Məhkəmə qərarları › İş №2-1(103)-1965/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1965/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1965/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2- 1(112)-9576/2021 nömrəli qərarından üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət, sahəsi 210 kv.m olan 46 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş, tamamlama-abadlıq işləri bina sakinlərinin təsis etdikləri «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən sona çatdırıldıqdan sonra bina sakinlərin istifadəsinə verilmişdir. Hazırda həmin çoxmərtəbəli yaşayış binası «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin idarəetməsindədir. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində 210 kv.m ölçüsündə 4 otaqlı, 46 saylı mənzil iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 13 sentyabr 2013-cü il tarixli 90 saylı müqavilə əsasında Podratçı "xxxx" MMC tərəfindən inşa edilərək iddiaçıya verilmiş, əvəzində isə iddiaçı tərəfindən mənzilin müqavilə üzrə razılaşdırılmış dəyəri olan 231.000 (iki yüz otuz bir min) manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 13 sentyabr 2013-cü il tarixli 90 saylı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 210 kv.m ölçüsündə 4 otaqlı 46 saylı mənzilin tikilib iddiaçıya təhvil verilməsi, əvəzində iddiaçı tərəfindən mənzilin dəyərinin "xxxx" MMC-yə ödənilməsi məqsədilə bağlanmışdır. AXU № 93 saylı 13 sentyabr 2013-cü il tarixli kassa mədaxil orderinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, həmin mənzilə görə iddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 231.000 (iki yüz otuz bir min) manat pul ödənilmişdir. Beləliklə, istinad edilən müqavilədən və kassa mədaxil orderindən göründüyü kimi iddiaçı "xxxx" MTK ilə "xxxx" MMC arasında 05 mart 2006-cı il tarixdə bağlanmış «Müştərək fəaliyyət üçün razılaşdırma» müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş, «Nəsimi 19» Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən tamamlama-abadlıq işləri görüldükdən sonra istismarına icazə alınmış çoxmərtəbəli yaşayış binasının 46 saylı mənzilinin sahibidir. «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş 246 saylı 09 dekabr 2019-cu il tarixli İcazəyə əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(112)-9576/2021 nömrəli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-9576/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan üçüncü şəxs "xxxx" MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyev a küçəsi, 717 məhəllə inşa edilmiş çoxmərtəbəli yaşayış bina bütünlüklə "xxxx" MTK-ə məxsusdur və iddiaçının podratçı "xxxx" MMC-i ilə mübahisəli mənzilə dair bağlanılmış müqavilə tam əhəmiyyətsizdir. Bütün bu hallar tərəflərindən təqdim olunmuş sənədlərlə tam sübut olunur, lakin birinci instansiya məhkəməsi birtərəfli mövqe tutmuş, heç bir araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış bina bütövlüklə "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Daha sonra təqdim etdikləri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli **********141100 №-li məktubunda göstərilmişdir ki, "xxxx" MMC 24 iyun 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə qanuni təmsilçisi X3 olmuş, idarədə reyestr məlumatlarına əsasən Cəmiyyətin qanuni təmsilçisi isə halhazırda X4r. İddiaçı tərəfindən təqdim edilmiş 13 sentyabr 2013-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru kimi imza edən Çingiz Məmmədov olmuş, hansı ki, "xxxx" MMC-ə heç bir aidiyyəti olmamışdır. Lakin, məhkəmə bu halı nəzərə almamışdır. Bundan başqa tərəflərindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, 05 mart 2006-cı il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin: 1.1-ci bənd - «sifarişçimin tapşırığı ilə «podratçı» öz vəsaiti və riski ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 237 NQ-U 12 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən ünvan 4dəki qeyri yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1-bloklu, 16 mərtəbəli, ümumi sahəsini 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m., yaşayış binası və 3220 kv.m. ticarət obyektinin inşa edilməsi öhdəsinə götürmüş, «sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan «obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «podratçı»ya təhvil verməyə öhdəsinə götürmüşdür. 3.1.14-cü bənd - mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır. Həmin müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK-i tərəfindən bağlanmalıdır. Lakin, məhkəmə "xxxx" MMC-nin də mənzillərin satılmasının hüququna malik olduğu nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmənin icraatında olan oxşar işi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərmiş və həmin sorğuya 15 mart 2021-ci il tarixli XO-xxxx-2021-01230 №-li məktubu ilə cavab verilmiş, hansında ki, qeyd olunmuşdur ki, ünvan 3 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş 1 girişli, zirzəmili, çoxmənzilli yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur. Birinci instansiya məhkəməsi işdə olan sənədləri yalnız iddiaçının xeyrinə izah vermiş, İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzillərin tikintisi haqqında 13 sentyabr 2013-cü il tarixli 90 №-li bağlanmış müqaviləni, həmin müqavilə üzrə mənzilin dəyərini ödədiyini əsas gətirərək, öz qərarını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandıraraq iddia tələbini təmin etmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə tam səhvdir. Yuxarıda qeyd etdikləri kimi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+ (mansarda) mərtəbəli yaşayış binanın "xxxx" Mənzil Tikinti Kooperativə məxsus olduğu və binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına mənzillərin satmasına heç bir ixtiyarı olmamışdır. Ona görə də hesab edirlər ki, məhkəmə əsas gətirdiyi İddiaçı "xxxx" MMC-i arasında çoxmənzilli yaşayış binasında fərdi mənzilin tikintisi haqqında 13 sentyabr 2013-cü il tarixli bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa İddiaçı "xxxx" MTK-nin üzvü olmamış, MTK-i ilə müqavilə bağlamamış və mənzillərin dəyərini kooperativə ödəməmişdir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-i ilə 13 sentyabr 2013-cü il tarixdə bağlanılmış müqavilə hər hansı qaydada mübahisələndirmədiyindən qüvvədədir və hazır ki iş üzrə mötəbər sübut qismində qiymətləndirilməlidir. Hesab edirlər ki, məhkəmə bu halda da səhv nəticəyə gəlmişdir. Tərəflərindən təqdim olunmuş və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmə istinad etdiyi müqavilə özü-özlüyündə etibarsızdır. Bundan başqa İddiaçı "xxxx" MMC-i arasında mübahisəli mənzilə dair bağlanılan müqavilədə "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imza etmişdir. Halbuki, həmin şəxsin "xxxx" MMC-ə aidiyyəti olmamışdır. Bu hal yuxarıda qeyd etdiyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 mart 2021-ci il tarixli məktubu ilə təsdiq edilir, hansında ki, "xxxx" MMC-nin qanuni təmsilçisinin kim olduğu qeyd olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşdə olan bütün sənədlərdən məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 + (mansarda) mərtəbəli yaşayış bina bütünlüklə "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur və iş üzrə İddiaçı həmin MTK-nin üzvü olmamış və MTK-ə pay haqqı ödəməmişdir. İddiaçının ödədiyi pul "xxxx" MMC-ə ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi və işdə olan sənədlərdən də məlum olur ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 112.1 və 113.3-cü maddələri hazır ki mübahisəyə səhv tətbiq edilmişdir. İş materiallarından konkret olaraq qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış bina "xxxx" Mənzil-Tikinti Kooperativə məxsusdur. Belə ki, məhkəməyə təqdim olunmuş məhkəmə qərarlarından məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı 02 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MTK-ə qarşı iddia tələbi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi yoxlanılan «ünvan 4də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m., yaşayış sahəsi 8.022 kv.m. qeyri-yaşayış sahəsi 2.220 kv.m. olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nin tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin» hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia tələbi təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 aprel 2019cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, birinci instansiya məhkəməsi həmin məhkəmə qərarlarını yalnız iddiaçının xeyrinə izah vermişdir. 1-ci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ünvanda yerləşən mübahisəli mənzilin satışından əldən olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsini "xxxx" MMC-ə aid edilmişdir. Halbuki, həmin məhkəmə qərarları ilə birmənalı müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən binanın üzərinə sahiblik, istifadə, sərəncam və s. hüquqları "xxxx" Mənzil Tikinti Kooperativə məxsusdur. Bundan başqa işdə olan 05 mart 2006-cı il tarixli «podryad» müqaviləsinin 1.1 «q» bəndində qeyd olunmuşdur ki, «... xərclər çıxardıqdan sonra qalan xalis gəlir tərəflər arasında 50%-in 50%-ə bərabər olaraq bölünür. Tikinti başlandıqdan 1 ay sonra "xxxx" MMC-nin prezidenti X5 "xxxx" MTK-də 50% paya sahib olması notariat qaydada təsdiq olmalıdır.» Qeyd etmək istəyirlər ki, podratçı müqavilə üzrə olan şərtlərini icra etmədiyi üçün, "xxxx" MTK-i "xxxx" MMC-nin prezidenti İsa Məmmədovun 50% paya sahib olması ilə bağlı heç bir sənəd (müqavilə, ərizə və s.) imzalamamışdır. Eyni zamanda, binanın 50% "xxxx" MMC-nə məxsus olsa idi, bu günə kimi binada olan mənzillər və digər sahələr "xxxx" MTK-i və "xxxx" MMC-i arasında bölünməmiş və mübahisəli olan mənzilin kimin payına düşməsi ilə bağlı heç bir sübut yoxdur. Belə olan halda birinci instansiya məhkəməsi MM-nin 139.1 və 139-1.1.6-cı maddələrinin düzgün təfsir etməmiş və hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+ mansarda) yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət, sahəsi 210 kv.m olan 46 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 4 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı qeyd olunan müqavilələr üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilələrin qanuniliyi və mötəbərliliyi tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilələr hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı həmin müqavilələr üzrə müvafiq mənzillərin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən onlara mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzillərin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, müvafiq mənzillərin yerləşdiyi binanın “istismara icazə” sənədi Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2013-cü il tarixli 90 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində, 4 otaqlı, 46 nömrəli, 210 kv.m mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 231.000 manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AXU seriyalı 93 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli 90 saylı müqavilə üzrə 231.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 46 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Əlavə olaraq bildiririk ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə dair müraciətinizə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Onu da qeyd edək ki, "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi halhazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğundan, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası “Alyans-Z" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatı aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətmamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsasdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTKya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTKya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. İş materiallarından görünür ki, 05 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 9 dekabr 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC). İş materiallarından görünür ki, Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 21 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubunuza baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri "xxxx" MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini birgə idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, tərəfimizdən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsi tərəfindən "xxxx" MMMC-yə ünvanlanmış 28 avqust 2020-ci il tarixli məktubda qeyd olunur: Sizin müraciətiniz əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində "xxxx" MMC əvəzinə "xxxx" MTK oxunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 7 ünvan D.Əliyeva 198) 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından "xxxx" MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış analoji məzmunda müraciətə 21 avqust 2020-ci il tarixli cavab məktubunda "xxxx" MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə 6 dekabr 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA X1 Baş İdarəsinin təqdim olunan 28 avqust 2020-ci il tarixli xx/xx-01251 nömrəli məktubunda bina üzrə 26 iyul 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində "xxxx" MMMC-nin yerinə "xxxx" oxunmalı olduğu bildirilmişdir. 09 dekabr 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı barədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin 1 yanvar 2020-ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə 2 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddiası qismən təmin edilərək, ünvan 4dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə 6 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 4də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə 9 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış xx.xx.2013-cü il tarixli 90 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində, 4 otaqlı, 46 nömrəli, 210 kv.m mənzili tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Kassa mədaxil orderinə və maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə ümumilikdə 231.000 manat pul ödəmişdir, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlınmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edir. Üçüncü şəxs apelyasiya şikayətin əsası kimi "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satılması yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də İddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli 90 nömrəli müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxsin həmin dəlilini əsası hesab etmir və qeyd edir ki, "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podratçı) arasında bağlanmış 2006-cı il 5 mart tarixli müştərək fəaliyyət müqaviləsinin 3.1.12-ci bəndi obyektin tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və ya satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bənd isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırkı halda, iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlanmış, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində, 4 otaqlı, 46 nömrəli, 210 kv.m mənzili tikib iddiaçıya təhvil verməyi, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan yalnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən (əvəzedilməz) əşya olduğundan həmin müqaviləyə alqı-satqı qaydaları tətbiq edilə bilməz (Mülki Məcəllənin 135.7-ci və 752.2-ci maddələri). Podratçı da həmin mənzili özünün əldə etdiyi materiallardan hazırlayaraq həmin mənzilə mülkiyyəti sifarişçiyə (iddiaçıya) vermişdir. Müqavilə tərəfləri onu mübahisələndirmədən icra etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadəsində olan yaşayış binası üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-9576/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar