Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1962/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12639/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********187600” nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı 18 iyul 2019-cu il tarixində VÖEN ********** ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 28 avqust 2019-cu il, 01 sentyabr 2019-cu il, 02 noyabr 2020-ci il və 25 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən sonuncunun sifarişi ilə 2019 –2021-ci illərdə müəssisə tərəfindən respublikanın müxtəlif bölgələrində kondisionerlərin, havalandırma sistemlərinin, VFR və VRV sistemlərinin quraşdırmaları və onların təmiri, həmçinin paltaryuyan, qabyuyan, kombi sistemlərinin, su qızdırıcılarının və qaz kolonkalarının işə salınması və təmiri işləri yüksək keyfiyyətlə həyata keçirilmiş və sifarişçiyə təhvil verilmişdir. Qeyd edilən işlər podrat müqavilələrinə əsasən bir neçə podratçılar tərəfindən həyata keçirilmişdir. Vicdanlı vergi ödəyicisi olaraq İddiaçı MMC tərəfindən vergilər düzgün hesablanmış və onların qanunvericiliklə nəzərdə tutulmuş müddətdə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Növbəti dəfə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında müxtəlif işləri həyata keçirmək məqsədi ilə müqavilə bağlamamışdan əvvəl İddiaçı MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Riskli vegi ödəyicilərinin siyahıs”-ında olmadığı müəyyən edilmiş və bundan sonra həmin müəssisə ilə İddiaçı MMC arasında 14 iyun 2021-ci il tarixli, “Podrat müqaviləsi № 12” bağlanmışdır. Elə həmin tarixdən başlayaraq "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilməyə başlanmışdır. 12 sentyabr 2021-ci il tarixində "xxxx" MMC ümumi məbləği (ƏDV-siz) 197 993,25 manat təşkil edən icra etdiyi işləri Seriya EBBG № 276783 və Seriya EBBG № 277485 saylı “Elektron qaimə”-lərlə İddiaçı MMC-nə təhvil vermişdir. Elə həmin gün "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli, “Podrat müqaviləsi № 12” üzrə göstərdiyi xidmətlərin haqqı olaraq 197 993,25 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən onun "xxxx" ASC-də olan hesablaşma hesabına köçürülmüşdür. Məhz bu səbəblərə görə də İddiaçı MMC tərəfindən 2021-ci il üzrə “Mənfəət vergisi bəyannaməsi” vergi orqanına təqdim edilərkən 197 993,25 manat müəssisənin xərci olaraq gəlirlərdən çıxılmışdır. 20 iyun 2022-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Mənfəət vergisi” üzrə müvafiq qərar olmadan kameral yoxlama vasitəsi ilə İddiaçı MMC-nin “Şəxs hesab vərəqəsi”-nə 41 739,18 manat əlavə vergi məbləği işlənilmişdir. Hesablanmış vergi məbləğini araşdırarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 oktyabr 2021-ci il tarixli, **********545300 saylı qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi müəyyən edilmişdir. Lakin nə "xxxx" MMC ilə müəssisə arasında 14 iyun 2021-ci il tarixli, “Podrat müqaviləsi № 12” bağlanarkən, nə də ümumi məbləği ƏDV-siz 197 993,25 manat təşkil edən icra etdiyi işləri Seriya EBBG № 276783 və Seriya EBBG № 277485 saylı “Elektron qaimə”-lərlə İddiaçı MMC-nə təhvil verərkən həmin müəssisə “Riskli vergi ödəyicisi” olmamışdır. Bunu nəzərə alan İddiaçı MMC tərəfindən “Dəqiqləşmiş Mənfəət vergisi bəyannaməsi” vergi orqanına təqdim edildikdən sonra mübahisələndirilən vergi məbləği onun “Şəxsi hesab vərəqəsi”ndən silinmişdir. Lakin 24 yanvar 2024-cü il tarixində yenidən heç bir müvafiq qərar olmadan kameral vergi yoxlaması vasitəsiylə 41 894,79 manat vergi məbləği cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-nin “Şəxsi hesab vərəqəsi”nə təkrarən hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104., 108. və
166. maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı MMC-nin “Şəxsi hesab vərəqəsi”-ndən əlavə hesablanmış 41 894,79 (qırx bir min səkkiz yüz doxsan dörd.79) manat vergi məbləğinin silinməsi xahişi ilə həmin müəssisə tərəfindən 25 iyun 2024-cü il tarixində cavabdeh vergi orqanına müraciət olunmuşdur. İddiaçı MMC-nin müraciətindən sonra cavabdeh vergi orqanı özünün “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar № **********187600” saylı, 22 iyul 2024-cü il tarixli qərarı ilə səhv hesablanmış vergini rəsmiləşdirmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 197993,25 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********895600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2021- ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 41894,79 manat əlavə vergi məbləği hesablanmış və bu barədə uyğun olaraq xx.xx.2024-cü il tarixli **********187600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixi¡2- 1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyunavqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12639/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, **********187600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və etiraza əlavəyə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-12639/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli 12 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC (“Podratçı”) İddiaçı MMC-nin (“Sifarişçinin”) 28 avqust 2019-cu il, 01 sentyabr 2019-cu il, 02 noyabr 2020-ci il və 25 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən öhdəlik götürdüyü "xxxx" MMCnin sifarişi əsasında kondisionerlərin, havalandırma, VRF və VRV sistemlərinin quraşdırılmalarını, təmiri xidmətlərini, paltaryuyan, qabyuyan, kombi sistemlərinin, su qısdırıcıların və qaz kalonkalarının işə salınması və təmir işlərini öz öhdəsinə götürür, “Sifarişçi” isə “Podratçı”ya razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürür. - "xxxx" MMC və İddiaçı MMC arasında “14” iyun 2021-ci il tarixli 12 saylı müqaviləyə edilmiş 1 nömrəli əlavəyə əsasən tərəflər arasında kondisionerlərin quraşdırılma qiymətləri razılaşdırılmışdır. - Seriya EBBH 276783 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBG 277485 nömrəli, xx.xx.2021ci il tarixli elektron qaimələrə əsasən İddiaçı MMC xidməti və malların dəyərini ödəmişdir. - Təhvil-Qəbul aktından görünür ki, "xxxx" MMC-nin direktor müavini X2 və İddiaçı MMC-nin direktoru X1 , koordinator X5 və usta Dadaşov Əzizağa kamal oğlu bu aktı tərtib edirik ona görə ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 12 saylı müqavilə əsasında kondisionerlərin quraşdırılma işlərin keyfiyyətinə heç bir irad yoxdur. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə **********545300 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsi üzrə vergi məbləği azaldılmışdır. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün aparılmış azalma ilə əlaqədar təsdiqedici sənədlərin və izahatın 5 (beş) iş günü ərzində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024cü il tarixli, **********187600 nömrəli qərarı ilə cavabdeh tərəfindən iddiaçının 2021-ci il mənfəət vergisi üzrə 41.894,79 manat vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, “Tərəfinizdən xx.xx.2024-cü il tarixdə 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsi üzrə vergi məbləği azaldılmışdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə Hazırkı işin hallarından görünür ki, iddiaçı elektron qaimə faktura əsasında "xxxx" MMC-dən məhz xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə münasibətləri əsasında ona göstərdiyi xidmətə görə ödəniş etmişdir. Adıçəkilən şəxs məhz iddiaçı ilə apardıqları əməliyyatlara görə riskli vergi ödəyiciləri hesab olunduğundan, onun iddiaçı ilə müqavilə münasibətləri bağlandığı dövrdə riskli vergi ödəyicisi olması istisna olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunmaqla, birinci instansiya məhkəməsinin qərarı hüquqi və faktiki əsaslara söykənir və apellyasiya şikayətinin dəlilləri onu ləğv etmək üçün kifayət qədər əsas yaratmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12639/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12639/2025 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.