Məhkəmə qərarları › İş №2-1(103)-1963/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1963/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1963/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)- 1240/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-1240/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-1240/2021 saylı qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbi üzrə qanunvericilyin yuxarıda qeyd olunan tələbləri qaydasında hərtərəfli araşdırma aparılmamış, onun izahatları üzrə müəyyən edilən faktlar və arqumentlər təhlil olunaraq qiymətləndirməsi aparılarkən təqib olunması ilə bağlı gətirdiyi dəlillərində ziddiyyətli və şübhəli məqamlar müəyyən edilməmişdir. Aparılan araşdırmanın nəticələri təqib qorxusuna uyğun gəlməsinə və mötəbərlilik baxımından ona qaçqın statusunun verilməsi üçün yetərli olmasına baxmayaraq əsassız olaraq onun vəsatətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-1240/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Hazırki işin materiadllarında olan U21946572 nömrəli Türkiyə Cümhuriyyəti pasportunun surətindən görünür ki, iddiaçı Türkiyə vətəndaşıdır. Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin 04.06.2020-ci il tarixli, Vİ-18/1 saylı “Qaçqın statusunun verilməsi haqqınfa vəsatətin təmin edilməməsi barədə qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. “Qaçqın statusunun verilməsi haqqında” vəsatətə əsasən iddiaçı qaçqın statusunun verilməsi haqqında cavabdehə müraciət etmiş və müraciətini onunla əsaslandırmışdır ki, Rusiyada işlədiyi zaman Murat, İqor və Salman adlı şəxslərlə mübahisəsi yaranmışdır və onlar iddiaçını tapıb Rusiyaya gətirəcəklərini bildirmişlər. Onlar iddiaçının yoxluğundan istifadə edərək, ona qarşı şər və böhtanlar atmışlar. Birinci instansiya məhkəməsi işin hallarına “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 10.2, 12 və 13-cü maddələrini, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 74-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, idiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Ona görədə iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddia ərizəsinə və işdə olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Belə olan halda isə, onun ehtimallarına görə, O, 3-cü dövlətdə təqibə məruz qala bildiyi üçün vətəndaşı olduğu ölkdə deyil, Azərbaycanda sığınacaq axtarması məntiqə uyğun deyil. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(112)-1240/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar