Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1964/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8010/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən 20 kv.metr qaraj-qeyriyaşayış sahəsinin plan-ölçüsünün və texniki pasportunun X2 adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 20 kv.m qarajqeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən X1 tərəfindən alınmışdır. X1 xx.xx.2010-cu ildə rəhmətə getmişdir. Qeyd olunan qarajqeyri-yaşayış sahəsinin satıcı məxsus sənədlərinin anasının adına rəsmiləşdirilməsi və texniki pasport verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qaraj-qeyri-yaşayış sahəsinin texniki pasportununverilməsini xahiş etsə də, müraciətimiz İdarənin məktubu ilə təmin edilməmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024- cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin xx.xx.1995-ci il tarixli notariat qaydasında təsdiq edilmiş bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının əksər hissəsi su xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılması məqsədilə ünvanda olan zaman məlum olmuşdur ki, qarajın ümumi sahəsi texniki pasportda 16,6 kv.metr qeyd olunsa da faktiki 19.4 kv.metr təşkil edir və texniki pasportda qeyd olunan baş planda istinad və məsafələr göstərilmədiyi üçün həmin qaraja aid olmasını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 19.4 kv.m ölçüdə qaraja hüququn X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8010/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının əksər hissəsi su xəttinin mühafizə zonasında yerləşir və qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılması məqsədilə ünvanda olan zaman məlum olmuşdur ki, qarajın ümumi sahəsi texniki pasportda 16,6 kv.metr qeyd olunsa da faktiki 19.4 kv.metr təşkil edir və texniki pasportda qeyd olunan baş planda istinad və məsafələr göstərilmədiyi üçün həmin qaraja aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə qərarının nəticə hissəsində “...qaraja mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi” vəzifəsi idarənin üzərinə öhdəlik kimi qoyulmuş olsa da, qarajlara dair texniki pasport tərtib edilir və texniki pasportda hüququn növü göstərilmir. Qeyd edilməlidir ki, xx.xx.1995-ci il tarixli notariat qaydasında təsdiq edilmiş bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur – 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1884 nömrəli məktubunda bildirilmişdir ki, Miras əmlakın üzərində (ünvan 2 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qaraj)miras qoyan X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş Texniki pasportu və üzərində hər-hansı məhdudiyyətin, həbsin və s. olubolmamasına dair məlumatı (forma 1) sorğunu təqdim edən İddiaçı vasitəsi ilə verilməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3165/6-13-S-11-6/24 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı dövlət notariat ofisində 23 iyun 1995-ci il tarixdə 3M-3- 202 reyestr nömrəsi ilə təsdiq edilmiş 1995-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X10 ünvan 3 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qarajı X3 bağışlamışdır. Qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. -xx.xx.1995-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən ünvan 3 ünvanında yerləşən qaraj X6 adınadır. Torpaq sahəsi üzrə eksplikasiyasına əsasən qarajın yerləşdiyi torpaq sahəsi 20.0 kv.m, tikinti altında 20.0 kv.m, tikintilərin və qurğuların xarakteristikalarına əsasən qaraj 1984-cü il tarixdə tikilmiş, bünövrəsi daş, divarlar kub, dam örtüyü beton, sahəsi 20.0 kv.m, həcmi 56.0 kub m, sələrin xarakteriskalarına əsasən otaqın sayı 1, ümumi sahəsi 16.60 kv.m, o cümlədən köməkçi sahəsi 16.60 kv.m təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********95 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Texniki Vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən əmlakın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 16.6 kv.m, tikintialtı sahəsi 20.0 kv.m, faktiki isə 19.4 kv.m-dir. İş materiallarına əlavə edilmiş 29 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfinən tərtib edilmiş Nərimanov rayonu, M.T.Uluqbəy küçəsi 125b, mənzil 24-də yaşayan İddiaçı (keçmiş X3 məxsus daş qarajın sxemindən görünür ki, 3 tərəfi qonşu qaraj, iki tərəfi yol olub, sahəsi 19.4 kv.m təşkil edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilənlərə əsasən diqqətə çatdırır ki, ünvan 3 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qaraj 23 iyun 1995-ci il tarixli bağışlama müqaviləsinə əsasən X10 tərəfindən X3 bağışlanmışdır. Məhkəmə kollegiyası cavabdehin bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığını, əmlak qeydiyyata alınmadığından qeydə alınmamış əmlaka dair notarial müqavilənin etibarsız olması dəlili ilə razılaşmır. Bağışlama müqaviləsi 3 saylı dövlət notariat ofisində 23 iyun 1995-ci il tarixdə 3M-3- 202 reyestr nömrəsi ilə təsdiq edilmiş və həmin müqavilənin notariat işi saxlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Müqavilə ilə ötürülən əmlak daş qarajdır və həmin qaraja dair hüquqmüəyyənedici sənəd X6 adına verilmiş xx.xx.1995-ci il tarixdə tərtib edilmiş texniki pasportu notariat işinə əlavə edilmişdir. Həmin texniki pasport Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilməklə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd qismində qeyd olunan aktın mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətində qeyri-yaşayış binanısın əksər hissəsinin su xəttinin mühafizə zonasında yerləşdiyini qeyd etsə də, bu iddianı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindəki bu dəlili əsassız olmuş və mötəbərliliyi sübuta yetirilməmişdir. Əlavə olaraq qeyd edildiyi kimi sözügedən qaraj yeni tikili deyildir, qaraj bir dəfə X6 adına hələ 1995-ci ildə qeydiyyatda olmasına dair texniki pasport tərtib edilmiş və ilkin qeydiyyat zamanı qarajın hər hansı mühafizə zonasında yerləşməsinə dair qeydiyyat orqanı tərəfindən hər hansı imtina dəlili irəli sürülməmişdir. Təqdim edilən hüquqmüəyyənedici sənədlərdə-bağışlama müqaviləsində qarajın ölçüsü 20 kv.m, texniki pasportda qarajın yerləşdiyi torpaq sahəsi 20.0 kv.m, tikinti altında 20.0 kv.m, tikintilərin və qurğuların xarakteristikaları hissəsində sahəsinin 20.0 kv.m və qarajın yerləşdiyi yerin planında eni və uzunluğu- perimetr ölçüləri 500x400 olaraq göstərilmişdir. Hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı, eləcə də MKİS-nin tərtib etdiyi cizgidə də qarajın sahəsi 19.4 kv.m olduğu müəyyən olunmuşdu Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, apellyasiya araşdırması zamanı iddiaçı hüquqi marağının məhz mərhum anasının bağışlama müqaviləsi əsasında əldə etdiyi qaraja dair texniki pasportun alınmasından ibarət olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8010/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli “qaraja dair texniki pasportun təqdim edilməsinə əsas kimi” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əlyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1964/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1964/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver