Məhkəmə qərarları › İş №2-1(103)-1965/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1965/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1965/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2021 saylı 24 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28-30 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 04 oktyabr 2019-cu il tarixli **********150051 saylı “Səyyar vergi yoxlaması” aktının, həmin akt əsasında 05 dekabr 2019-cu il tarixli **********194421 saylı “vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarın, “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********798000 saylı tələbnamənin ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-977/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması 10.04.2018-ci il tarixdə təyin olunmasına baxmayaraq, 1,8 il müddətində başa çatdırılmışdır və nəzərə alınsa ki, müəssisə sadələşdirilmiş vergi ödəyicisidir, bu hal çox təəccüblü və Vergi Məcəlləsinin tələblərinə tamamilə ziddir. Bu 1,8 il ərzində vergi orqanı tərəfindən yoxlama dəfələrlə müxtəlif səbəblər göstərilməklə təxirə salınmış, uzadılmış, yoxlamanın nəticələrinə dair 20.05.2019-cu il tarixli **********150051 №li akt tərtib edilmiş və müəssisəyə təqdim olunmuşdur. Aktda göstərilənlərin qərəzli və Vergi Məcəlləsinin tələblərinə zidd olduğu haqda 17.06.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə müraciət edilmiş və bundan sonra akt ləğv edilərək, əlavə yoxlama tədbirləri həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və nəhayət aktın tərtib olunma müddəti artırılmışdır. Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: -nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda, Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir.11.10.2019-cu il tarixdə İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib olunmuş 04.10.2019-cu il tarixli **********150051 №li yeni akt poçt vasitəsilə müəssisəyə daxil olmuşdur. Yəni aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt yoxlayıcı tərəfindən, Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə zidd olaraq, müəssisənin rəhbərliyinə təqdim olunmadan, müəssisənin rəhbərliyinin aktın nəticələri ilə razı olub-olmadığını müəyyən etmədən, bu barədə aktda müvafiq qeydlər aparılmadan, aktın poçt vasitəsi ilə müəssisənin hüquqi ünvanına göndərilməklə kifayətlənmişdir. Hesab edirik ki, bu kimi pozuntular vergi ödəyicisinin qanuni hüquqlarını pozmuşdur. Eyni zamanda təqdim olunmuş kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin "xxxx"ASC-dən götürdüyü 8.450.000.00 manat kredit məbləği, İddiaçı MMC ilə "xxxx" ASCnin qarşılıqlı sürətdə asılı şəxslər olduğu, İddiaçı MMC tərəfindən həmin məbləğin Türkiyə Respublikasına müvafiq müəssisəsinə ödənilmədiyi və eləcə də, müəssisə tərəfindən götürülmüş kreditin qaytarılmaması haqqında heç bir hüquqi əsası olmayan mülahizələr əsas gətirilərək həmin kredit məbləği müəssisənin gəlirlərinə aid edilmişdir. Qeyd olunanlarla əlaqədar aşağıdakıları bildirilir: Vergi tutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslərin müəyyən edilməsi Vergi Məcəlləsinin 18-ci maddəsinin müddəalarına əsasən müəyyən olunur. Həmin maddədə müəssisənin hüquqi ünvanının digər vergi ödəyicisinin təsisçisinin atasına məxsus olan əmlakda olması müddəası yoxdur. Yoxlama zamanı qarşılıqlı surətdə asılı olan şəxslər müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin hüquqi ünvanı olan yaşayış evinin mülkiyyət sənədlərini təqdim edərək bildirirlər ki, həmin əmlakın sahibinin Vəkilov İsa Teymur oğlu olduğu haqda aktda göstərilənlərin də hüquqi əsası yoxdur. Səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşına X2 Dairəsinin “X3 İnşaat Ticaret” Anonim Şirkətinə ünvanlanan 21.03.2019-cu il tarixli 98749719-250 02 01-E33975 saylı sorğu məktubu və “X3 İnşaat Ticaret” Anonim Şirkətinin sorğuya cavab məktubu təqdim edilmişdir. Bu məktublarla “X3 İnşaat Ticaret” Anonim Şirkəti İddiaçı MMC-dən 8450.000.00 manat vəsaitin təhvil almasını təsdiq etməyinə baxmayaraq, aktda həmin vəsaitin digər şəxsə ödənilmədiyi haqqında həqiqəti əks etməyən fikirlər qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qüvvədə olan qərarına əsəsən "xxxx"ASC ləğv edilmişdir. Bankin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir, yəni, hal-hazırda "xxxx" ASC-nin idarə olunması bankın təsisçiləri tərəfindən deyil, Azərbaycan Respublikasının dövləti tərəfindən həyata keçirilir. Səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının əməkdaşına "xxxx" ASCnin ləğvedicisi, Əmanətlərin Sığortalanması Fondunun, İddiaçı MMC-yə kredit borcunun ödənilməsi tələbi ilə ünvanladığı 27.11.2018-ci il tarixli **********626 saylı məktub təqdim olunmasına baxmayaraq, kreditin qaytarılmaması və beləliklə də həmin məbləğin müəssisənin gəlirinə aid edilməsi haqqında hüquqi əsası olmayan müddəa aktda qeyd edilmişdir. Məlumunuz olduğu kimi, vergi tutma məqsədləri üçün hüquqi şəxsin gəlirləri Vergi Məcəlləsinin 9 və 10-cu fəsillərinin müddəalarına əsasən müəyyən olunur. Bu fəsillərə aid olan maddələrdə müəssisənin aldığı, qaytara bilmədiyi və müvafiq qaydada qaytarılması tələb olunan kreditlərin müəssisənin gəlirlərinə aid edilməsi nəzərdə tutulmamışdır. Aktda müəssisənin gəlirləri müəyyən edilərkən heç bir hüquqi əsası olmayan mülahizələrə yol verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Onu da qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Vergi məcəlləsinin -Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi adlanan Vİ fəsli və həmin fəsilə daxil olan 62-64-cü maddələrindəki -Vergi orqanlarının aktlarından şikayət verilə biləcəyinə dair normalar inzibati icraat qanunvericiliyi nəzərə alınmaqla məhdudlaşdırıcı təfsir edilməli, vergi orqanlarının yalnız-inzibati akt mahiyyətində olan, barəsində tərtib edilən şəxs üçün hər hansı hüquqi nəticələr yaradan aktlarından şikayət verilə biləcəyi kimi başa düşülməlidir. Belə ki, həmin Məcəllənin 64-cü maddəsinə görə vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2021 saylı 24 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmənin cavabdeh inzibati orqanının qəbul etdiyi qərarın hüquqi əsaslarını araşdırmadan iddianın rədd edilməsi qənaətinə gəlməsi çox təəssüf doğurur. Çünki hazırki məhkəmə qərarı əgər qüvvədə qalarsa hüquq sistemimizin adına yaraşmayacaq və bütün sahibkarları silkələyəcək bir məhkəmə presidentinə çevriləcək. Çox təəssüflər olsun ki, bütün məhkəmə prosesləri dövründə hakimə qəbul edəcəyi qərarın dövlət adından çıxarıldığını və bu məsələdə çox həssas olmağını xahiş edirlər. Hakim isə qəbul etdiyi qərarın məsuliyyətini nəzərə almadı. Çünki bu qərarın mahiyyəti ondadır ki, istənilən fiziki və hüquqi şəxsin bankdan götürdüyü kredit borcuna görə ona mənfəət vergisi hesablanacaq. Qısası məhkəmənin gəldiyi nəticə ilə kredit borcu gəlir sayılır və vergitutma obyekti olaraq həmin gəlirdən mənfəət hesablanmalıdır. Görəsən nə vaxtdan kredit borcu (borc deyilir adından da göründüyü kimi) gəlir sayılır? Məhkəmə etdiyi qanunsuzluqlara əsaslandırmasını belə gətirə bilmir. İzah edə bilmir ki, əgər kredit borcu gəlir sayılırsa onda bəs kredit banka qaytarılanda hansı mənbədən gəlir olacaq? Məhkəmənin məntiqi ilə kredit borcunu banka qaytarıb qurtarana qədər gəlir sayılır və vergi tutulmalıldır. Qaytarıldıqdan sonra isə izah verə bilmir ...Axı izahı olmayan bir qanunusluğa bu cür don geyindirilə bilməz. Bəlkə də məhkəmə qeyd etsəydi ki, kredit borcu əgər müəyyən olunsa ki, məhkəmə tərəfindən iddia müddəti ötdüyünə və ya hər hansı səbəbdən geri qaytarılmayaraq müəssisənin balansında qalarsa, bəli o halda həmin kredit borcu artıq gəlirdir. Əgər bu hal yoxdursa qaytarılacaq kredit borcu heç vaxt gəlir sayıla bilməz və vergiyə cəlb oluna bilməz. Bu bir aksiomdur. Çox və çox təəssüflər olsun ki, məhkəmə bu adi aksiomu nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC-nin "xxxx" ASC-dən götürdüyü 8450000.00 manat kredit məbləği, İddiaçı MMC ilə "xxxx" ASC-nin qarşılıqlı surətdə asılı şəxslər olduğu, İddiaçı MMC tərəfindən həmin məbləğin Türkiyə Respublikasına müvafiq müəssisəsinə ödənilmədiyi və eləcə də, müəssisə tərəfindən götürülmüş kreditin qaytarılmaması həmin kredit məbləğinin müəssisənin gəlirlərinə aid edilmişdir və düzgün olaraq vergi orqanı həmin kredit borcuna mənfəət hesablamışdır. Hesab edir ki, məhkəmənin işin əsl mahiyyətini kənara qoyub aidiyyəti olmayan mülahizələri əsaslı bilməsi yolverilməzdir. Çünki bir daha təkrarən qeyd edir ki, işin əsası bankdan götürdükləri kreditə görə vergi hesablanmasının yolverilməzliyidir. Məhkəmə isə bunu çox maraqlıdır gizlətmək üçün guya bankla Şirkətin qarşılıqlı əlaqəli şəxslər olduğundan həmin kreditin əslində kredit deyil də qaytarılmayan pul hədiyyəsidir və banka heç vaxt həmin pul vəsaiti geri qayıtmayacaq. Eləcə də həmin kredit təyinatı üzrə istifadə edilməyib və pul Türkiyədəki Şirkətə köçürülməyib. Məhkəmənin bu cür qanunsuzluqlara getməsi nəinki təəssüf eləcə də sahibkarları əsası oldu-olmadı məhv etmək məqsədi daşıyır. Axı məhkəmə olaraq hakim işin mahiyyətinin kreditdən təyinatı üzrə istifadə edilib-edilməməsi, Şirkətin ünvanının hansısa şəxsin qeydiyyat ünvanı ilə eyni olmasının qarşılıqlı əlaqəli şəxs olması və həmin pul vəsaitinin kredit olmaması deməyə heç bir hüquqi əsas vermir. Eləcə də bu cür yanaşma bizim məhkəmə sistemimizə yaraşmır. Biz məhkəmədən daim ədalətli və qanuni qərar gözləyirik. Ancaq məhkəmənin bu cür qanunsuz qərarı bizim məhkəmə sisteminə olan inamımızı sarsıdır. Həmin vəsait kredit borcu olaraq bankdan götürülüb və bank tərəfindən də məhkəməyə verilərək kredit borcu geri istənilib. Həmin kreditlər üzrə vergi orqanının istinad etdiyi kimi heç bir iddia müddəti ötməyib. Kredit borcunun tutulması ilə bankın ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun və məhkəmənin mövqeyi vardır. Kredit borcunun guya qarşılıqlı şəxslər olaraq əslində hədiyyə olması ən azı gülünc doğurur. Həmin pul vəsaiti təyinatı üzrə istifadə edilib və pul vəsaiti Türkiyədəki Şirkətin nümayəndəsi tərəfindən qəbul olunub. Əslində hüququ mahiyyətlə heç həmin pul vəsaitinin heç kimə lap verilməməsi (seyfdə saxlanması) və təyinatı üzrə bir anlıq deyək ki, istifadə edilməməsinin hazırki mübahisələndirilən qərara nə aidiyyəti var? Axı məhkəmə yaxşı bilir ki, onlara vergi nəyə əsasən hesablanıb. Vergi orqanı hesab edib ki, o pul vəsaitini üzrə kredit müqaviləsinin müddəti və eləcə də iddia müddəti ötüb və ona görə həmin kredit borcu müəssisənin gəliri kimi mənfəət hesablanıb. Məhkəmə məhz bu halı hüquqi aydınlaşdırılmalı olduğu halda buna baxmır ancaq əsası olmayan mülahizələrə istinad edir. Başqa bir halda dəfələrlə aidiyyəti olmasa da hətta qərarı belə göstərərək həmin kreditin təyinatı üzrə istifadə edilməsinin qanunauyğun olması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırıldığını və cinayət təqibindən imtina olunduğunu qeyd etsə də məhkəmə bütün bunları heçə sayıb yenə də qərarda qeyd edir ki, kredit təyinatı üzrə istifadə edilmiyib. Bu hallar qəti yolverilməzdir. Nəzərə çatdirmaq istəyirlər ki Bakı Kommersiya məhkəməsinin 2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin “kredit borcunun və faizinin qaytarılmasına” dair iddia tələbi təmin edilərək 14 iyun 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2.500.000 (iki milyon beş yüz min) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 (üç yüz səksən üç min altı yüz əlli yeddi manat yetmiş beş qəpik) manat faiz borcu, 179.690,84 (yüz yetmiş doqquz min altı yüz doxsan manat səksən dörd qəpik) manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 (doxsan beş min yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, cəmi 3158486,87 (üç milyon yüz əlli səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Məhz hazırki qətnamə iş materiallarında olan digər sübutlarla birbaşa bank tərəfindən bankdan götürülmüş kreditin geri tələb edildiyinin (hədiyyə olmadığı) və kredit borcunun MMC-nin heç bir halda gəliri hesab olunmasının yolverilməzliyinin əyani sübutudur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin çıxarışından görünür ki, İddiaçı 14.01.2016-cı il tarixdə qeydiyyata alınaraq № ********** saylı vöen verilmişdir. İş materiallarında olan 10.04.2018-ci il tarixli **********146866 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərardan görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016-fevral 2018-ci il vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC-nin 01.01.2016-01.03.2018-ci il vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Kroun Klub LTD1 MMC-də 01.01.2016-cı il tarixdən 28.02.2018-ci il tarixədək olan dövr əhatə edilməklə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri 04.10.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən vergi orqanına bəyannamə təqdim edilməməklə, 2016-cı il üzrə külli miqdar təşkil edən 1690000,00 manat məbləğində mənfəət vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Fakt üzrə 04 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 22.07.2020-ci il tarixli növbədənkənar səyyar vergi yoxlanılmasının keçirilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC-də 01.01.2016-cı il tarixdən 01.06.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla yaranmış vergi öhdəliklərinin və vergi borclarının dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 12.08.2020-ci il tarixli, **********138914 saylı Qərardan görünür ki, İddiaçı üzrə VM-nin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə yanvar 2016-may 2020 vergi dövrü, o cümlədən yenidən yoxlama ilə əhatə olunan yanvar 2016-fevral 2018 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5-1-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmədiyindən qeyd olunan səyyar vergi yoxlaması Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 17.08.2020-ci il tarixli **********139052 saylı tələbnamədən görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün İddiaçı MMC-dən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələri rəhbər tutularaq zəruri sənədlər tələb edilmişdir. İş materiallarında olan “Səyyar vergi yoxlaması” haqqında 18 sentyabr 2020-ci il tarixli, **********139029 saylı aktın surətindən görünür ki, Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016- may 2020 vergi dövrləri üzrə səyyar vergi yoxlanılması keçirilmiş və yoxlama zamanı iddiaçının vergidən yayınması aşkar olunmuşdur. Həmin akta əsasən, 2016-cı il dövr üzrə 1690.000,00 manat məbləğində mənfəət vergisi artıq hesablanmışdır və 2019-cu il dövr üzrə 1694500,00 manat məbləğində mənfəət vergisi azaldılmışdır. Vergi qanunvericiliyinin pozulmasına görə cəmiyyətə VM-nin 57-ci maddəsinə əsasən 40,00 manat, 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 1694.500,00 manat məbləğinin azaldılmasına görə 847.250,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.10.2020-cu il tarixli № **********141010 saylı qərarının surətindən görünür ki, İddiaçı MMC-yə 2019-cu il dövr üzrə mənfəət vergisi üzrə 1694500.00 manat əlavə vergi məbləğinin hesablanması və 847250,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyanın tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” barədə **********243700 saylı Tələbnamədən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 23.10.2020-cu il tarixli **********141010 saylı qərar əsasında hesablanmış 4500,00 əlavə hesablanmış vergilər, 2290 manat maliyyə sanksiyalarının, ümumilikdə 6790.00 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən qəbul edilmiş 04 fevral 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarına əsasən İddiaçı MMC-də 1690000,00 manat məbləğində, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödənilməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanması və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırmanın aparılması qərara alınmışdır. İş materiallarında olan KredoBank ASC-i ilə İddiaçı MMC arasında bağlanmış 110 saylı 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən xaricdə turizmin inkişafı (otellərin bron edilməsi) məqsədi ilə Borcalana ******* (iki milyon beş yüz min) AZN məbləğində kredit vermişdir. Kredit müqaviləsinin müddəti 14.06.2019-cu ilədək müəyyən edilmişdir. İş materiallarında olan KredoBank ASC-i ilə İddiaçı MMC arasında bağlanmış 110/1 saylı 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən xaricdə turizmin inkişafı (otellərin bron edilməsi) məqsədi ilə Borcalana ******* (altı milyon) AZN məbləğində kreditin verməsini öhdəsinə götürüb. Kredit müqaviləsinin müddəti 02.07.2019-cu ilədək müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ******* (iki milyon beş yüz min) və 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ******* (altı milyon) AZN məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü mərtəbə və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 12500000 (on iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-nin Mərkəz filialı ilə İddiaçı MMC arasında bağlanılan 14.06.2016-cı il tarixli 110 nömrəli və 02.07.2016-cı il tarixli 110/1 nömrəli kredit müqavilələrinə əsasən müəssisə tərəfindən xaricdə turizmin inkişafı məqsədilə 2.500.000,00 manat və 6.000.000,00 manat, ümümilikdə 8.500.000,00 manat məbləğdə 3 (üç) illik müddətinə kredit götürülmüşdür. Kreditin təyinatı xaricdə turizmin inkişafı ilə bağlı olmuşdur. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarında MMC-nin bankdan götürdüyü kreditləri müəssisənin satışdankənar gəliri kimi qiymətləndirmiş və vergi orqanı turizmin inkişafı üçün götürülmüş 8.472.500,00 manat (ümumi 8.500.000,00 manat kredit məbləğindən 27.500,00 manat bank faizi çıxılmaqla) kreditin geri qaytarılması ilə bağlı hər hansı bir ödənişin olmamasını əsas gətirərək kredit borcunu vergiyə cəlb etmişdir. İlk öncə 110 saylı 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2500000,00 manat götürülmüş kreditə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin kredit borcuna görə MMC-nin satışdankənar gəliri kimi hesab oluna bilməz. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2021 saylı 03.03.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdeh "Kroun Klub LTD” MMC-dən 14 iyun 2016-ci il tarixli 110 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş ******* (iki milyon beş yüz min) manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 383.657,75 (üç yüz səksən üç min altı yüz əlli yeddi manat yetmiş beş qəpik) manat faiz borcu, 179.690,84 (yüz yetmiş doqquz min altı yüz doxsan manat səksən dörd qəpik) manat müqavilə üzrə borcun gecikdirilməyınə görə hesablanan və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla 95138,28 (doxsan beş min yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc olmaqla, cəmi 3158486,87 (üç milyon yüz əlli səkkiz min dörd yüz səksən altı manat səksən yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi vergi orqanının MMC-nin satışdankənar gəliri kimi hesab etdiyi ******* manat kredit borcunun tutulması barədə artıq məhkəmə qətnaməsi mövcuddur. Digər müqavilə üzrə götürülmüş 6.000.000,00 manat kredit borcunun ödənilməməsinə görə satışdankənar gəlir hesab edilməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 02.07.2019-cu ilədək müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia müddəti isə müqavilənin müddəti başa çatdıqdan 3 il sonra, yəni 02.07.2022-ci ildə başa çatır. Vergi Məcəlləsinin 13.2.12 maddəsinə əsasən gəlirə – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir aiddir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Qeyd olunan normadan da göründüyü kimi iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab olunur. Hazırki işdən isə görünür ki, kreditin tələb olunma müddəti qanunvericiliyə müvafiq 02.07.2022-ci il tarixdə başa çatdığından, iddia müddəti keçməmişdir. Həmçinin iş materiallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu borcdan imtina etməmiş və ******* (altı milyon) AZN üzrə bağlanmış kredit müqaviləsi üzrə borcu tələb edir. (İş İ cild, səh. 23, 141) Belə ki, Ləğv prosesində olan “Kredobank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi Departamenti tərəfindən İddiaçı MMCyə ünvanlanmış 27 noyabr 2018-ci il tarixli № **********1626 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə "Kroun Klub LTD” MMC arasında bağlanan 02.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Borc alana ******* (altı milyon) AZN məbləğində illik 9% olmaqla 36 (otuz altı) ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan LPO "xxxx"-a kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq LPO "xxxx" ASC-yə olan əsas və faiz, borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. 27.11.2018-ci il tarixədək hesablanmış 6000000,00 (altı milyon) AZN əsas 1297500,26 (bir milyon iki yüz doxsan yeddi min beş yüz manat, iyirmi altı qəpik) AZN məbləğində faiz borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" ASC-yə tam ödəməyi tələb olunmuşdur. Borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacaqdır Məhkəməyə müraciət olunduğu zaman əsas borc və faiz borcu ilə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün cərimələr də hesablanmaqla dəbbə pulunun ödənilməsi də tələb olunacağı qeyd edilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ******* (iki milyon beş yüz min) və 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən ******* (altı milyon) AZN məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. "xxxx" MMC-ə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü mərtəbə və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 12500000 (on iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan kredit müqavilələri üzrə tələb olunan borc satışdankənar gəlir kimi hesab oluna bilməz. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin hüquqi ünvanı olan AZ1044, ünvan 2 47də yerləşən yaşayış evinin "Kredobank” ASC-nin təsisçisi Vəkilov Müşfiq İsa oğlunun atası Vəkilov İsa Teymur oğluna məxsus olması müəyyən edilmişdir. Bu da yoxlama ilə İddiaçı MMC ilə "xxxx" ASC-nin Vergi Məcəlləsinin 13.2.7-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs kimi qiymətləndirilməsinə gətirib çıxartmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər - aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; 18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC-nin hüquqi ünvanı olan AZ1044, ünvan 2 47-də yerləşən yaşayış evinin "Kredobank” ASC-nin təsisçisi Vəkilov Müşfiq İsa oğlunun atası Vəkilov İsa Teymur oğluna məxsus olması Vergi Məcəllənin 18.2-ci maddəsinə əsasən onlar arasında hər hansı qarşılıqlı surətdə asılılıq olması müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə görə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə düşür. Eyni zamanda, həmin Məcəllənin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. “İnzibati icraat haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2021 saylı 24 may 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 23 oktyabr 2020-ci il tarixli **********141010 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə Qərarın ləğv edilməsi və qərara əsasən hesablanmış vergi borclarının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar