Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1961/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2- 1(112)-4288/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan torpağa və mövcud əmlaka dair dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin inzibati binası Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşir. Sözügedən əmlak əvvəllər dövlət müəssisəsi olmuş İddiaçı trestinin balansında olmuşdur. Daha sonra Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Belə ki, bu müəssisənin səhmləri özəlləşdirilmiş və nəticə etibarı ilə təşkilatihüquqi forması və mülkiyyətçisi dəyişmişdir. İddiaçı ASC-nin tərtib etdiyi özəlləşdirmə planı (emissiya prospekti) Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin əmlakın Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təqdim olunan texniki pasportu vardır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001- ci il tarixli sərəncamına 1 nömrəli əlavədən aydın görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən inzibati bina İddiaçı ASC-yə məxsusdur. Lakin göstərilən ünvanda yerləşən İddiaçı ASC-yə əmlaka dair dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarış alınmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı ASC-nin istifadəsində olan torpağa və mövcud tikililərə çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, 2 aydan artıq müddət keçməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh orqanın imtina məktubunu almadan məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Son olaraq birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan texniki pasportda öz əksini tapmış 84,9 kv.m daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, İddiaçı ASC-nin İdarə heyətinin sədri B.A.Babayev oğlu Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 2098-ci məhəllədə yerləşən qeyriyaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, texniki pasportda qeyd edilən tikililər sökülərək yerində texniki pasportda öz əksini tapmayan yeni tikililər inşa olunmuşdur. Odur ki, yeni inşa olunmuş tikililərə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş ərizə hüquqi şəxsin möhürü ilə təsdiqlənməmişdir. Bundan əlavə, inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında və perimetrik ölçülərində uyğunsuzluq olduğu məlum olmuşdur. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(112)-4288/2023 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında və perimetrik ölçülərində uyğunsuzluq olduğu, həmçinin texniki pasportda qeyd edilən tikililərin sökülərək yerində texniki pasportda əksini tapmayan tikintialtı sahəsi 580 kv.m olan əlavə yeni tikililərin inşa edildiyi məlum olmuşdur. Odur ki, yeni inşa olunmuş tikililərə və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-yaşayış binası üzərində hüquqların iddiaçıya aid olubolmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili məhkəməyə vəsasət ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinin əsassız olması və birinci instansiya məhkəməsinin qərarının qanuni olması səbəbindən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir . Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli, 30 aprel 2001-ci il tarixli sərəncamından görünür ki, “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin həmin sərəncama 1 nömrəli əlavədə göstərilən müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Cəmiyyətin adi səhmlərinin sayı 86300 təşkil etmişdir. Həmin Sərəncama “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən müəssisələrin siyahısı”na dair 1 nömrəli əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən müəssisələrin siyahısına ünvan 2 ünvanında yerləşən İddiaçı Trestinin Aparatı, Bakı şəhəri Nərimanov rayonu X1 2098-ci məhəllə ünvanında yerləşən 2 saylı Elektrik tikinti-təmir sahəsi, Bərdə şəhərində yerləşən ünvan 5 ünvanında yerləşən İmişli Elektrik tikinti-təmir sahəsi daxil edilmişdir. Dövlət əmlakı nazirinin 06 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 003367 saylı xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş müəsissə və obyektin texniki pasportundan görünür ki, 1988-ci ildə tikilmiş Bakı şəhəri Nərimanov rayonu X1 2098-ci məhəllə ünvanında yerləşən, tikinti altı sahəsi 111,0 kv.metr, ümumi sahəsi 84,9 kv.metr, əsas sahəsi 30,0 kv.metr, köməkçi sahəsi 54,9 kv.metr olan 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin balans saxlayıcısı “İddiaçı Tresti olmuşdur. Obyektin texniki göstəricilərindən görünür ki, hündürlüyü 2,65 m, tikintialtı sahəsi 111,0 kv.m, həcmi 294,0 kub.m, tikildiyi il 1988-ci il, mərtəbəliliyi birmərtəbəlidir. Enerji müəssisələrinin faydalı sahəsi 84,9 kv.m, əsas sahəsi 30,0 kv.m, köməkçi sahəsi 51,9 kv.m-dir. Obyektin sahələr üzrə təsnifatından görünür ki, cəmi sahəsi 84,9 kv.m-dir. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş tikilinin planına əsasən hündürlüyü = 2,35 metr, H = 2,65 metr, St.a = 111,0 kv.m, V = 294 kub.m-dir. Tikilidə mövcud otaqların təyinatından görünür ki, dəhlizin köməkçi sahəsi 10,9 kv.m, h = 2,35 m, H = 2,55 m, iş otağının əsas sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m, anbarın köməkçi sahəsi 23,3 kv.m, h = 2,35 m, H = 2,55 m, digər anbarın köməkçi sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m və digər iş otağının əsas sahəsi 9,3 kv.m, h = 2,35 m, H = 2,55 m-dir. Cəmi sahəsi 84,9 kv.m-dir. Təsnifatına əsasən inzibati binanın əsas sahəsi 111,0 kv.m, H = 2,65 m, V = 294 kub.m, beton-daş hasarın digər sahəsi 36,8 kv.m, ümumi tikintialtı sahəsi 147,8 kv.m, açıq torpaq sahəsi 2432,2 kv.m, ərazinin ümumi sahəsi 2580,0 kv.m-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-8046/2023 **********6 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin emissiya prospektinin və digər sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı şəhəri Nərimanov rayonu X1 ünvanında yerləşən 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin baş planından görünür ki, inzibati binanın tikintialtı sahəsi 108,2 kv.m, hündürlüyü 2,55 m, həcmi 276 kub.m-dir. Torpaq sahəsi 2249,4 kv.m, ümumi ərazi sahəsi 2357,6 kv.m-dir (Qeyd: Torpaq ayrılması barədə sənəd təqdim edilməmişdir). Bakı şəhəri Nərimanov rayonu X1 ünvanında yerləşən 2 saylı Bakı Elektrik Tikinti Təmir Sahəsinin planından görünür ki, hündürlüyü = 2,35 m, H = 2,55 M, St.a = 108,2 kv.m, V = 276 kub.metrdir. Tikilidə mövcud otaqların təyinatından görünür ki, dəhlizin köməkçi sahəsi 10,9 kv.m, h = 2,35 m, H = 2,55 m, iş otağının əsas sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55, anbarın köməkçi sahəsi 23,3 kv.m, h = 2,35 m, H = 2,55, digər anbarın köməkçi sahəsi 20,7 kv.m, h = 2,35 m, H = 2,55 m və digər iş otağının əsas sahəsi 9,3 kv.m, h = 2,35 m, H = 2,55 m-dir. Cəmi sahəsi 84,9 kv.m, əsas sahəsi 30,0 kv.m, köməkçi sahəsi 54,9 kv.m-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-20040/2023 **********40 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Nərimanov rayonu X1 2098ci məhəllə ünvanında yerləşən torpaq sahəsinə və mövcud əmlaka dair müayinə aktının, hüquqmüəyyənedici sənədlərin, texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri Nərimanov rayonu X1 2098-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 84,9 kv.m-dir (Hüquqmüəyyənedici sənəd üzrə Storp = 2580,0 kv.m; faktiki Storp = 3215,7 kv.m). Torpaq sahəsi texniki pasportdan S = 635,7 kv.m artıqdır. Ərazi qapalı ərazidir. Ərazinin konfiqurasiyası və sahəsi texniki pasportdan fərqlidir. Ərazidə texniki pasportda göstərilən tikili mövcud deyil. Ərazidə texniki pasportda öz əksini tapmayan tikili altısı Sta = 580,0 kv.m olan əlavə tikililər mövcuddur. Onlara aid sənəd təqdim edilməmişdir. İddiaçı texniki pasportda göstərilən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1Q saylı Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən: - 1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. - 4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. - 7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativhüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. - 8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir. - 9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən: - 2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir. - 3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır. - 6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir. - 11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. - 29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 30 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqamı”na uyğun olaraq, Azərenerji ASC-nin İddiaçı trestinin müəssisələrinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 243 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixində başa çatdırılmışdır. İşdən görünür ki, İddiaçı tresti özəlləşdirilərkən onun xx.xx.2001- ci il tarixə əsas vəsaitləri qiymələndirilmiş, əsas vəsaitlərin tərkibində iddiaçının hazırda adına qeydə alınması ilə bağlı müraciət etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən tikili də olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilə birlikdə xx.xx.2001-ci il tarixli müəssisənin əmlakının qiymətləndirilməsinə dair yekun akta əsasən müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin nizamnamə kapitalının həcmi 86300 min manat müəyyən edilmiş, həmin kapitala əsasən buraxılmış 86300 adi səhm müvafiq fiziki şəxslərin adına reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş və "Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixədək qüvvədə olan 6.1-ci bəndinə əsasən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir: 6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər; əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları); verilən əmlakın dəyərinin ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.); əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları); səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış); alqı-satqı müqaviləsi və ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. 6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu; ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd). 6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir. 6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qaydaların istinad olunan 6-cı hissəsi "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 291 nömrəli Fərmanı ilə Qaydalardan çıxarılmış, artıq şəhadətnamə deyil, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi nəzərdə tutulmuşdur. İddiaçı müəssisə özəlləşdirilərkən şəhadətnamə almasa da, hazırda həmin şəhadətnamənin alınması üçün tələb olunan bütün sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtina məktubunda, iddiaya yazılı etirazında, həmçinin apellyasiya şikayətinin dəlillərində idarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman texniki pasportda qeyd edilən tikililərin sökülərək yerində texniki pasportda öz əksini tapmayan yeni tikililərin inşa olunmasına, inventarlaşdırma işləri aparılan zaman texniki pasportda göstərilən torpaq sahəsi ilə faktiki sahənin konfiqurasiyasında və perimetrik ölçülərində uyğunsuzluq olduğuna istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı hazırda torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmir. Buna görə də cavabdehin torpaq sahəsi ilə bağlı dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxır. İş materiallarında olan inzibati orqanın müayinə aktlarından, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1, 2098-ci məhəllə ünvanında yerləşən, texniki pasportda öz əksini tapmış 84,9 kv.m tikili həqiqətən də mövcuddur, sökülməmişdir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, daşınmaz əmlak (tikili) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(112)-4288/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Səadət Səlimova
Məhkəmə qərarları › İş №2-1(103)-1961/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1961/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver