Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1964/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2- 1(112)-5080/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, iddia tələbinin ləğv edilmiş əlilliyinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək müddəti bitmiş ikinci dərəcə əlilliyin müddətinin bitdiyi 24 iyun 2021-ci il tarixdən yenidən təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddianın məzmunundan aydın olur ki, iddiaçıya əlilliyin təyinindən imtina edildiyindən, əlilliklə bağlı ödənişlərin ödənilməsinin iddiaçıya münasibətdə təmin edilməməsi səbəbindən iddiaçı hazırkı ərizə ilə müraciət etmiş, ödənişlərin bərpasını tələb etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyi göndəriş əsasında əyani müayinə zamanı da qiymətləndirilmiş və müəyyən edilmişdir ki, onun sağlamlıq vəziyyəti qanunvericiliyin tələbinə uyğun olaraq əlilliyin təyinatına əsas verən hər hansı xəstəliyin əhatə dairəsinə düşmür. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2-1(112)-5080/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında ancaq qanunvericiliyi sadalamış, onun xəstəliyini, indiyədək aldığı müalicələri dəyərləndirməmişdir. Bildirmək istəyir ki, o, bu xəstəliyi müharibə zamanı almışdır. Birinci Qarabağ müharibəsində döyüşmüşdür. 1992-ci ildə döyüşlər zamanı mərmi partlaması nəticəsində kəllə beyin tramvası eyni zamanda alnının sağ yarısında, hər iki bud nahiyəsində, döş qəfəsi və qarın boşluğundan xəsarət almışdır, həmin çapıqlar indi də qalır. Ona ikinci dərəcə qapalı kəllə beyin travması ilə əlaqədar 10 sentyabr 2014-cü il tarixdən əlillik təyin edilmiş, həmin əlilliyin müddəti 24 iyun 2021-ci il tarixədək uzadılmışdır. Hazıradək müxtəlif xəstəxanlarda müalicə alır. 7 saylı poliknikada 2 nömrəli X1 və digər xəstəxanalarda müalicələr almışdır, hazırda da alır. Xəstəliyi ilə əlaqədar xəstəxanın müraciəti əsasında Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülük hüququ məhdudlaşdırılmışdır. Əgər sağlam idisə, onda bu qədər xəstəxanalar ona niyə xəstə diaqnozu qoyurdular? O, sağlamlığını vətəni üçün itirmişdir. Yenə olsa, yenə müharibəyə gedər. Lakin birinci Qarabağ müharibəsində sağlamlığını itirən şəxs olaraq bu gün müalicəni davam etdirə bilmir. İcbari Sığorta olsa belə, lazım olan dərmanları aptekdən almalıdır. Dərmanlar da pulsuz verilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışında xəstəyə Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi (tramva mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi diaqnozu qoyulmuşdur. Diaqnozun özündən də müəyyən olunur ki, xəstədə yaxşılaşma yox xəstəliyi daha da ağırlaşmışdır. Bütün bunlara baxmayaraq məhkəmə tərəfindən qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, növbəti dəfə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar cavabdeh inzibati orqanın əyani müayinəsi nəticəsində 24 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş, lakin qərarda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilməmişdir. İnzibati İcraat haqqında Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia tələbinin irəli sürülməsinə dair qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan göndərişlərdən və qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya ikinci dərəcə qapalı kəllə beyin travması ilə əlaqədar 10 sentyabr 2014-cü il tarixdən əlillik təyin edilmiş, həmin əlilliyin müddəti 24 iyun 2021-ci il tarixədək uzadılmışdır. Komissiyanın sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron qaydada sənədin surətindən görünür ki, əlilik əlamətinin təyin edilməməsi ilə bağlı iddiaçıya əlilliyin təyinindən imtina edilmişdir. 09 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, göndərişdə əsas xəstəlik və ağırlaşmalar müayinə zamanı öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patoloji əlamətlər müəyyən edilmir. Ümumiyyətlə diaqnoz əlillik əlaməti təyin etmir. Əlillik altsistemindən görünür ki, 29 aprel 2022-ci il tarixli göndəriş əsasında diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı qərar qəbul edilmişdir. 24 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsindən növbəti dəfə imtina edilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçı barəsində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, diaqnozlar əyani müayinə zamanı obyektiv əlamətlərlə təsdiq edilmir, nevroloji statusda obyektiv patoloji əlamətlər aşkar edilmir, diaqnoz xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 T 302/2023 nömrəli ekspert rəyində göstərilmişdir: M.Cəfərovun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisinin tərtib etdiyi göndərişlərdə qeyd edilmiş “T90.5- Keçirilmiş qapalı kəllə beyin travması, davamlı qalıq əlamətləri, KDT, QKBT davamlı 1 qalıq əlamətləri G93.4-Postrvmatik ensefalopatiya. İ10- Arterial hipertenziya İİ m. Kəskin ANS” diaqnozlar xəstənin hazırkı vəziyyəti ilə uyğunluq (vəhdət) təşkil etmir. Belə ki, diaqnozlar əyani müayinə zamanı obyektiv əlamətlərlə təsdiq olunmur, nevroloji statusda obyektiv patoloji əlamətlər aşkar edilmir, diaqnoz xəstənin hazırkı obyektiv vəziyyətinə deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edilmişdir. İnstrumental müayinələrin (MRT) nəticələri əsasında da xəstəliklərlə əlaqədar konkret fikir söyləmək mümkün deyildir. İddiaçı ilkin əlillik təyinatından indiyə qədər uzun bir müddət keçdiyindən, əsas xəstəlik və ağırlaşmaları (həm əsas diaqnoz, həm də ağırlaşma və yanaşı xəstəliklərin) və xəstəliyin reablitasiyası barədə hazırda dəqiq fikir söyləmək mümkün deyildir. Xəstəliklərin dəqiqləşdirilməsi üçün o, ixtisaslaşdırılmış stasionara yerləşdirilərək müayinə olunmalıdır. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 6-ci Sinir sistemi xəstəlikləri bəndinin 6.1-cı yarımbəndində Başın travmalarının nəticələri (T90) qeyd edilmişdir. Həmin yarımbəndə əsasən qiymətləndirmə zamanı ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası, ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası, baş beynin əzilməsi, kontuziyası, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası, vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası, vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə, beyin maddəsində yad cismin olması, müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik) nəzərə alınır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 432/2024 nömrəli ekspert rəyində göstərilmişdir: 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı adına M.Ə.Əfəndiyev adına “X10” tərəfindən tərtib edilmiş xəstəlik tarixindən çıxarışda qeyd edilmişdir ki, o, 01.06-xx.xx.2023-cü il tarixlərdə “S06.3- Partlayış zamanı qapalı kəllə-beyin travması, T90.5-posttravmatik ensefalopatiya, G93.2, G90.9-kəllədaxili hipertenziya, tez-tez təkrarlanan vegetativ paroksizmlər (ayda 9-11 dəfə), nəzərəçarpan koqnitiv pozulmalar; F06.7-üzvi mənşəli şəxsiyyət pozuntusu, El 1.7- şəkərli diabet tip ikinci, diabetik polineyropatiya, İlO-arterial hipertenziya” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Vətəndaş İddiaçı adına 2 saylı X4 tərəfindən tərtib edilmiş xəstəlik tarixindən çıxarışda qeyd edilmişdir ki, o, 06.07- xx.xx.2023-cü il tarixlərdə “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları yaddaşın enməsi ilə MMSE-24 (F07.0, F07.8, F06.7)” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. “Kəllədaxili hipertenziya” xəstəliyi və koqnitiv disfunksiya istisna olmaqla İddiaçı hazırda yuxarıda qeyd edilən digər xəstəliklərdən əziyyət çəkir. Şəkərli diabet xəstəliyinin ciddi fəsadları əyani müayinə zamanı aşkar edilmədi. İddiaçı Forma 88 saylı arayışında və hər iki çıxarış epikrizində (arayışda) olan diaqnozlar stasionarda onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların klinik proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur.
3. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş“Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. 4,5. İş materiallarında olan tibbi arayışlara əsasən İddiaçı olan “Başın travmalarının nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya” əsas xəstəliyinin ağırlaşmaları “Tez-tez təkrarlanan vegetativ paroksizmlər (ayda 9-11 dəfə), nəzərəçarpan koqnitiv pozulmalar; F06.7-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları yaddaşın enməsi ilə MMSE-24 (F07.0, F07.8, F06.7)” diaqnozundakı xəstəliklərdir.
6. Xəstəliklər xroniki olduqlarında tam reabilitasiya olunmurlar. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklərin yaranma səbəbi xx.xx.1994-cü il tarixdə döyüşlərdə yaralanmasıdır (Əsas MN HHK-nm xx.xx.2021-ci il tarixli, 284 saylı qərarı). Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək əsas diaqnoz və ağırlaşmaların iddiaçıda mövcud olmadığı, diaqnozların xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edildiyi aşkar edilmişdir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyi ilə iddiaçıda xəstəliklərin mövcud olmaması öz təsdiqini tapmışdır ki, həmin rəyin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəyin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır, odur ki, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, işin mübahisəsiz halıdır ki, 10 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçıya keçirilmiş qapalı kəllə beyin travması, davamı qalıq əlamətləri posttravmatik ensefalopatiya. Arterial hipertenziya İİ m.Kəskin ANS diaqnozu ilə bir il müddətinə ikinci dərəcə, həmin xəstəxananın xx.xx.2015-ci il tarixli göndərişi əsasında KDT QKBT davamlı qalıq əlamətləri diaqnozu ilə bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixli göndərişi əsasında KDT QKBT davamlı qalıq əlamətləri diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitəndən sonra Bakı 25 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı yenidən müayinə olunmuş, əlilliyin təyin edilməsindən Göndərişin natamam doldurulması-Səbəb: Ətraflı müayinə olunmayıb (baş-beynin MRT və ya KT müayinəsi, ətrafların dopler müayinəsi, ExoKQ) həkim mütəxəssislərin müayinəsinin nəticəsi, yazılan diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, kəllədaxili travmaların nəticələri, Baş beynin ocaqlı travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı nəticələri diaqnozunun öz təsdiqini tapmaması əsası ilə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, sonuncu göndərişdə (Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi) iddiaçıya təyin edilmiş əsas diaqnoz T90.5 kodu ilə -Kəllədaxili travmaların nəticələri, Baş beynin ocaqlı travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı nəticələri, ağırlaşmalar Kod G93.2-Xoşxassəli kəllədaxili hipertanziya, Kəllədaxili hipertenziya, G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya, Kod F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, (PSM-nin xx.xx.2021 tarixli 1308 saylı Arayış) Yanaşı xəstəliklər E11-İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip, İ 10-Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İİ mərhələ, H52.4 Presbiopiya kimi müəyyən edilmişdir. İş materiallarında olan tibbi sənədlərdən də aydın olur ki, iddiaçıda əvvəl əlilllik təyinatlarının aparılması zamanı mövcud olan diaqnozlar hazırda da mövcuddur. Beləliklə, iddiyaçıya əvvəlki əlilliklərin təyini zamanı onda olan diaqnoz, sonrakı göndərişdə də mövcuddur. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda da 6-ci Sinir sistemi xəstəlikləri bəndinin 6.1-cı yarımbəndində Başın travmalarının nəticələri (T90) qeyd edilmişdir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə də inkar edilməmişdir. Həmçinin, ekspert rəyində xəstədə olan ağırlaşmalar da qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan tibbi arayışlara əsasən İddiaçı olan “Başın travmalarının nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya” əsas xəstəliyinin ağırlaşmaları “Tez-tez təkrarlanan vegetativ paroksizmlər (ayda 9-11 dəfə), nəzərəçarpan koqnitiv pozulmalar; F06.7-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları yaddaşın enməsi ilə MMSE-24 (F07.0, F07.8, F06.7)” diaqnozundakı xəstəliklərdir. Xəstəliklər xroniki olduqlarında tam reabilitasiya olunmurlar. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2014-cü il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçının ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 1994-cü il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin hazırki qüvvədə olan Meyarlara əsasən əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının hazırda da adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (T90) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, nəzərə çatdırır ki, iddiaçı ona konkret neçənci dərəcə əlilliyin təyin edilməsini iddia tələbində, məhkəmə araşdırmaları zamanı qeyd etməmiş, belə olan halda inzibati orqan diskresion səlahiyyətləri çərçivəsində iddiaçıda mövcud olan xəstəliklərə uyğun əlillik dərəcəsi təyinatını həyata keçirməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2-1(112)-5080/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti) müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova