Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1963/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “inzibati aktın qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3615/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Hərbi Hava Qüvvələri Komandanlığının (950 №-li hərbi hissənin) və N №-li hərbi hissənin vəzifəli şəxslərinin onun xx.xx.2022-ci il tarixli raportunun və xx.xx.2022-ci il tarixli şikayət ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və onun xx.xx.2022-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 ildən çox xidmət etdiyindən, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ yaranır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırılması ilə bağlı xidməti vəzifə tutduğu komandirinə raport ilə müraciət etsə də, onun müraciəti üzrə hər hansı tədbir görülməmişdir. İddiaçı hesab edir ki, bu hal onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, polkovnik-leytenant İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3615/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddianın təmin edilməsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndini rəhbər tutaraq İddiaçı ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3615/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cu il tarixdə anadan olmuşdur. 2000-ci ildə Ali Hərbi Təyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan da Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin əməliyyat növbətçisinin Aviasiya üzrə baş köməkçisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsini nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün hərbi təhsil almış zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının bövük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında Azərbaycan Respublikası Prezidenti - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı müvafiq tələblə ilkin olaraq raportla xx.xx.2022-ci il tarixdə hərbi hissənin komandanlığına müraciət etmiş (xx.xx.2022-ci il tarixdə çatdırılıb), müraciətinə cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Barəsində ehtiyata buraxılma barədə qərar qəbul edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, generalpolkovnik, admiral rütbələrində - 63 yaş. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.
156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin 10 ildən çox xidmət etməsi və polkovnik-leytenant rütbəsini daşıyan peşəkar və təcrübəli zabit olması, cavabdehin gətirdiyi dəlillər (zabit kadrlarının çatışmazlığı) baxımından onun ehtiyata buraxılmasından imtina üçün əsas ola bilməz. Əks təqdirdə, onun qanunla qorunan hüquqları pozulmuş olur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyator şikayətdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə istinad etməklə şikayəti əsaslandırmışdır ki, bu hissədə məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüşdür. Bundan başqa, apelyator şikayətində ümumi sözlərdən istifadə etməklə şikayəti əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün tutarlı səbəblər bildirməmiş, sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3615/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3615/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə