Məhkəmə qərarları › İş №2-1(103)-1964/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1964/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1964/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı Əli-Səftər oğlunun nümayəndəsi və vəkili Vəkil1 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı Əli-Səftər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) (üçüncü şəxs - X3) bağa dair çıxarışın verilməsi tələbinə dair iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4106/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (AZ 1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əli-Səftər oğlu xx.xx.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1s. Əİ) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh DƏDRX 1s. Əİ-nin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən sahəsi 0.12 ha olan 1553V saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində, 59 saylı BTK-nın nəzdində olan 0,12 ha ölçüdə 1553V saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar cavabdeh DƏDRX 1s. Əİ-nə müraciət etmişdir. Lakin ərizənin həllindən imtina edilmiş, imtina barədə məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması bağ sahəsinin digər şəxslərin istifadəsində olması ilə əlaqədar mümkün olmamışdır. Halbuki, iddiaçının nümayəndəsinin iştirakı ilə bağ sahəsinə daxil olub baxış keçirilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci və 11.1 -ci maddələrinə istinad olunaraq, reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci, 139.3-cü, 139-1 -ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 -ci, 2.2-ci, 4.3-cü, 8-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1 -ci bəndinə, eləcə də İPM-in 2.2.2-ci, 8.1.1 -ci, 33-cü, 73-cü maddələrinə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2009/2019 saylı xx xxxxxx 2019-cu il qərarı ilə (hakimlər-V.Baxışova, E.Nağıyeva, H.Həmidov) cavabdeh DƏDRX 1s. Əİ-nin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1677/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdar. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3214/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər-Z.Quliyev, N.Rəsulbəyova, İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)- 2009/2019 saylı xx xxxxxx 2019-cu il qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-240/2020 saylı qərardadı ilə (hakimlər-Ü.Mayılov, M.Tağızadə, V.Həsənov) hazırkı iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, DƏDRX 1s. Əİ-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 904/2015 saylı xx xxxx 2015- ci il tarixli qərarınını (mətnə uyğun) ləğv edilməsi, iş 3-cü şəxsin iştirakı ilə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən İddiaçı Əli-Səftər oğlunun nümayəndəsi və vəkili Vəkil1 müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müvəqqəti xarakterli müdafiə tədbiri qismində Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bilgəh bağ massivində yerləşən 1553V saylı bağ sahəsinin özgəninkiləşdirilməsinin və ya hər hansı sənədləşmə işlərinin aparılmasının cavabdehə, 3-cü şəxs A.Y.Vəliyevə və digərlərinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə olunan bağ sahəsinin özgəninkiləşdirilməsi və ya hər hansı bir sənədləşmə işlərinin aparılması təhlükəsi vardır. Bu da gələcəkdə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4106/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim-N.Abıyev) iddiaçının ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh bağ massivində yerləşən 1553V saylı bağ sahəsinin özgəninkiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmiş, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə üçüncü şəxs X3 qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Əli-Səftər oğlu onun adına xx xxxxxxx 1991-ci il tarixdə 59 nömrəli bağ təsərrüfatı kooperativi tərəfindən verilmiş order təqdim edərək, həmin orderdə qeyd edilmiş 0,12 ha torpaq sahəsinin X1 xüsusi mülkiyyətində olan həmin 0,45 ha torpaq sahəsinin müəyyən hissəsinə aid olduğunu bildirərək həmin orderdə qeyd edilmiş 0,12 ha torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. Mübahisənin predmeti olan torpaq sahəsi X1 adında artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. İddiaçı Əli-Səftər oğlunun isə həmin torpaq barəsində iddiası yalnız bir kağız parçasından ibarət orderə söykənir və hər hansı digər mötəbər sübutla təsdiqlənmir. Belə bir vəziyyətdə X1 adında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin özgəninkiləşdirilməsinə məhkəmə tərəfindən qadağan qoyulması işin hazırkı mərhələsində əsassızdır. İddiaçı Əli-Səftər oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili X2 (etibarnamə xx.xx.2019-cu il tarixində 10 il müddətinə verilmişdir, reyestrdə 7E-5567 nömrəsi ilə qeyd edilmişdir, fərdi qaydada fəaliyyət göstərən vəkil, etibarnamə Qusar rayonu notariat ofisinin xüsusi notariusu Tağıyev Dəyanət tərəfindən təsdiq edilmişdir) məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsi qismən təmin edilsə də, üçüncü şəxs qərardadın tam ləğv edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – İPM) müvafiq olaraq maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər (40.1.). Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər (40.3.). Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi (43.1.). İş materialları ilə müəyyən edilir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1553V saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətindən imtina olunması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubunda da qeyd olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi bağ sahəsindən digər şəxslər istifadə edilir. Ərizəçi hazırkı iş üzrə mübahisə olunan bağ sahəsinin özgəninkiləşdirilməsi və ya hər hansı bir sənədləşmə işlərinin aparılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisə olunan bağ sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi hissəsində müvəqqəti xarakterli ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu və bunun da əlavə məhkəmə mübahisələrinin yaranması barədə əsaslı qənaətə gəlmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Apellyasiya şikayətində yalnız işin halları sadalanmış, birinci instansiya məhkəməsinin qərardadında maddi və prosessual pozuntuların nədən ibarət olması əsaslandırılmamışdır. Bu səbəbdən Məhkəmə kollegiyası şikayətin dəlillərinə əlavə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 87, 90-cı və 94cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4106/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar