Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1961/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5906/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli **********4763 və **********4725 nömrəli“vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 31 avqust 2021-ci il tarixli qərarı ilə firmaya məxsus, ünvan 1 ünvanında fəalyyət göstərdiyi kafedə operativ vergi nəzarəti həyata keçirilmiş, bu barədə xx.xx.2021-ci il tarixli 004709 №-li akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Akt vergi ödəyicisi və onun nümayəndəsi olmadan, təkcə, cavabdehin nümayəndələri tərəfindən tərtib edildiyindən həqiqiliyi şübhəlidir. Həmin akt əsasında da cavabdehin xx.xx.2021-ci il tarixli **********4763 nömrəli qərarına əsasən barəsində 10.000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin, nəzarət tədbiri nəticəsində göstərilmiş xidmətə (çay və şokolada görə 4 manata) görə çekin verilmədiyi qeyd edilməklə, xx.xx.2021-ci il tarixli 007808 №-li akt tərtib edilmiş, bu zaman nəzərə alınmamışdır ki, adıçəkilən məmulatların dəyəri menyuda 4 manat deyildir. Cavabdeh əsassız olaraq həmin akt əsasında firmaya xx.xx.2021-ci il tarixli **********4725 №-li qərarla 1000 manat maliyyə sanksiyaları tətbiq olunmuşdur (İddiaçının həmin qərarlardan şikayət instansiyasına verdiyi inzibati şikayəti təmin olunmamışdır). Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus kafedə keçirilmiş operativ vergi yoxlaması zamanı 4 manat məbləği nəzarət-kassa aparatının yaddaşına daxil edilməmiş, müştəriyə təqdim edilməmiş, həmin məbləğ sonradan aparatın yaddaşına bərpa edilmiş, həmin hallar aktla rəsmiləşdirilmiş, lakin rəhbərin obyektdə olmaması səbəbindən aktın imzalanması və nüsxəsinin qəbulu mümkün olmamışdır. Həmin akt nəticəsində də müvafiq məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Bundan əlavə, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin şəxslərdən 3-ü izahat verərək həmin halları etiraf etmiş, digər 2 nəfərin isə izahat verməkdən imtina etdikləri müəyyən edilmişdir. Həmin akt əsasında da digər bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Eyni zamanda, aktda adıçəkilən şəxslərdən ikisi həmin Firma ilə sonradan əmək müqaviləsi də bağlamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin 15 iyul 2021-ci il tarixli **********4763 saylı qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 və X7 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 4000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. ləğv edilmişdir. Həmin qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. İddiaçı Firması apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hisssədə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdanda görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan aparılmışdır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün dəvət edilməsi və ya məlumat verilməsi barədə hər hansısa sübut yoxdur. Bundan başqa tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004709 nömrəli aktda mühasibatlıq və digər zəruri sənədlərin təqdim edildiyi qeyd edilib. Yoxlamada vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etməyib, bu halda sənədlər kim tərəfindən təqdim edilib? Bu barədə aktda hər hansıməlumat qeyd edilməyib. Məhkəmə tərəfindən işin halları tam və obyektiv araşdırılmamışdır. Belə ki, qərarda qeyd edilir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli aktda göstərilir ki, 3 nəfər fiziki şəxslərin izahatı alınsa da, lakin digər 2 nəfər, yəni X11 və X2 heç bir üzrlü səbəb göstərmədən, izahat verməkdən imtina etmişdir. Obyektin rəhbəri olan şəxs isə həmin vaxt obyektdə olmadığından müvafiq sənədlərin təqdim edilməməsi mümkün olmamışdır ki, obyektin işçilərinin də qeyd etdiyi kimi həmin şəxs həmin vaxtda ölkə ərazisindən kənarda olduğundan yoxlamada iştirak etmək imkanı olmamışdır. İş materiallarından görünür ki, obyektdə saat 20:10-da çay və şokolada görə 4 manat ödənilmiş, lakin həmin məbləğə görə NKA çeki vurulmamış, müştəriyə təqdim edilməmişdir. Həmin məbləğ isə 20:21-də bərpa edilmişdir ki, bərpa çeki iş materiallarında mövcuddur. İddiaçı həmin qərarın ləğvinin əsası qismində orada adıçəkilən məhsulun 4 manata olmaması və vergi əməkdaşları tərəfindən qərəzli şəkildə NKA-ya müdaxilə edildiyi bildirsə də, həmin halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməmiş, əksinə istər bərpa çeki, istərsə də məhkəmə iclasında şahid qismində dindirilmiş inandırıcı şahid ifadəsi ilə qərarın əsaslılığı və qanuniliyi sübut edilmişdir. Məhkəmə qərarında 3 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmaları aparılması qaydalarına riayət olunmadığı qeyd edilmişdir. K.Abdullayeva və R.Abbasov məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində həmin obyektdə işçi kimi işləmədiklərini qeyd etsələr də həmin halları məhkəmə nəzərə almamışdır. Bundan başqa, digər şəxslərin həmin obyektdə işçi kimi işləyibişləmədiklərini müəyyən etmək üçün həmin şəxslər şahid qismində dindirilməmişdirlər. Əlavə olaraq bildirirəm ki, işin tam və obyektiv araşdırılması üçün operativ vergi nəzarətini həyata keçirmiş əməkdaşlar şahid qismində dindirilməmişdirlər…» Cavabdeh vergi orqanı isə apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6363 №-li “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə hüquqi şəxs İddiaçı Firmasının (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 7 ünvanda yerləşən “Ordubad” kafesində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004709 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, firmanın rəhbəri Ş.Sadıqovun operativ vergi nəzarəti tədbirində iştirak etmədiyi, aktda adları qeyd .olunmuş şəxslərdən 3 nəfər fiziki şəxsin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etdikləri, 2 nəfərin isə izahat verməkdən imtina etdikləri müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4763 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Operativ vergi nəzarəti tədbiri zamanı X3 və X11 heç bir üzürlü səbəb göstərmədən və əsaslı sübutlarını təqdim etmədən izahat verməkdən imtina etmişdirlər. Qeyd olunan səbəbdən də məhkəməyə əlavə sübutun təqdim edilməsi mümkün olmamışdır...” Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş tərəflər (nümayəndələr) məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh Bakı şəhəri X14 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6363 №-li “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı Firmasının fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 7 ünvanda yerləşən “Ordubad” kafesində nəzarət tədbiri keçirilərkən aşağıdakılar aşkar olunmuşdur:
1. Müştəriyə xidmət göstərilərkən, alınmış çay və şokolada görə 4 manat məbləği nəzarət-kassa aparatının yaddaşına daxil edilməmiş, çek verilməmiş, bu barədə xx.xx.2021-ci il tarixli 007808 №-li akt tərtib edilmiş və həmin akt əsasında firma vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4725 №-li qərarı ilə 1000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur.
2. Eyni zamanda, kafedə aparılan operativ vergi nəzarəti zamanı 5 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən kafedə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004709 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında firmaya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4763 nömrəli qərarı ilə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsi isə nəzərdə tutur ki, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından iş materialları araşıdırldıqda birinci halda iddiaçı tərəfindən əhali ilə pul hesablaşmaları aparılması qaydalarına riayət olunmadığı və onun cavabdehin **********4725 №-li qərarı ilə əsaslı olaraq 1000 manat məbləğində maliyyə sankasiyasına cəlb olunduğu sübuta yetirilir. Belə ki, İş materiallarından görünür ki, iddiaçıya məxsus həmin kafedə, saat 20:10-da alınan çay və şokolada görə müştəri tərəfindən 4 manat ödənilsə də, həmin məbləğ NKA-ya vurulmamış, çek təqdim edilməmiş və 20:21-də operativ vergi nəzarəti çərçivəsində həmin məbləğ NKA-ya bərpa edilmişdir (bərpa çeki işə olunmuşdur). Konkret halda, iddiaçı mübahisələndirir ki, adıçəkilən məhsulun qiyməti 4 manat olmamış,vergi orqanın əməkdaşları tərəfindən qərəzli şəkildə NKA-ya müdaxilə olunmuşdur. Lakin iddiaçının bu dəlilləri sübutlarla əsaslandırılmamış, bunun əksi isə birincisi, vergi orqanının təqdim etdiyi bərpa çeki (i.v.31) sübuta yetirilir. İkincisi, iş materiallarından görünür ki, firmanın rəhbəri Ş.H.Sadıqov vergi orqanının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli 007808 №-li aktı səbəb göstərmədən imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən 02 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X12 məhkəməyə verdiyi ifadəsində 4 manatlıq çekin kassaya vurulmadığını təsdiq etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası cavabdeh tərəfin tədqiq olunan sübutlarına inandırıcı yanaşır və həmin sübutlarla müəyyən olunan məlumatların mötəbərliyini qəbul edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, avabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********4725 №-li qərarı ilə firmaya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması qanuni və əsaslıdır. Cavabdeh tərəfindən operativ vergi nəzarəti zamanı 5 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, kafedə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə xx.xx.2021-ci il tarixli DVX seriyalı 004709 nömrəli akt əsasında iddiaçının xx.xx.2021-ci il tarixli **********4763 nömrəli qərarı ilə, hər birinə görə 2000 manatdan olmaqla, ümumilikdə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsinə gəldikdə, məhkəmə kollegiyası yalnız iki nəfərə münasibətdə 4000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmasının əsassız olduğu iş materiallarına əsasən öz təsdini tapır. Belə ki, 01.09. 2021-ci il tarixli aktda 3 nəfər fiziki şəxsin (X4, X1, X9) izahatı alınmış və həmin izahatlarında firma rəhəbərliyi tərəfindən onlarla əmək müqaviləsi bağlanmadığını (izahatlar işə əlavə olunmuşdur) qeyd edərək aşağıdakıları bildirmişlər: -K.Abdullayeva obyektdə ofssiant kimi işələdiyini, gündəlik 12 manat əmək haqqı aldığını və bbyektdə işləyən digər Tunzalə, Leyla adlı şəxsləri tanıdığını; L.Hüseynova da fofisant kimi gündə 8 manat ona verildiyini, obyektdə işləyən Tunzalə, Leyla, Gülay adlı şəxsləri tanıdıbğını; -R.Abbasov isə obyektdə nəzarətçi kimi işlədiyini və ona hər ayın sonunda 200 manat ödənildiyini, obyektdə işləyən digər kababçı Sahibi, ofisiant Könül və Gülayı tanıdığını - söyləmişlər. İzahatı alınmış həmin şəxslərdən K.Abdullayeva və R.Abbasov birinci instansiya məhkəməsinin 05 avnust 2022-ci il tarixli iclasında məhkəməyə verdikləri şahid ifadələrində operativ vergi nəzarəti zamanı verdikləri izahatlarında göstərilənləri təkzib edə bilən mötəbər məlumatlar verə bilməmiş, firma rəhbərliyinin təsiri altına düşdükləri özünü biruzə vermişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası onların izahatlarında təsbit olunan obyektdə onların əmək şəraitinə uyğun verdikləri izahatları mötəbər məlumatlar kimi qiymətləndirir. İddiaçıya məxsus obyektdə aşkar edilən digər 2 nəfər fiziki şəxsə gəldikdə, iş materialllarından görünür ki, birincisi həmin X11 və X2 adında şəxslər vergi orqanını əməkdaşlarına izahat verməkdən imtina etmiş, ikincisi obyektin rəhbəri Ş.H.Sadıqovdan da obyektdə olmadığından onlar barədə müvafiq məlumatların (sənədlərin) əldə olunması mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş R.Kərimov isə israrla obyektdə heç bir əmək fəaliyyəti ilə məşğul olmadığını demişdir. Odur ki, qeyd olunanlar baxımından, həm də Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 2-4-cü hissələrinin və İPM-in 14.1-ci maddəsinin imperativ tələblərinə görə konkret halda sübutetmə yükü cavabdeh vergi orqanının üzərinə düşdüyünü nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixli **********4763 nömrəli qərara əsasən iki fiziki şəxsə münasibətdə əmək müqaviləsi bağlanmadan işçiləri xidmətin görülməsinə cəlb edildiyinə görə iddiaçıya 4000 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması əsassız olmuşdur. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən həm iddianın təmin olunan, həm də rədd olunan hissələri - vergi qanunvericiliyinin və prosessual hüquq normalarının tələblərinə uyğundur. Başqa sözlə, iş üzrə hər iki tərəfin apellyasiya şikayətinin əsassız olduğu öz təsdiqini tapır İPM-in 70.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının və cavabdehin apellyasiya şikayətinin, müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən və rədd edilən hissələriində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2022 saylı xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5906/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.