Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1960/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ekspertiza təyinatlarının ləğv edilməsi, iddiaçının əliliyi haqqında məlumatların alt informasiya sisteminə və portala yerləşdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -19 iyul 2019-cu il tarixli xxxxxxx0006 nömrəli və 12 fevral 2020-ci il tarixli xxxxxxx0009 nömrəli tibbi ekspertiza təyinatlarının ləğv edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddiaçının əlilliyi haqqında məlumatlar (2006-cı ildən ilbəil “forma 088”-lər, əliliyin müayinələr tarixi 2006-cı ildən ardıcıl olaraq ilbəil, 2006-cı ildən fərdi şəxsi hesablar, 2006-cı ildən aldığı müavinat və təqaüdlər ilbəil) ona məxsus Alt informasiya Sisteminə və e-sosial.az portalına yerləşdirməsi, prokurorluq orqanlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya və Texnologiya Departamentinin fəaliyyətinə göstərilən faktlar üzrə prokuror nəzarətinin baş verməsinin tövsiyyə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh uzun müddət rəqəmsal texniki vasitələrdən istifadə edərək iddiaçıya aid olan vacib əlillik haqqında məlumatları təhrif edərək, bəzi yerlərdə qəsdən natamam şəkildə ifadə edərək, əlilliyin müayinə və davamını özünün kontrol etdiyi rəqəmsal Alt Sistemə və publik olan “e-sosial.az” portalına yerləşdirir. Nazirliyin əməkdaşları xidməti vəzifələrindən istifadə edərək, AR CM-in 273-2 maddəsində göstərilən üsullarla kompyuter dələduzluğu iddiaçı üçün əhəmiyyətli olan, onun şərəf və ləyaqətinə ləkə vurur, onun ikinci qrup müharibə əlili olduğunu təhrif edir. Dəfələrlə həm yazılı, həm də elektron vasitələrlə Nazirliyiyə müraciət etmiş, lakin cavabsız qalmışdır, yayındırıcı məktublar almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə İPM-in 87.6-cı maddəsinə əsaslanaraq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad iddia ərizəsində olan tələb və faktlardan kənar mövzu əks etdirilib. Belə ki, iddia ərizəsində “əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında " AR Prezidentinin Fərmanından irəli gələn tələblər irəli sürüb və bu məsələlərdə nazirliyi cavabdeh kimi tanıyıb. Agentlik elektron xidmətlərini TSERAS-ın Əsasnaməsində onun səlahiliyyətlərini kimlərləsə bölüşdürməsi barədə heç bir şey yazılmayıb. Barəsində olan məlumatlar məhz Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən ılaşdırılıb, əhəmiyyətli məlumatlar gizlədilib. Məhkəmə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın, AR Konstitusiyasının tələblərini pozub. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) daxilində, müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda isə iddiaçıların hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, birincisi, iş materiallarına əsasən, eləcə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, iş baxan birinci instansiya məhkəməsi, iddiaçıya iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) təklif edilsə də, irəli sürdüyü iddiasında israrlıdır. Qeyd olunan iddiasından isə göründüyü kimi, bir neçə bənddən ibarət tələblərində aşağıdakılar barədə qərar qəbul olunmasını tələb edir: - 19 iyul 2019-cu il tarixli xxxxxxx0006 nömrəli və 12 fevral 2020-ci il tarixli xxxxxxx0009 nömrəli tibbi ekspertiza təyinatlarının ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iddiaçının əlilliyi haqqında məlumatlar (2006-cı ildən ilbəil “forma 088”-lər, əliliyin müayinələr tarixi 2006-cı ildən ardıcıl olaraq ilbəil, 2006-cı ildən fərdi şəxsi hesablar, 2006-cı ildən aldığı müavinat və təqaüdlər ilbəil) ona məxsus Alt informasiya Sisteminə və e-sosial.az portalına yerləşdirməsi, -prokurorluq orqanlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya və Texnologiya Departamentinin fəaliyyətinə göstərilən faktlar üzrə prokuror nəzarətinin baş verməsinin tövsiyyə olunması . Cavabdehə qarşı iddiaçının qeyd olunan sonuncu tələbinin məhkəmə icraatının mümkünlüyü, həm birinci tələbi ilə əlaqəli olmadığı halda birləşdirilməsi baxımından, həm də cavabdeh orqanın səlahiyyət çərçivəsinə aid olmadığından, istisna edilir. Belə ki, İPM-in 37-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Digər bir tərəfdən, həmin tələbi üzrə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 3-4-cü hissələrində təsbit olunan nazirliyin vəzifə və hüquqları sırasında belə öhdəliyi və səlahiyyəti nəzərdə tutlmamışdır. İddiaçının qeyd olunan birinci tələbi üzrə məlumatların ona məxsus “Alt informasiya Sisteminə və e-sosial.az portalına” yerləşdirməsi tələbinə gəldikdə isə həmin məsələlər üzrə də cavabdeh nazirliyin qanunla müəyyən olunan vəzifələri mövcud olmadığından müvafiq cavabdehliyi daşıyan orqan kimi tanına bilməz. Çünki, birincisi, qeyd olunan Əsasnamənin 3-cü hisəsində müəyyən olunan vəzifələri sırasında belə bir öhdəliyi mövcud deyildir (3.1.70-ci bəndində isə Nazirliyin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemlərini təşkil etmək, statistik hesabatlan aparmaq kimi vəzifəsi müəyyən olunmuşdur). Həmin Əsasnamənin 5.5.3-1-ci bəndinin tələbindən isə görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri - bu Əsasnamənin 5.5.3-cü yarımbəndinə uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edilməsi və 5.5.4-cü bəndində isə Nazirliyin Aparatının, Nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin etməsi kimi səlahiyyətləri müəyyən edilmişdir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Həmin Nizamnamənin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək...; 3.1.21. müvafiq sahədə elektron xidmətləri «Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında» Əsasnaməyə uyğun olaraq təşkil etmək; 3.1.22. daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. Göründüyü kimi, iddiaçının qeyd olunan birinci tələbləri üzrə cavabdehliyi daşıya bilən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yox, həmin Nazirliyin tabeliyində olan və publik hüquqi şəxs kimi fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. İddiaçının isə həmin Agentliyə müraciət etməmiş, sözügedən tələbləri üzrə məhz, həmin Agentliyin tabe oluduğu Nazirliyin cavabdeh kimi tanımasında israrlıdır. Halbuki, onun öhdəliyin icrası haqqında birinci tələbi üzrə ilkin olaraq həmin Agentliyə müraciət edərək, onun imtina cavabını aldıqda və ya 35 gün ərzində cavab almadıqda məhkəmədə müvafiq iddianı qaldırmaqla arzuladığı məqsədini gerçəkləşdirə bilər. Beləliklə də iddiaçının hazırkı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia tələbinin İPM-in 35.1-ci maddəsi qaydasında əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi də məhz, öz qərardadında haqlı olaraq, İPM-in qeyd olunan normasına istinadən qeyd etmişdir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması əsasılıdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, qərardad iddia ərizəsində olan tələb və faktlardan kənar olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəliləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırılmaqla, yenidən qanunvericiliklə cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı yenidən ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1788/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1960/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1960/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver