Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1964/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «iddiaçının adının və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2380/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı «iddiaçının adının və soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1 oktyabr 2013-cü il tarixdə Cavabdehnə müraciət edərək, adını və soyadını dəyişdirmişdir. Əvvəlki adı X1 olmuşdur. İddiaçı anasının istəyi ilə öz adını və soyadını dəyişdirmişdir. O, sonradan bu fikirdən daşınmış və Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir. İddiaçı Azərbaycan Respublikasına gec-gec gəldiyindən onun müraciəti 2022-ci ildə olmuşdur. Lakin cavabdeh 2 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə imtina etmiş və məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hal-hazırda xarici ölkədə yaşayır, onun bütün sənədləri, o cümlədən diplomları əvvəlki adı ilə rəsmiləşdirilmişdir. Onu bütün qohum və tanışları Cəmilə adı ilə tanıyır. Hazırda vəsiqəsində adının “Elya” olması ona əlavə problemlər yaradır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, İPM-in 2.2.2, 14.3, 73.1-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) soyadının və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh iddia ilə bağlı məhkəməyə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı 3 oktyabr 2013-cü il tarixdə Səbail rayon qeydiyyat şöbəsinin rəyinə əsasən adı və soyadı dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş «Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları»nın 6.3-cü bəndində göstərildiyi kimi, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Soyadən növbəti dəfə dəyişdirilməsi üçün məhkəməyə müraciət edilməsi vətəndaşa izah olunmuşdur və bununla bağlı vətəndaşa imtina verilmişdir. İşin baxılması məhkəmənin mülahizəsinə buraxılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçının əvvəllər adı və soyadı Yanqlyayeva Cəmilə olmuş, müraciətinə əsasən Cavabdeh tərəfindən onun adı “Elya”ya, soyadı isə “Çərkəzli”yə dəyişdirilmiş, bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 19 nömrəsi ilə qeyd edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının və soyadının əvvəlki adına və soyadına dəyişdirilməsini tələb edir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-1065/15 nömrəli məktubunda bildirilmişdir ki, “sizin soyadınız xx.xx.2013-cü ildə Səbail rayon qeydiyyat şöbəsinin rəyinə əsasən AR Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarının 6.3 bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir.”. Adın və soyadın yenidən dəyişdirilməsi üçün Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların heç biri olmaması əsasları ilə imtina edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Göründüyü kimi iddiaçı hazırki “Elya” adının və “Çərkəzli” soyadının dəyişdirilməsini xahiş edir ki, iddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi bu hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının və soyadının növbəti dəfə dəyişdirilməsi isə yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə ididiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının və soyadının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdeh imtinasının qanunazidd olmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2380/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1964/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1964/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver