Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1962/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil, üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdeh Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə qarşı sifarişlərin qanunsuz hesab edilməsi və əmlakların yenidən qiymətləndirilməsi vəzifəsinin həvalə edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6666/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs “xxxx” ASC) məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 167.7 kv.m. olan qeyriyaşayış sahəsinin 306.000 manat qiyməti ilə hərracda satılması barədə cavabdeh tərəfindən “xxxx” MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli 01377-67027/20-15-4 nömrəli sifarişin və İddiaçı1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinin 357.000 manat qiymətə və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilin 255.000 manat qiymətə hərracda satılması barədə cavabdeh tərəfindən “xxxx” MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli 01376-66612/20-15-4 nömrəli sifarişin qanunsuz hesab edilməsi, yuxarıda sadalanan əmlakların yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. İddiaçılar Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı2 məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 167.7 kv.m. olan qeyri-yaşayış sahəsinin, İddiaçı1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinin və ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 136 kv.m. olan 21 nömrəli mənzilin hərracda satılmasının dayandırılması vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Qərardadın əsaslarına görə, “Məhkəmə qeyd edir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icra sənədinin aidiyyəti inzibati məhkəmə tərəfindən verilməsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası İPM-in 43-cü maddəsi hazırkı işə münasibətdə tətbiq edilə bilməz. Odur ki, iddiaçı tərəfə izah edilir ki, hazırkı ərizədə qaldırılmış məsələlər barəsində müvafiq icra və probasiya şöbəsinin yerləşdiyi yer üzrə ümumi yurisdiksiyalı məhkəməyə şikayət vermək hüququndan istifadə edə və iddianın təmin edilməsi tədbirlərinin görülməsi barədə ərizə ilə müraciət edə bilər.” Qərardadla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8İ-3979 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 167.7 kv.m. olan qeyri-yaşayış sahəsinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 manat və 288.308,04 ABŞ dolları tutma yönəldilməlidir. Eyni notarius tərəfindən verilmiş 8İ-3887 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən tələbkar “xxxx” ASC-nin tələbi ilə ipoteka qoyan “xxxx” MMC-yə məxsus ipoteka predmeti olan AZ10V-516 qeydiyyat nişanlı CAT-336D markalı ekskavator, AZ10V-517 qeydiyyat nişanlı CAT CS64 markalı yolbasan, ipoteka qoyan İddiaçı1 məxsus ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsində istifadədə olan 0.02074 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı 144.8 kv.m. yaşayış, 164.7 kv.m. köməkçi sahədən ibarət 18/1 nömrəli fərdi yaşayış evinə və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 136 kv.m. olan xüsusi mülkiyyətli 21 nömrəli mənzilə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 674.432,55 manat və 288.308,04 ABŞ dolları borc üzrə tutma yönəldilməlidir. Hər iki icra qeydi Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədlərinin icra edilməsi məqsədilə qiymətləndirici dəvət edilmiş, qiymətləndirmə xx.xx.2020-ci ildə yaranmış “xxxx” MMC-yə (VÖEN **********) həvalə edilmişdir. Qüvvədə olan icra qanunvericiliyinə əsasən icra sənədinin, o cümlədən icra qeydinin, icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Belə olan halda işə məhz inzibati məhkəmədə baxılmalıdır. İşə apelleyasiya qaydasında baxılarkən iddiaçıların vəkili şikayətə uyğun izahat vermiş, üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, artıq formalaşmış və bir qayda olaraq tətbiq edilən məhkəmə təcrübəsinə görə, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilmiş şikayətlərə həmin icra sənədini vermiş məhkəmədə baxılmalıdır. Belə ki, “İcra haqqında” Qanun icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit etməklə, hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılır. Həmin şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. X4 Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır (§55, əlavə olaraq, “Burdov Rusiyaya qarşı iş”, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Beləliklə, qeyd olunan məhkəmə təcrübəsindən hərəkətlə hazırkı iş üzrə həll edilməli məsələ ondan ibarətdir ki, bu qayda icra sənədi məhkəmə tərəfindən yox, notarius tərəfindən verildikdə necə tətbiq olunmalıdır. “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Eyni Qanunun 79-cu maddəsinə görə, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Göründüyü kimi, icra qeydləri mübahisəsiz borc məbləğlərinin ödənilməsi, yəni tərəflər arasında mövcud olan öhdəlik-hüquq münasibətlərindən irəli gələn mülki xarakterli mübahisələrin həll edilməsi məqsədilə verilir ki, bu növ məhkəmə işlərinə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, ümumi yaxud kommersiya məhkəmələrində baxılır. Başqa ifadə ilə, mübahisə notarius tərəfindən icra qeydi verilməklə deyil, məhkəmədə iddia qaldırmaq yolu ilə həll edilmək istənsə idi, həmin işə “tərkibpredmet-xarakter” meyarları rəhbər tutularaq, ümumi yaxud kommersiya məhkəmələrində baxılacaqdı. Bu da o deməkdir ki, icra qeydlərinin məcburi icrası zamanı icra məmurlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də, əgər bu mübahisə iddia qaldırmaq yolu ilə həll edilsəydi məhz həmin mübahisəyə baxmaq və icra sənədini vermək səlahiyyəti olan və bu baxımdan icraya nəzarət etməli olan məhkəmədə baxılmalı idi. Bütün bu müzakirələr də o qənaətə gəlməyə imkan verir ki, icra qeydlərinin məcburi icrası zamanı icra məmurlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə hər bir halda inzibati məhkəmələrdə baxıla bilməz. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların şikayəti icra qeydinin (sənədinin) cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda iddiaçılar icranın qanuniliyini yuxarıda şərh olunan qaydada icra sənədini verməli və icraya nəzarət etməli olan məhkəməyə (ümumi yaxud kommersiya) iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilərdi ki, iddiaçı bu qaydaya əməl etməmiş, aidiyyəti məhkəməyə şikayət verməmiş, üstəlik, ayrıca inzibati iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM- 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6666/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Elnur Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1962/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1962/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver