Məhkəmə qərarları › İş №2-1(103)-1965/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1965/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1965/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-646/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü il tarixli Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən anası X1 adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.m. torpaq sahəsinə dair plan-cizginin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.metr torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi 1994-cü il tarixli Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.metr torpaq sahəsi anası X1 adına ayrılmışdır. Torpaq sahəsi anasına ayrılan gündən faktiki olaraq 30 ilə yaxındır ki, istifadəsindədir. Anası öləndən sonra həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri Cavabdehndən torpaq sahəsinin sxem-planının verilməsini xahiş etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsinin onun adına bugünədək sxem-plan və digər sənədlər verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Cavabdeh bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlanılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdehnə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin “X6” MMC-nin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. İddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-646/2025 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamına əsasən X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2000-ci il tarixli, 94 nömrəli Qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirazında göstərmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin hüdudları daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsinin 44 və 50 metrlik məsafəsində müvafiq olaraq 228 və 878 nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi faktiki olaraq 875 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir.(H.Z.Tağıyev adına NQÇİ) Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 27 may 1994-cü il tarixli, 480/3 sərəncamı ilə iddiaçının anası X1 adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı 875 kv.metr torpaq sahəsinin sərəncama uyğun olaraq yerləşmə cizgisinin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun deyil. İş materiallarından görünür ki: - Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 480/3 nörməli sərəncamının surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.metr torpaq sahəsi X1 adına ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 875 kv.m təşkil edir. Sahə üzərində tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (H.Z.Tağıyev adına NQÇİ). Sahə “yaşayış məntəqələrinin torpaqları“ kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahədən 53-55-67 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Sahə qonşu sahə ilə bir hasar daxilindədir. Bundan əlavə, sahənin qeydiyyatı barədə bazada məlumat aşkar olunmamışdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 27 may 1994-cü il tarixli, 480/3 sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.metr torpaq sahəsi X3 ayrılmışdır. 11 iyun 2015-ci il tarixli, AZ-İ 733545 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 01 may 2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 31 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2015-ci ildə ölmüş X1 adına vərəsəlik işi açılmışdır və o, vərəsə kimi tanınmışdır. Hazırda İddiaçı X1 vərəsəsi olaraq torpaq sahəsinin planı və ölçü sxeminin tərtib edilərək ona verilməsini xahiş edir. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasına istinad edərək imtina etmişdir. Arxiv məlumatlarına əsasən qeyd olunan qərara yerləşmə cizgisi əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 27 may 1994-cü il tarixli, 480/3 sərəncamı ilə iddiaçının mərhum anasının istifadəsinə verilmiş torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə anasına verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin anasına təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. -10-cu maddəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... -29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçının anasına torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin 27 may 1994-cü il tarixli, 480/3 sərəncamı ilə X3 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 488 saylı, 875 kv.metr torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2-1(112)-646/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar