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aida Hüseyn Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1960/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1960/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver