Məhkəmə qərarları › İş №2-1(103)-1963/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1963/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1963/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən qəbul edilmiş 07 mart 2023-cü il tarixli, 09/04-337 saylı qərar əsasında iddiaçıya 287,02 manat vergi hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.

2. Əmlak vergisi üzrə 2023-cü il üçün 73,84 manat, ötən dövrlər üzrə (2020, 2021, 2022ci illər) 147,68 manat və faiz borcu üzrə 65,50 manat olmaqla, ümumilikdə 287,02 manat təşkil etmişdir. İddiaçı tərəfindən 2023-cü il üçün olan 73,84 manat ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qəbul edilmiş 07 mart 2023-cü il tarixli, 09/04-337 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nəsimi Bələdiyyəsi tərəfindən vergi borcunun ödənilməsinə dair 2023-cü il üçün tədiyə bildirişi xx.xx.2023-cü il tarixində iddiaçının qeydiyyatda olduğu ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixli 01-550 saylı tədiyə bildirişində 2023-cü il üçün vergi məbləği 73,84 manat göstərilmişdir. Tərəfindən tədiyə bildirişini aldıqdan sonra xx.xx.2023-cü il tarixində 73,84 manat olan 2023-cü il üçün vergi borcu ödənmişdir. Bundan əlavə, göndərilmiş tədiyə bildirişində ötən dövrlər üzrə vergi borcu 221,52 manat, faiz məbləği 63.21 manat, ümumilikdə 358,57 manat borcun ödənməsi nəzərdə tutulmuşdur. Bələdiyyə vergi borcunun yarandığı zamandan, vergi ödəyicisinə bu barədə tədiyə bildirişi göndərməlidir. Yalnız bundan sonra vergi ödəyicisi ödəməni həyata keçirməlidir. X4 ötən dövrlər üçün tədiyə bildirişi göndərilmədiyi halda belə onun ödənilməsini tələb edir ki, bu da qanunun tələblərinə ziddir.

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qərar əsasında vergi ödəyicisi kimi İddiaçı əmlak vergisi üzrə 2023- cü il üçün 73,84 manat, ötən dövrlər üzrə (2020, 2021, 2022-ci illər) 147,68 manat və faiz borcu üzrə 65,50 manat olmaqla, ümumilikdə 287,02 manat pul vəsaitinin tələb olunmasını bildirmişdir. İddiaçı Nəsimi rayonunun Nəsimi Bələdiyyəsi tərəfindən barəsində qərar qəbul ediləndə məlumatsız olduğunu qeyd etmişdir. Lakin poçt xidməti vasitəsilə iddiaçının ünvanına tədiyə bildirişi, xəbərdarlıq, borcun olması ilə bağlı tərtib edilmiş akt, daha sonra barəsində qəbul edilmiş qərar göndərilmişdir. Poçt əməkdaşı tərəfindən çatdırılan sözügedən sənədlər iddiaçı tərəfindən imzalanaraq götürülmüşdür. Buna baxmayaraq, iddiaçı vergi öhdəliyini icra etməmiş, qanunun tələblərini pozmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən qəbul edilmiş 07 mart 2023-cü il tarixli, 09/04-337 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tədiyə bildirişi göndərmədiyi (bu barədə hər hansı sübut təqdim etməmişdir) 2020, 2021, 2022-ci illər üzrə 147,68 manat vergi məbləği və faiz borcu üzrə 65,50 manat hesablamışdır. 2023cü il üzrə tədiyə bildirişi əsasında hesablanmış məbləğ isə iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehin yalnız 2023-cü ildə tədiyə bildirişi göndərməklə əvvəlki illər üzrə vergi məbləği hesablaması qanunsuz olmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

11. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 5. Vergitutmanın formaları 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 200. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. ... 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. ...

13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

18. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Bu Qərarda tətbiq edilən Qanunvericilik normalarından göründüyü kimi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi bildiriş üzrə (tədiyə bildirişi əsasında) ödənilən vergilərə aiddir. Həmin vergi məbləği əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

19. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən olunur ki, cavabdeh tədiyə bildirişi göndərmədiyi (bu barədə hər hansı sübut təqdim etməmişdir) 2020, 2021, 2022-ci illər üzrə 147,68 manat vergi məbləği və faiz borcu üzrə 65,50 manat hesablamışdır.

20. Həmçinin, 2023-cü il üzrə tədiyə bildirişi əsasında hesablanmış 73,84 manat məbləğ isə iddiaçı tərəfindən ödənilmişdir.(i/v-9)

21. Beləliklə, cavabdehin yalnız 2023-cü ildə tədiyə bildirişi göndərməklə əvvəlki illər üzrə vergi məbləği hesablaması qanunsuz olmuşdur.

22. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çəkir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

23. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı).

24. Məhkəmə Kollegiyası hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.

25. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.(İPM-in 68-ci maddəsi)

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qərarının ləğvinə əsas təşkil etmir.

28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar