Məhkəmə qərarları › İş №2-1(103)-1962/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1962/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1962/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndələri X2, X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqının ödənilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək haqqında nəzərə aılnmayan aşağıdakı müavinətlərin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir: “-2007-ci ildə mart ayında “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan hər il müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinəti (cəmi 3210,75 manat); - 2008-ci ildə “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət və “01 oktyabr prokurorluqun peşə bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinəti (cəmi 4281 manat); -2009-cu ildə hər il mart ayında ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, məzuniyyətdən istifadə etmədiyimə görə 1070.25 manat məzuniyyət pulu və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublkası Qanunun 20.8-ci, 20.9-cü və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin hamısı hesablanıb (cəmi 7491,75 manat), ümumi 14983,5 manat məbləğində vəsait...” İddianın əsasların görə “...iddiaçı Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989-2009) o, cəmi 6 dəfə, yəni 1998-ci, 2004-2008 illərdə məzuniyyətə gedib. Qalan illərdə isə, məzuniyyət hüququndan istifadə etməyib. xx.xx.2009-cu il tarixdə onunla əmək müqaviləsinə xitam verilərkən, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinin tələblərini ciddi pozaraq, həmin iş ili üzrə mənə məzuniyyət verməmiş və “Prokurorluq orqanalırında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsində nəzərdə tutulan “prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara ikiqat əmək haqqı məbləğində pul vəsaiti” də verməmişdir. Əksinə, 2009-ci ildə 5 ay müddətində işlədiyi və əmək haqqı aldığı halda, bilərəkdən yanlış hesablama aparmış, barəsində cəmi 3 gün məzuniyyət günü müəyyən etmiş və onun əvəzini ona ödəmişdir. Bundan əlavə, əmək, məzuniyyət və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunvericiliyində nəzərdə tutulan, eləcə də, Baş Prokurorun müvafiq Əmrləri ilə verilməli olan aşağıdakı müavinətləri də, cavabdeh ona ödəməmişdir. Bundan əlavə 2007-ci ilin mart ayında, Baş Prokurorun Əmri ilə hər il ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan “müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinət ona ödənilməmişdir. Bundan əlavə, 2008-ci ildə də, hər il mart ayında ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət və Baş Prokurorun müvafiq Əmr ilə hər il ödənildiyi prokurorluq əməkdaşlarının peşə bayramı “01 oktyabr prokurorluq günü” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət ona ödənilməmişdir. Bundan əlavə, 2009-cu ildə, hər il prokurorluq əməkdaşlarına ödənildiyi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 20.8., 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan hər maddə üzrə müvafiq olaraq ikiqat əmək haqqı məbləğində olan 2140.50 manat müavinətlərin hamısı mənə ödənilməmişdir. Bu müavinətlərdən 2009-cü ildə ona yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun bir maddəsi, 21.4-cü maddələrində nəzərdə tutulan müavinətin yarısı (yəni 2140.50 manatdan 1070.25 manat məbləğində) müavinət ödənilmişdir. Eyni zamanda, həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulan digər müavinətlər isə, ödənilməmişdir. Müvinətlərin ona ödənilməməsi cavabdehin rəhbərliyi tərəfindən tərtib olunmuş və ona verilmiş 25 iyul 2018-ci il tarixli, 17/529 saylı məktubdan (əmək cədvəlindən), müavinətlərin ödənilməsinə dair xx.xx.2018-ci il tarixli, 17/548 saylı məktubundan, 2009-cu ildə barəmdə aparılmış son haqq-hesablama arayışından, ödəmə qəbzindən, 2007-2009cu illər ərzində “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunla nəzərdə tutulan müavinətlərin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, 20/379 saylı arayışından və digər rəsmi mühasibat sənədlərdən görünür. Bu müavinətlərin ona ödənilməməsi səbəbindən, ona prokuror işçisi kimi, həddindən çox az məbləğdə (yəni cəmi 1600 manat məbləğində) pensiya dəyəri müəyyən edilmişdir. Ona görə də qeyd etdiyi bu müavinətlərin ona ödənilməsi və pensiyasının yenidən hesablanması məqsədilə Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün müvafiq arayışın mənə verilməsi ilə bağlı onun tərəfindən Baş Prokurorluğa xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə “xəbərnaməli” qaydasında poçt vasitəsilə rəsmi müraciətlər göndərilməsinə, bundan əlavə, onu qəbul etmək üçün 3 dəfə (xx.xx.2021-ci İ, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə) teleqramlar da, vurmasına baxmayaraq, Baş Prokurorluqdan ona həmin məktubların daxil olması haqqında formal bildirişlər və xx.xx.2021-ci il tarixli, 20/703 saylı, xx.xx.2021-ci il tarixli, 20/714 saylı formal cavab verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə göndərdiyi müraciətlərinə isə, cavab verilməmişdir. Verilmiş formal cavablarda isə, göstərilmişdir ki, guya onun tələb etdiyi məsələlər üzrə hazırda Bakı Apellyasiya Məhkəməsində işə baxılır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, əsasən mahiyyəti üzrə məsələlərlə əhatə olunmuş, eyni zamanda iddiaçı mübahisələndirmişdir ki, sonuncu dəfə onun 2018-ci ilin iyul ayının 31-də 1989-2009-cu illərdə məzuniyyətdən istifadə etmədiyi müavinətlər üzrə cavabdeh tərəfindən ona 2081 manat əlavə vəsait ödənilməsinə və bu zaman ona nəzərədə tutulan bu və ya digər vəsaitlərin hamısının tam ödənilmədiyi tərəfindən 2018-ci ilin avqust ayının 23-də tərəfindən məhkəmə qaydasında mübahisələndirməsi və müavinətlərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəmədə iddia qaldırdığı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ümumiyyətlə, hakim tərəfindən iş araşdırılmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir. İPM-in 12, 48 və 58-ci maddələrinə əsasən işin faktiki və hüquqi hallarının və işdə olan sübutların obyektiv araşıdırılması və onlara düzgün hüquqi qiymət verilməsi hakimin vəzifələridir. Prosessual qanunvericilyin tələbləri ciddi pozulub. Bundan əlavə, məhkəmə onun səsləndirdiyi əhəmiyyətli anları protokola salmamış, eyni zamanda ona verlmiş etiraza səlahiyyətini aşaraq özü baxaraq əsassız qərardad qəbul etmişdir. Onun tərəfindən sadalanmış mötəbər sübut və dəlillərdən açıq görünür ki, Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və normativ aktların tələblərinə tam ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri F.Məmmədov və İ.Mikayılov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçının mübahisəlndirdiyi məsələlərə məhkəmələr tərəfindən əvvəllər baxılıb qiymət verildiyini və iddiaçı tərəfindən ümumiyyətlə 2009-cu il tarixə qədər mübahisələndirilən məsələr üzrə iddia müddətinin buraxıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçının qeyd olunan tələblərindən göründüyü kimi, 2007,2008,2009-cu illərdə onun əmək haqqında nəzərə alınmayan və ona ödənilməyən müavinətlərin ödəniliməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansya məhkəməsi tərəfindən qərardadında iddiaçının əmək haqqı ilə bağlı mübahisələndirdiyi həmin məsələlər üzrə iddia müddətinin buraxılması səbəbi ilə iddianın inzibati məhkəmə icraatı mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən onun 2007-2009-cu illər üzrə əmək haqqının düzgün hesablanıb ona ödənilməməsi ilə bağlı cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz olması mübahisələndirilir ki, həmin vaxtdan da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixinə qədər artıq 11 ildən də çox müddət keçmişdir. xx.xx.2011-ci il tarixindən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 67.12-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Həmin qayda bu qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur . xx.xx.2011-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikasnın İnzibati Prosessual (”İPM”) 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən isə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı prosessual qanunvericiliyin xx.xx.2011-ci il tarixdən qüvvədə olan tələbləri baxımından 2007-2009-cu illərdə əmək haqqında bir sıra müavinətlərin cavabdeh orqan tərəfindən qanunsuz olaraq nəzərə alınmaması ilə bağlı hərəkət və hərəkətsizliyini mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilən müddətləri ötürmüşdür. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) müddəaları tətbiq oluna bilər. Bu baxımdan, MPM-in 2011-ci ilə qədər qüvvədə olan normaları ilə də dövlət və yerli özünüidarə orqanlarının şəxsin hüquq və azadlıqlarını pozan qəraralarından, hərəkət və hərəkətsizliyindən məhkəmədə iddia qaldırmaq üçün İPM-in sözügedən 38.1-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olan faktiki və hüquqi şərtlərin mövcudluğu tələb edilirdi. Belə ki, MPM-in 2011-ci ilə qədər qüvvədə olan 298-ci maddəsinə əsasən şəxs, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətləri ilə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu müəyyən ediliirdi. İddiaçı isə MPM-in qeyd olunan normasının tələbi qaydasında, xx.xx.2011-ci il tarixindən İPM qüvvəyə mindiyində isə həmin Məcəllənin adıçəkilən normaları baxımından, onun əmək haqqında qeyd olunan müavinətlərin nəzərə almadığı barədə məlumatlı olduğu halda, cavabdehə qarşı məcburetmə qaydasında 1 ay (30gün) müddətində iddia qaldırmamış, həmin müddəti ötürmüşdür. Eyni zamanda, göstərilənlərlə yanaşı, həmçinin qeyd edilməlidir ki, inzibati icraat haqqında maddi hüquq normalarını nəzərə almasaq belə, iddiaçının Mülki Məcəllənin 19cu maddəsinin tələbi qaydasında cavabdeh orqana qarşı qaldırılmış hesab olunsa belə, iddiaçı həmin Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik ümumi iddia müddəti də buraxılmış olur. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublkası Qanunu ilə əmək mübahisələrinin həlli ilə bağlı müddəalar nəzərdə tutulmadığı nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə nəzər saldıqda da iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə də iddiaçı mübahisələndirdiyi məsələlər üzrə cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu bildiyi (və ya bilməli olduğu) halda, qanunsuz hərəkət və hərəkətsizliyini qanunvericiliklə müəyyən edilən iddia müddətəri çərçivəsində mübahisələndirmədiyi və həmin müddətləri buraxdığı sübuta yetirilir. Belə olan halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İddiaçının apellyasiya şikayətində məhkəməyə təqdim etdiyi sənədələrə əsasən cavabdeh tərəfindən sonuncu dəfə 2018-ci ilin iyul ayının 31-də onun tərəfindən 1989- 2009-cu illərdə məzuniyyətdən istifadə etmədiyi müavinətlər üzrə ona 2081 manat əlavə vəsait ödənilməsi zamanı ona ödənilməsi nəzərdə tutulan, bu və ya digər vəsaitlərin hamısının tam ödənilmədiyi barədə 2018-ci ilin avqust ayının 23-də müavinətlərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəmədə iddia qaldırmasına istinad olunan dəlillərinə gəldikdə isə, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçı, məhz cavabdehin 2018-ci ilin iyul ayında ona hesabladığı son haqq-hesabı məhkəmədə mübahisələndirmişdir. İkincisi, həmin məhkəmə işinə dair məhkəmə qərarında o, 1989-2009-cu illərdə almadığı müavinətləri mübahisələndirdiyi də müəyyə olunur ki, belə olan halda onun hazırkı iddia tələbində mübahisələndirdiyi 2007-2009-cu illərin müavinətləri də, qeyd olunan 1989-2009-cu illər çərçivəsində ehtiva olunur. İşdə olan, istinad edilən həmin iş üzrə Azərbaycan Respublikaı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2721/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilən hallardan isə görünür ki, iddiaçının 2007, 2008, 2009-cu illərdə almadığı müavinətlər məhkəmə araşdırmasının predmetini təşkil etmiş və birinci instansya məhkəməsinin qərarı ilə iddia təmin olunmamış, həmin qərar apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvəsində saxlamış, bu sonuncu qərar da Ali Məhkəmə tərəfindən dəyişdirilmədən qüvvəsinə saxlanılmışdır. İPM-in 78-ci maddəsinin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsi baxımından, MPM-in Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə də qeyd olunanlar baxımdan, hazırkı iddianın qüvvədə olan İPM-in 35.1-ci maddəsinin tələbi baxımından əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur, əsaslandırılmamış iddianın isə məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Odur ki, qeyd olunanları nəzərə alan məhkmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkünlük şərtlərinin cavab vermədiyi nəzərə alınmaqla, iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin hakim tərəfindən işin araşdırılmadığını, onlara düzgün hüquqi qiymət verilmədyini, konstitusion hüqülarının və inzibati prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar